Əlaqə Arxiv
news Image
2020.04.22
15:53
| A A A
Elektrik enerjisi istehsalına yeni investisiya axını başlanır

Natiq Cəfərli: “Azərbaycanın kifayət qədər potensialı var ki, həm enerji sektoruna, həm də elektrik enerjisi sahəsinə investorlar cəlb etsin” Fuad İbrahimov: “İnvestisiya cəlbi ölkəmizdə bu sahədə inkişafa xidmət edəcək ciddi yeniliklərə gətirib çıxaracaq” “Xarici investorları mən, ilk növbədə, yeni stansiyalara yönəltmək istəyirəm. Gəlsinlər pul qoysunlar. Yoxsa hazır vəziyyətdə gəlməyi hər kəs istəyər. Gəl pul qoy, istehsal et, ötür ümumi sistemə və öz biznesini genişləndir. Bax, mənim xarici şirkətlərə tövsiyəm bundan ibarətdir, o cümlədən yerli şirkətlərə. Əminəm ki, bundan sonra dövlət-özəl sektor tərəfdaşlığı bu sahədə də mümkün olacaqdır”. Bunu "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimində Prezident İlham Əliyev deyib. Bu fonda elektrik enerjisi sektoruna daxili və xarici investisiyanın yeni axınını gözləmək olarmı? Bu hal ölkənin enerji sektoruna nə vəd edir? Xüsusən də ixrac baxımından. İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycan digər sahələr kimi, elektrik enerjisi sektoruna da investisiya cəlb etmək istiqamətində ciddi potensiala malikdir: “İnvestorları həmçinin ölkənin elektrik enerjisi sektoruna da cəlb etmək lazımdır. Bunun üçün də qaydalar daha yaxşı olmalıdır. Əslində, tək elektrik enerjisi deyil, ölkəmizə bütün sahələr üzrə investisiyanın gəlməsi üçün daha münbit şəraitin yaradılmasına ehtuyac var. Pandemiya ilə əlaqədar hazırda dövlətlər tərəfindən milyardlarla dollar iri şirkətlərə, banklara, fondlara da yardımlar edilir ki, həm öz ölkələrində, həm də dünya üzrə iqtisadiyyatı canlandırsınlar. Bundan Azərbaycanın da pay alması üçün şans var. Ona görə də müxtəlif sahələr, o cümlədən elektrik enerjisi üzrə, investisiya cəlbediciliyini artırmağa ehtiyac yaranıb. Amma bunun üçün bəzi yeni qaydaların tətbiq olunması qaçılmazdır. Azərbaycan beynəlxalq investorları cəlb etmək üçün beynəlxalq oyun qaydalarının bəzi hissələrinin tətbiqinə qərar verməlidir. Bu, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüklə, habelə ölkəmizin müxtəlif beynəlxalq investisiyaların qorunmasına dair konvensiyalara qoşulması ilə əlaqədardır. Azərbaycanın kifayət qədər potensialı var ki, həm enerji sektoruna, həm də elektrik enerjisi sahəsinə investorlar cəlb etsin. Ümumiyyətlə, Azərbaycan investorlar üçün cəlbedici ölkədir. Buna potensial imkanları var. Həm əhali sayına, həm də coğrafi mövqeyinə görə. Ona görə də investisiya cəlbinə süni maneələri aradan qaldırmaq üçün qanunvericilik bazası möhkəmləndirilməlidir. İnvestisiyaların qorunması üçün müxtəlif beynəlxalq paktlarla bağlı hüquqi prosedurları tezliklə həll etməliyik”. İqtisadçı ekspert Fuad İbrahimli bildirdi ki, investisiya cəlbi elektrik enerjisi sahəsində inkişafa xidmət edəcək mühüm yeniliklərə rəvac verəcək: “Enerji sektoru daha çox qapalı bir sahədir. Bu fonda ölkə rəhbəri həmin məsələ ilə bağlı açıq siyasət irəli sürürsə, xarici və daxili investorlara elektrik enerjisi sektoruna qanunverici baza və yürüdülən siyasətlə daxil olmağa şərait yaradırsa, enerji sektoru ilə bağlı sahələr hər zaman əlverişli hesab olunub. Burada şəffaflıq daha güclü təmin olunsa, sadələşdirilsə, sahəyə kifayət qədər xarici və daxili investorlar da maraq göstərəcəklər. Hətta proqnoz olaraq deyərdim ki, daxili investorlar daha çox olacaq və belədə xarici investorlara ehtiyac da qalmayacaq. Ölkənin elektrik enerjisi sahəsinə investisiya cəlbi ən azından bu sektorda daima yeniliklərə və bu fonda da sektorun daha sürətlə inkişafına rəvac verəcək, infrastruktur güclənəcək. İnvestisiya cəlbi ölkəmizdə bu sahədə inkişafa xidmət edəcək ciddi yeniliklərə gətirib çıxaracaq”.

R. SOLTANOV
 

Sizin Reklam Yeriniz