Əlaqə Arxiv
news Image
2020.08.18
09:15
| A A A
İqtisadiyyatda uçot və nəzarət sistemi gücləndirilir
Dövlət vəsaitinin mənimsənilməsi və dağıdılması halları yox olmalıdır

Prezident İlham Əliyev son müşavilərdəki çıxışlarında dövlət vəsaitləri üzərində israfçılıqdan və büdcə pullarının mənimsənilməsi barədə ciddi anonslar vermişdi. Həqiqətən dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilən layihələr ya keyfiyyətsiz yerinə yetirilir, ya da bir obyektin maliyyəsinə dəfələrlə pul ayırmaq lazım gəlir. Nə üçün? Axı, mütəxəssislər hər şeyi ölçüb biçirlər?! Digər tərəfdən bir obyekt istifadəyə verilir, bir il sonra təmirə dayandırılır. Bəs, bunun zəmanət müddəti hara itir. Halbuki, səlahiyyətli qurumlar həmin obyektə çəkilən xərc müqabilində təmin olunmuş keyfiyyətin bir neçə il səviyyəsini saxlamaq haqda rəy verirlər.

Demək, bu işlərdə hər şey yerində deyil və sadəcə olaraq büdcə vəsaitləri podratçı və sifarişçi təşkilatlar tərəfindən mənimsənilir. Bir sıra nazirliklərdə, o cümlədən xarici işlər nazirliyində aparılmış yoxlamalar bu faktı dəqiqliklə təsdiqləyib.
Hökumətin iradəsi ilə korrupsiyaya və mənimsəməyə yol vermiş yüksək rütbəli şəxslərin işdən qovulması və barələrində həbs qəti-imkan tədbirinin seçilməsi, cinayət işinin araşdırılmasına başlanılması bu kimi hallara qarşı qəti mübarizə aparıldığını göstərsə də, bəs deyil. Çünki idarəetmə, uçot və nəzarət sisteminin özündə də təkmilləşmələr aparmaq gərəkdir. İslahatların getdiyi indiki dövrdə bu iş daha ciddi aktuallıq kəsb edir. Məhz, buna görə də dövlət başçısı sərəncam verərək Azərbaycan İnvestisiyalar Holdinqinin yaranmasını məqbul hesab edib. Qeyd etmək lazımdır ki, məqsədyönlü şəkildə atılan bu addım iqtisadi inkişafın yeni mərhələyə yüksəlməsinə kömək etməlidir. Çünki ən böyük layihələr dövlətin iştirakı, başqa sözlə, dözlət büdcəsinin bilavasitə iştirakı ilə həyata keçirilir. Bu isə yeyintilərin miqyasını artırır və əlbir cinayətə yol açır.
Proses tenderlərdən başlayır. Hansı dövlət təşkilatına əl atırsan, məlum olur ki, irəli sürdükləri layihələrə dövlət tərəfindən ayrılmış vəsaitlər tender vasitəsilə elə həmin dövlət təşkilatının özünün qəyyumluq etdiyi, yaxın qohumunun və ya dostunun isə rəhbərlik etdiyi icraçı təşkilata yönləndirilib. Məqsəd nədir? Öz adamları vasitəsilə, “ev bizim, sirr bizim” formulunda pulları mənimsəmək. Təsadüfi deyil ki, bu cür iqtisadi kollaps sayəsində başa gələn obyektlərin maya dəyəri vurur çıxır kəlləçarxa. AİH-n müşahidə şurası həyata keçirəcəyi tədbirləri prezidentlə müzakirə etdikdən sonra onun qarşısında “yaşıl işıq” yanacaq. Təbii ki, sonraki gedişata da ciddi nəzarət olunacaq. Nəzarət hesabatlılıq məsuliyyətini artıracaq. Büdcə pullarından istifadənin səmərəliliyi yüksələcək. Əgər dövlət müəssisələrinin iqtisadi inkişafda rolu və işinin keyfiyyəti artacaqsa, onda xüsusi müəssisələr arasında rəqabət də yüksələcək. Azad rəqabət isə sürət və keyfiyyət deməkdir. O biri tərəfdən daha az məsrəflə daha çox keyfiyyətə nail olunacağı da yeni iqtisadi qurumun işindən gözlənilən mənafelər içərisindədir.
Bu xüsusda danışan dövlət başçısı məsələnin başqa tərəfinə də toxunub: “Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz”.
Haqlı iraddır. Belə çıxır ki, həmin müəssisələrin rəhbərləri “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” prinsipi ilə işləyirlər. Yox, “kökələrin” vergisi ödənməlidir. Hazırkı vəziyyət isə dövlətin simasına ləkə yaxaraq ona “monopolist” görkəmi verir, bu bir, ikincisi də, özəl şirkətləri də vergilərdən yayınmağa təhrik edir. Ümid edilir ki, AİH bu biabırçı vəziyyətə son qoyacaq.
Yaranmış vəziyyət qiymət siyasətinə də mənfi təsir edir. Əvvələn, korrupsiya hesabına məhsulun maya dəyəri süni şəkildə artırılır, amma ixrac edındı məlum olur ki, həmin məhsulun qiyməti dünya bazarında bizim qiymətdən ucuzdur. Ucuz satılır, dövlətə gələn gəlir də az olur. Əslində xəta qiymətin maya dəyərindədir və bunu real hesablamaq üçün nəzarəti gücləndirib korrupsiyaya qarşı sistemli mübarizə aparmaq vacibdir. Yeni qurum da məhz bu nöqsanların aradan qaldırılması üçün yaradılıb.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz