Əlaqə Arxiv
news Image
2020.04.21
10:35
| A A A
Dollar əmanətlərinin sığortalanmasının dayandırılması aktuallaşır
Əkrəm Həsənov: “Azərbaycan dövləti başqa valyutada olan əmanətə görə təminat verməməlidir”

Azərbaycanda mart ayında dollara kəskin tələbin artmasından sonra son günlərdə dollara tələb xeyli azalıb. Hər həftə Mərkəzi Bankın təşkil etdiyi hərracların da nəticəsi göstərir ki, dollara tələb böyük deyil və martda yaranan ajiotaj aradan qalxıb.

Bu il ARDNF dövlət büdcəsinə transfert üçün məzənnə 1,7 səviyyəsində qalmaq şərti ilə 6,8 milyard dollar satmalıdır. İlin birinci rübündə keçirilən valyuta hərraclarında 2,761 milyard dollar satılıb. ARDNF yanvarda 300,2 milyon dollar, fevralda 543,4 milyon dollar satıb. Yanvar-fevralda ümumilikdə 843,6 milyon dollar satılıb.

Dollara ən böyük tələb mart ayında olub. Mart ayında dollar ajiotajı yaranıb və dollar alışı fevral ayına nisbətən 3,52 dəfə artıb. Ötən ay 9 hərrac keçirilib və bu hərraclarda 1 milyard 917 milyon dollardan çox vəsait satılıb.

Birinci hərrac martın 5-də keçirilib. Bu hərracda 257 milyon dollar, martın 10-da keçirilən hərracda 323,2 milyon dollar, martın 11-də olan hərracda 155 milyon dollar, martın 12-da keçirilən hərracda 220,8 milyon dollar, martın 13-də olan hərracda 265,2 milyon dollar, martın 17-də təşkil edilən hərracda 250,3 milyon dollar, martın 19-da olan hərracda 243,7 milyon dollar, martın 29-da keçirilən hərracda 106,5 milyon dollar, nəhayət, martın 31-də keçirilən son hərracda 95,6 milyon dollar alınıb.

Apreldə keçirilən hərraclarda dollara tələb daha da aşağı enib. Aprelin 2-də olan ilk hərracda 74,6 milyon dollar, aprelin 7-də keçirilən hərracda 67,2 milyon dollar, ayın 9-da baç tutan hərracda 55 milyon dollar, aprelin 14-də olan hərracda 56,5 milyon dollar, aprelin 16-da baş tutan hərracda 53 milyon dollar satılıb. Bu ayda indiyə qədər 5 hərrac keçirilib və burada ümumilikdə 306,3 milyon dollar satılıb. Mövcud tələb səviyyəsi qalarsa apreldə dollar alışı 400-420 milyon dollar səviyyəsində olacaq ki, bu da normal tələb səviyyəsi hesab edilə bilər.

Amma dollara tələbin apreldə yenidən azalmasına arxayın olmaq da lazım deyil. Əgər neft qiymətləri proqnozlaşdırıldığı kimi iyun ayından sonra yüksəlməsə, o halda dollara olan aşağı tələbi belə ödəmək çətin olacaq. Aşağı neft qiymətləri şəraitində dollara olan aylıq 350-500 milyonluq tələbin ödənilməsi məqsədilə Neft Fondunun aylıq gəlirləri kifayət etməyəcək və məcbur olub yığımlarından istifadə ediləcək. Bu, qısa müddətli dövrdə zərər verməsə də uzunmüddətli dövrdə zərərli olacaq.

Bəzi ekspertlər belə vəziyyətdə dollara olan tələbi zəiflətmək üçün daxili əməliyyatlarda dollardan istifadənin məhdudlaşdırılmasını tövsiyə edir. Bu məqsədlə banklarda saxlanılan dollarla ifadə olunan depozitlərin sığortalanmasının dayandırılması və dolların bank sektorunda dövriyyəsinin məhdudlaşdırılması məsləhət görülür.

Bəs, bu cür tədbirlər dollara olan tələbi daha da zəiflədə bilərmi?

Maliyyə-bank sahəsi üzrə ekspert Əkrəm Həsənov da hesab edir ki, xarici valyutada olan əmanətlər sığortalanmamalıdır. “2016-cı ildə “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qəbul ediləndə bununla bağlı öz fikrimi bildirmişəm”, - deyən ekspert söylədi ki, bir dövlət öz valyutasında olmayan əmanətə təminat verməməlidir: “Axı, Azərbaycan dövləti nəyə görə başqa valyutada olan əmanətə təminat verməlidir? Dövlət yalnız milli valyutada olan əmanətlərə təminat verməlidir. Düzdür, sanki mənim təklifimi nəzərə alaraq dollarda olan əmanətlər üzrə maksimum sığorta faizini xeyli endirdilər. O vaxta qədər dollar və manatla qoyulan əmanətlərə eyni sığorta faizi tətbiq olunurdu. Mən bu gün də hesab edirəm ki, xarici valyutada əmanətlərin sığortalanmasına ehtiyac yoxdur”.

Ə.Həsənov hesab edir ki, hazırda dollarla olan əmanətlərin sığortalanması dayandırılsa, manatla yığımlar artmayacaq: “Bankda əmanət saxlayanlar pullarına təminat almaq üçün manata dəyişə bilərlər. Sığortalı saxlama manatla yığımları təşviq edəcək. Bu böhrandan əvvəl edilsəydi, effekt verəcəkdi. Ancaq indi təsiri olmayacaq. Çünki insanlarda devalvasiyanın olacağına dair inam var və ona görə də dollarla yığmlarını saxlayırlar”.   

O, dollarla digər əməliyyatlara məhdudiyyət gətirilməsini isə doğru hesab etmir: “Bu iqtisadi dövriyyədən xeyli pulun çıxarılmasına səbəb ola bilər. Dollara tələbin tənzimlənməsi üçün hökmən üzən məzənnə olmalıdır. Azərbaycan üzən məzənnəyə keçməyənə qədər belə maliyyə şokları ilə üzləşəcək”.   

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz