“Azərbaycanla ticarət həcmimizi artırmağı hədəfləyirik. Məqsədimiz Azərbaycanla Preferensial Ticarət Sazişi imzalamaqdır” Bunu Türkiyənin Ticarət naziri Ruhsar Pekcan bildirib. Bu il fevralın 25-də Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasnını İclasında iki ölkə arasındakı ticarət həcmini artıracaq Preferensial Ticarət Sazişinin imzalandığını xatırladan R.Pekcan deyib: “Müqavilənin daxili ratifikasiya prosesinin Azərbaycanda tamamlanmış olduğunu məmuniyyətlə qarşılayırıq. Biz də daxili ratifikasiya prosesini Böyük Millət Məclisi açılar-açılmaz tamamlayacağımıza ümid edirik. Məqsədimiz Azərbaycanla Preferensial Ticarət Sazişi imzalamaqdır”.
Koronavirus pandemiyası beynəlxalq iqtisadi əlaqələrə ciddi təsir edib. Belə ki, bu dövrdə Türkiyənin Orta Asiya ixracatında İran üzərindən göndərilən daşımaların dayanması Gürcüstan-Azərbaycan- Xəzər marşrutunun əhəmiyyətini daha da artırıb. Bununla əlaqədar türkiyəli nazir deyib: “Bu xəttin və xüsusən dəmir yollarının ticarətdə daha aktiv istifadə olunmasını arzulayırıq. Bu məqsədlə Azərbaycan höküməti ilə Türkiyə Azərbaycanla yükdaşımalar üzrə tariflərin azaldılması üçün məsləhətləşmələr aparılır”. Xatırladaq ki, Azərbaycan “Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” Qanunu 2020-ci ilin mayın 31-də ratifikasiya edib.
Artıq 30-40 ildir ki, beynəlxalq iqtisadi əməkdaşlığın inkişafında ticarət qrupları fəaliyyət göstərir. Qaydalara əsasən belə qrupların məqsədləri bunlardır: qarşılıqlı ticarət və maliyyə axınlarının intensivləşdirilməsi, regionda sülh zonası yaratmaq, xüsusi regional məsələlərin birgə həlli, nisbətən güclü qonşulardan və beynəlxalq təşkilat qrupların nümayəndələrindən kollektiv müdafiə, istehsalat gücünün nisbətən yüksək səviyyəsi və qarşılıqlı əlaqələrin intensivliyinin lazımi mərhələsində iştirakçı ölkələrin regional əmək bölgüsü ilə vahid iqtisadi kompleksdə birləşməsi. Demək, qruplar daxilində gönrük rüsumlarının və digər vergilərin azaldılması, habelə yüklərin yola salınması, yoxlanması, ünvana çatdırılması barədə xüsusi qaydalar tətbiq edilir, yəni qrup üzvlərinin fəaliyyəti stimullaşdırılır. Lakin bu qrupların işi siyasətdən, geostrateji maraqlardan asılı olduğu üçün heç də həmişə yaxşı nəticələrə nail ola bilmir. Ancaq indi Türkiyə və Azərbaycan arasında münasibətlər elə bir səviyyəyə çatıb ki, iki ölkə arasında problem yaradacaq heç bir maneə qalmayıb. Bakının işğaldan azad edilməsinin 102 illik ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda yazır: “Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir”.
Preferensial Sazişin imzalanması Azərbaycanın qeyri-neft sektorunda ixracının artmasında mühüm rol oynayacaq. Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb. Beləliklə Azərbaycan və Türkiyə arasında iqtisadi müstəvidə də əməkdaşlıq dərinləşəcək.
Hərbi-iqtisadi, hərbi-siyasi sahədə yüksək səviyyəli strateji əməkdaşlığa çatan münasibətlərin ticarət sahəsində də yüksək həddə çatdırılması qardaş ölkələrin Qafqazda daha da güclənməsinə səbəb olacaq. İndiki situasiyada bu çox vacib amildir.
Bundan sonra Qafqazda Azərbaycan-Türkiyə alyansının bütün sahələrdə üstün dominantlıq edəcəyi şəksizdir. Bu işdə Qərbin də maraqğı var. Çünki, birtərəfli qaydada Rusiyanın qoyduğu qaydaların alternativi onlara sərbəstlik bəxş edəcək və ortada seçim imkanı olacaq. Buna görə də tezliklə qrup üzvlərinin artması istisna edilmir. Çünki Rusiya adətən digər dövlətlərə münasibətdə amiranə tərzdə davranır. Halbuki, onun mövcud durumu buna imkan vermir və dünya elə səviyyəyə yüksəlib ki, qarşılıqlı hörmət olmayan yerdə əməkdaşlıq telləri daim zəifləyir. Azərbaycan-Türkiyə tandeminin inkişaf səviyyəsi isə tərəfdaşlara daha liberal və etibarlı münasibətlər təklif edir. Həm də sərfəli qiymətlərlə. Buna görə də Preferensial Ticarət Sazişinin Qafqazın inkişafında müstəsna rol oynayacağı bəri başdan bəllidir.
N.NOVRUZ