Əlaqə Arxiv
news Image
2020.04.30
09:18
| A A A
AYİB Azərbaycana kredit qoyuluşunu artıracaq
Aparılan islahatlar beynəlxalq maliyyə qurumunun ölkəmizə marağını artırıb

Aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib. Konfransa bankın digər rəsmi şəxsləri və Azərbaycanın İqtisadiyyat naziri qatılıb.

Həmin görüşdə Azərbaycanla bağlı iqtisadi vəziyyəti öyrənən AYİB prezidenti 2020-ci ildə ölkəmizə böyük məbləğdə sərmayə qoymağı düşündüklərini bildirib.

Bəs, belə çətin iqtisadi dövrdə AYİB-in Azərbaycana artan marağına səbəb nədir? İqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, koronavirus  pandemiyası ilə əlaqədar iqtisadiyyatların daha çox zərər görməməsi üçün beynəlxalq maliyyə institutlarının üzərinə böyük yük düşüb. Onun sözlərinə görə, indiki dövrdə Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, AYİB və digər bu kimi instutların dəstəyinə ehtiyac artıb. O qeyd etdi ki, həmin institutlar müəyyən şərtlər daxilində ölkələrə kredit dəstəyi verir.

F.İbrahimovun fikrincə, bu cür dəstəklər verilən zaman ölkədəki iqtisadi vəziyyət, inkişaf imkanları, dövlət idarəetməsinin vəziyyəti nəzərə alınır. Ekspert dedi ki, Azərbayan bu baxımdan AYİB üçün əlverişli tərəfdaşdır və bu maliyyə institutu ölkəmizə kredit qoymaqdan çəkinmir: “AYİB görür ki, Azərbaycanda iqtisadi islahatlar aparılır, dövlət idarəetməsində islahatlar genişlənib. Bu islahatların davamı kimi iqtisadi və siyasi idarəetmə sahəsində təkmilləşdirmələr aparılacağına dair məlumatlar var. Bunların nəticəsidir ki, qlobal iqtisadi vəziyyət nə qədər ağır olsa da Azərbaycanda birinci rübdə müsbət nəticələr əldə edilib. Hansı ki, indiki dövrdə az sayda ölkə iqtisadi artım əldə edə bilib. Bunu AYİB rəhbəri də dedi. İlin birinci rübündə iqtisadi artım 1 faiz, qeyri-neft sektorunda artım 3 faiz, qeyri neft-qaz sənayesində 23 faiz olub. Bunları AYİB bilir. AYİB-ə də lazımdır ki, pulunu daha yaxşı vəziyyətdə olan iqtisadiyyata qoysun. Bu baxımdan Azərbaycan AYİB üçün cəlbedici ölkədir.”

F.İbrahimov düşünür ki, AYİB-lə bərabər Azərbaycan hökuməti də kredit qoyuluşunda maraqlıdır. Onun sözlərinə görə, xüsusən indiki şəraitdə, iqtisadi çətinliklərin artdığı bir vaxtda xarici investisiya qoyuluşlarına ehtiyac artıb: “Düzdür, bu halda Azərbaycanın xarici borclanması artacaq. Amma bu artım ölkəmizin tədiyə balansına müsbət təsir göstərəcək. Çünki ölkəmizə xaricdən valyuta daxil olacaq. Belə çətin dövlərlərdə xaricdən vəsait cəlb etmək çətin olur, kreditləri ağır şərlətlərlə verirlər. Amma AYİB-lə uzunmüddətli əməkdaşlıq və bu əməkdaşlıqdan AYİB razı qalması ölkəmizin bu qurumdan kredit cəlb edilməsini çətinləşdirmir. AYİB bizim üçün həm də ona görə əhəmiyyətli tərəfdaşdır ki, bu qurum qeyri-neft sektorunun müxtəlif sahələrinə sərmayə qoymaqda maraqlı olmaqla bərabər, öz tövsiyələrini, məsləhətlərini də verir.”

Əlavə edək ki, 2020-ci ildə Azərbaycam iqtisadi artımı dəstəkləmək məqsədilə vergi güzəştləri də nəzərə alınarsa sahibkarlara və əhaliyə 3,5 milyard manat və ya 2 milyard dollardan çox dəstək verəcək. Bu, dövlət büdcəsi üçün böyük xərcdir. Neftin qiymətinin kəskin azaldığı bir dövrdə büdcə xərlcərinin artması ölkəmizin valyuta ehtiyatlarına mənfi təsir göstərir. Mənfi təsiri azaltmaq məqsədilə xaricdən kredit cəlb edilməsi zərurəti yaranıb.

Hazırda AYİB-lə bərabər Azərbaycanda 9 layihə icra edilir. 2019-cu ildə AYİB-in Azərbaycana sərmayə həcmi aşağı səviyyədə olub. Ötən il təşkilat neft-qaz sahəsinə yatırım etmədi və diqqəti orta və kiçik sahibkarlıq sahəsinə yönəltdi. Bu il AYİB yenidən Azərbaycana böyük sərmayə yatıracaq və bu, böhrana cavab tədbirləri və iqtisadiyyatın canlandırılması baxımından yaxşı olacaq. 2020-ci ildə AYİB Azərbaycana 250 milyon dollardan artıq sərmayə yatırmağı planlaşdırır. Bu layihələr xüsusilə dövlət sektorunu əhatə edir və buraya enerji, infrastruktur və İKT sahələri daxildir. Buraya bəzi dövlət müəssisələrinin kommersiyalaşması da daxildir.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz