Əlaqə Arxiv
news Image
2020.04.30
14:55
| A A A
Kölgə iqtisadiyyatının sonu çatır

Natiq Cəfərli: “Bu müstəvidə sosial müdafiə fonduna daxilolmalar, vergilərdən gələn büdcə daxilolmaları artacaq, rəqabətli mühit daha yaxşı hala gətiriləcək” Hazırda iqtisadi inkişafımızın əsas məqsədlərindən biri kölgə iqtisadiyyatının miqyasının azaldılmasıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə keçirilən videokonfransda deyib: “Görürük ki, planlaşdırdığımız işlərin əksər hissəsini artıq yerinə yetirmişik. Hazırda iqtisadi inkişafımızın əsas məqsədlərindən biri kölgə iqtisadiyyatının miqyasının azaldılmasıdır. Ötən il biz yaxşı irəliləyişə nail olduq. Bu il isə biz bu istiqamətdə çox uğurla irəliləyirik. Azərbaycanda çoxlu dəyişikliklər olub. Prezident Administrasiyasında, hökumətdə, parlamentdə, yerli icra hakimiyyəti orqanlarında dəyişikliklər baş verib. Onlar davam edir. Qeyd edək ki, koronavirus pandemiyasına qarşı mübarizə fonunda sahibkarlara ediləcək dəstək paketlərində də kölgə iqtisadiyyatından çıxmağın vacib olduğu öz əksini tapmışdı. Azərbaycanda kölgə iqtisadiyyatının həcmi barədə müxtəlif rəqəmlər səsləndirilir. Bu rəqəmlərdə ölkəmizdə kölgə iqtisadiyyatının 40-60 faiz civarında olduğu söylənilir. Kölgə iqtisadiyyatının miqyasının azaldılması indiki dövrdə Azərbaycan üçün nə vəd edir? İqtisadçı ekspert Natiq Cəfərli öncə vurğuladı ki, kölgə iqtisadiyyatının həcminin çox olması vergidən yayınmanın çox olmasına gətirib çıxarır: “Təbii ki, kölgə iqtisadiyyartının həcminin böyük olması istənilən ölkədə vergidən yayınmaların əsas istiqamətidir. Kölgə iqtisadiyyatının həcmi nə qədər böyük olursa həmin ölkələrdə vergidən yayınma halları və sosial müdafiə ilə bağlı dövlətin göstərə biləcəyi xidmətlərin həcmi azalır”. Bütün bunlara görə də, ekspertin fikrincə, kölgə iqtisadiyyatının həcminin azaldılması vacib, prioritet məsələlərdən biridir: “Bunun baş verməsi ölkəmizdə rəqabətli mühitin güclənməsinə təkan verəcək. Digər tərəfdən, gölgə iqtisadiyyatının azalması vergi daxilolmalarını artıracaq. Sosial Müdafiə Fonduna ödənişlərin artmasına səbəb olacaq. Çünki kölgə iqtisadiyyatının əsas elementlərindən biri qeyri-qanuni, əmək müqaviləsi olmadan işçilərin çalışdırılmasıdır. İş adamları əksər hallarda belə yollarla vergidən, sosisl müdafiə fonduna ödənişlərdən yayınırdılar. Amma kölgə iqtisadiyyatının həcmi azaldıqca, anoloji olaraq vergi ödənişləri artacaq, həmçinin çox vacib olan statistik məlumatlar dəqiqləşəcək. Adətən kölgə iqtisadiyyatının həcmi böyük olanda statistik məlumatlar da dəqiq olmur. Statistika dəqiq olmayanda isə ölkənin simpton problemlərini, onun dəqiq həll yollarını tapmaq çətinləşir. Yəni əldə həqiqəti əks etdirən normal rəqəmlər olmayanda problemlərin həllilə bağlı atılan addımlarda da ciddi problemlər yaşanır. Ona görə də düşünürəm ki, kölgə iqtisadiyyatının azaldılması əsas prioritetlərədn biri olmalıdır. Bu müstəvidə sosial müdafiə fonduna daxilolmalar çoxalacaq, vergilərədn gələn büdcə daxilolmaları da ciddi şəkildə artacaq. Bu fonda rəqabətli mühit də daha yaxşı hala gətiriləcək. Digər tərəfdən, statistik məlumatlar daha dəqiq olacaq ki, bu da hökumətə daha çevik addımlar atmağa imkan yaradacaq”. Habelə, həmsöhbətimizə görə, kölgə iqtisadiyyatının zəiflədilməsi ən azından Sosial Müdafiə Fondunun dotasiyadan çıxmasına səbəb olacaq: “İndi isə bu qurum dotasiya ilə çalışır. Yığdığı vəsaitlər təqaüdləri ödəmək üçün yetərli deyil. Ona görə də dövlət ona dotasiya verir. Həmin qurum bu fonda büdcədən ən çox dotasiya alan qurumdur. Hər il həmin quruma ortalama 1,5 milyard manata yaxın dotasiya ayrılır. Kölgə iqtisadiyyatının azaldılması fonunda gələn əlavə gəlirlər hesabına həmin dotasiya ləğv ediləcək ki, bu da həmin 1,5 milyard vəsaiti daha çox sosial layihələrə yönəltməyə imkan verəcək. Nəticədə büdcəyə daxil olmalarda da azı bir o qədər artımın olacağı gözləniləndir. Bu da ciddi məsələdir. Pandemiya dövründə neftin həcmi və qiyməti azalıb. Deməli, həmin sahədən vergi daxilolması da azalacaq. Bu müstəvidə kölgə iqtisadiyyatının azaldılması vergi daxilolmaların azalmasının qarşısını alacaq əsas faktorlardan biri olacaq”. Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz