Əlaqə Arxiv
news Image
2020.08.26
12:38
| A A A
Azərbaycan Qara dənizdə də Türkiyəni yalnız qoymayacaq
Zəfər Vəliyev: "Təklif gəlsə Azərbaycan yataqların birgə istismarı prosesində iştirak edə bilər

Azərbaycan Qara dənizdə də Türkiyəni yalnız qoymayacaq
Türkiyədə fikirlər səslənir ki, Qara dənizdə tapılan qaz yatağı ehtiyac olarsa? Azərbaycanla birgə işlənə bilər. Çünki dənizdə qaz hasilatında Azərbaycanın böyük təcrübəsi var.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Qara dənizin özünə aid akvatoriyasında təbii qaz yatağı aşkar edib. Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri (EkoAvrasya) və eyniadlı jurnalın baş redaktoru, iqtisadi məsələlər üzrə tanınmış ekspert Hikmət Eren  qeyd edir ki,Türkiyənin Qara dənizdəki milli sektorunda “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatının aşkar edilməsi ölkəmizdə yeni iqtisadi mühit yaradacaq. Bu vəziyyət Türkiyə və Azərbaycanın yeni birgə layihələr həyata keçirməsinə böyük stimuldur. Türkiyənin onilliklər boyu neft məhsullarına və təbii qaza böyük məbləğdə vəsait sərf etdiyini, xaricdən asılı olduğunu diqqətə çatdıran ekspert deyib: “Sakarya” yatağında müəyyən edilən zəngin “mavi yanacaq”dan səmərəli istifadə etmək Türkiyə hökumətinin qarşısında dayanan mühüm vəzifələr sırasındadır. Azərbaycan dəniz yataqlarındakı karbohidrogen ehtiyatlarının işlənməsi məsələsində bütün dünyada lider ölkələrdən sayılır. Digər tərəfdən, Türkiyə Azərbaycanın sərmayə yatırması üçün ən əlverişli məkandır. Hesab edirəm ki, yaxın zamanlarda Azərbaycan ilə Türkiyə arasında neft və qaz sektoruna dair, yaxud da bu məhsullarla bağlı digər istehsal sahələrində yeni layihələrin həyata keçirilməsi müzakirə mövzusu olacaq”.
Neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev öncə Türkiyənin sözügedən yatağın tapılması fonunda əldə edə biləcəyi üstünlükləri qeyd etdi: “Türkiyənin Qara dənizdəki yatağında yeni mavi qaz ehtiyatlarının tapılması enerji geosiyasətində ciddi dəyişikliklərə səbəb olacaq. Eyni zamanda, qaz idxal edən Türkiyənin siyasətində yeni bir enerji siyasətinin formalaşması istiqamətində yeni dönəm başlayacaq.  Çünki qaz idxal edən dövlət tərəfindən yeni karbohidrogen yataqlarının aşkarlanması həmin bölgədə enerji siyasətində mühüm dəyişikliklər deməkdir. Həmçinin, regionun enerji tənzimlənməsində mühüm dəyişikliklər olacaq.  Ona görə ki, Türkiyə böyük həcmdə qaz idxal edən ölkə olmaqla yanaşı, həm də əlverişli tranzit məkandır.  
Bu gün Türkiyə əlverişli tranzit məkana çevrilib.  Qardaş ölkədə Əskişəhərdə və Ərzurumda böyük qazpaylayıcı mərkəzlər formalaşıb.  Yaxın gələcəkdə ola bilər Türkiyə Avropa üçün qaz satış mərkəzinə də çevrilsin.  Çünki Türkiyə ərazisindəki qaz infrastrukturları və anbarları buna imkan verir.  Bu mənada Türkiyənin yeni qaz ataqları kəşf etməsi qaz idxalı ilə bağlı tərəfdaş ölkələrlə qiymət və kommersiya şərtlərinin müəyyən edilməsində  Ankaraya əlavə üstünlüklər verəcək.  Türkiyənin məlumatına görə, kəşf edilmiş yataqlarda ehtiyat qazın həcmi 300 milyard kubmetrdir.  Amma bəlli deyil, bu geoloji, yoxsa çıxarıla bilən ehtiyatdır.  Çünki burada bütün tədqiqat işlərini yalnız Türkiyə şirkətləri aparıb.  Bütün hallarda həmin yataqda 320 milyard kubmetr qaz varsa, bu Türkiyənin həyatında mühüm rol oynayacaq.  Türkiyə tərəfinin məlumatına görə, yatağın ümumi dəyəri 80 milyard dollardır”.
Z. Vəliyev düşünür ki, Türkiyə tərəfi təklif etsə, Azərbaycan yataqların birgə istismarı prosesində iştirak edə bilər:  “Azərbaycan Dövlət Neft Şirkətinin burada iştirakına gəldikdə,  yatağın Azərbaycanla birgə işlənib-işlənməyəcəyi artıq gələcəyin işidir.  Türkiyənin özündə bu sahədə təcrübəsi olan kifayət qədər şirkətlər var.  Mütəxəssislərin cəlb edilməsilə bağlı isə ola bilər razılaşma əsasında Azərbaycandan olan mütəxəssislər prosesə cəlb olunsun.  Ehtiyac yaranarsa, yəqin ki, Türkiyə Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssislərinin  təcrübəsindən istifadə edə bilərlər.  Ancaq nu proses artıq gələcəyin işidir. Yataqqların istismarı məsələsində Türkiyə Azərbaycanla birgə fəaliyyət göstərməyi təklif etsə, təbii ki, düşünürəm bu zaman  məsələ müsbət həllini tapar”.
Ekspert qeyd etdi ki, aşkarlanan yataqlarda Azərbayanın iştirakı ona əlavə gəlir gətirəcək: “Prosesdə ölkəmizin də iştirakı Qara dənizdə bu günə qədər belə zəngin yataq tapılmayıb.  Rumıniya və  Bolqaristanda aşkar edilən qaz yataqları isə kommersiya baxımından rentabelli hesab edilməyib.  Türkiyə mütəxəssisləri ərazidə həmçinin əlavə geoloji axtarış tədbirləri də həyata keçirməyi düşünürlər.  Aşkarlanan yataq rentabelli olacaqsa və Azərbaycan tərəfi də ora investisiya qoyacaqsa,  bu, ölkəmiz üçün də əlavə gəlir deməkdir.  Tərəfdaşlıq fonunda təbii ki, Azərbaycan Dövlət Neft Şirkətinin də gəlirləri artacaq”.
R. SOLTANOV

Sizin Reklam Yeriniz