Əlaqə Arxiv
news Image
2020.04.14
10:59
| A A A
İqtisadiyyatın xilasına dövlət daha çox dəstək verəcək
Böhran dövründə dövlət dəstəyinin artması iqtisadiyyatı tənəzzüldən xilas edir

Böhran dövründə iqtisadiyyatların durğunluq vəziyyətindən daha tez və tam şəkildə çıxa bilməsi üçün dövlət dəstəyinə böyük ehtiyac yaranır. Bu dövrdə dövlət birbaşa maliyyə yardımları və tətbiq etdiyi vergi güzəştləri hesabına özəl sektora dəstək verir. Azərbaycan hökuməti də dövlət dəstəyinin əhəmiyyətini nəzərə alaraq iqtisadi subyektləri, o cümlədən kiçik sahibkarları və ev təsərrüfatlarını maliyyə dəstəyi ilə təmin edəcək. Artıq hökumət ilkin maliyyə dəstəyi formalarını açıqlayıb.  

İlkin dəstək proqramına əsasən, sahibkarlar və ev təsərrüfatları 2,5 milyard manat maliyyə dəstəyi alacaq. Bunun 1,5 milyard  manatı banklara, qalanı kiçik sahibkarlara və ev təsərrüfatlarına veriləcək. Eyni zamanda çoxsaylı vergi tətillərinin tətbiqi nəzərdə tutulub.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi olacaq. Bu dəstəyin dəyərin 500 milyon manat səviyyəsində qiymətləndirilir. Dövlət yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə zəmanət verəcək. Zəmanət ala bilmək üçün kreditlərin maksimal faiz dərəcəsi 15%-dən yuxarı olmamalı, kreditlərin müddəti 3 ili ötməməlidir.

Zəmanət verilən kreditlər üzrə faizlərin yarısı (15%-in 7,5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq. Vəsait Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitin ayrılmasına zəmin yaradır.

Digər bir proqrama əsasən pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət veriləcək. Bu məqsədlə 1 milyard manat dəstək nəzərdə tutulub. Proqrama əsasən, dövlət zəmanəti olmayan həcmi 1 milyard manat olan mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması (kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq) planlaşdırılır. Bunun üçün xüsusi vəsait ayrılacaq. Subsidiyalaşmanın Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Bunlarla yanaşı karantinlə əlaqədar bağlanan iş yerlərində çalışan əmək müqaviləsi olan muzdlu işçilərin də maaşı dövlət hesabına ödəniləcək.

Hökumət hesab edir ki, bu kimi tədbirlər iqtisadi artıma ciddi dəstək olacaq.

Pandemiyanın yaratdığı iqtisadi çətinliklərlə bağlı dövlətin dəstəyinin bir qədər də artırılması mümkündür. Bunun Prezident İlham Əliyev Türk Şurasının videokonfrans vasitəsilə keçirilmiş fövqəladə Zirvə görüşündə bildirib.

Prezident deyib ki, Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və yaxud təqribən 1,5 milyard ABŞ dolları vəsait ayrılıb. Dövlət başçısı söyləyib ki, pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlayıb və təsdiq edib. Prezident planın tərkib hissəsi haqqında danışıb: “Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, görərik ki, 600 minə yaxın insan bu vəziyyətdən daha çox əziyyət çəkir. Sahibkarlara müraciət olunub ki, iş yerləri ixtisar edilməsin. 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaqdır. Bu proqramlar ümumilikdə 600 minə yaxın insanı əhatə edir. Ümumilikdə dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib.

İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaq. Qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələrə başlanıb.

Banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat və yaxud təqribən 300 milyon dollar kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək. Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq. Dövlət zəmanəti olmayan 1 milyard manat, təqribən 600 milyon dollar həcmində mövcud bank kreditləri üzrə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaq. Bunun üçün dövlət büdcəsindən 50 milyon manat və yaxud təqribən 30 milyon dollar vəsait ayrılıb”.

Prezident söyləyib ki, bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır.

Dövlət başçısının bildirdiklərini də nəzərə alaraq deyə bilərik ki, pandemiyanın yaratdığı neqativ təsirləri zəiflətmək üçün iqtisadiyyata dövlət dəstəyi 2,5 milyard manatı ötəcək. Dövlət dəstəyinin çox olması iqtisadiyyatın postpandemiya dövründə yenidən artım əldə edə bilməsini xeyli asanlaşdıracaq. Çünki iqtisadi inkişafda əsas faktor tələb amili ilə bağlıdır. Əgər tələbdə ciddi zəifləmə baş verməsə, 2020-ci ildə də iqtisadi böyümə davam edəcək. Əks halda, yəni tələb xeyli azalarsa, iqtisadi böyümə, iqtisadi tənəzzüllə əvəzlənəcək. Bunun baş verməməsi üçün hökmən sərmayə qoyuluşu artmalı, iqtisadiyyatın və ev təsərrüfatlarının xərcləmək üçün vəsaiti olmalıdır. Karantinlə əlaqədar olaraq vəsait əldə etmək çətinləşdiyindən dövlət sahibkarlara və əhaliyə maliyyə dəstəyi göstərir. Bu dəstək çox faydalıdır və biz bunun əhəmiyyətini qarşıdakı aylarda hiss edəcəyik.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz