Mərkəzi Bank Azərbaycan manatının yeni dizaynda buraxılacağı barədə məlumatlarla bağlı açıqlama yayıb.
Bankdan "APA-Economics"ə daxil olan açıqlamada deyilir ki, sosial şəbəkələrdə üzərində Azərbaycanın mütəfəkkirlərinin, tanınmış dövlət və elm xadimlərinin əksi olan 1, 5, 10, 20, 50, 100 manatlıq əsginasların fotosu yayılıb.
"Bu şəkillər milli valyutamız olan manatın yeni dizaynda tərtibatı kimi təqdim edilərək ictimaiyyətdə yanlış məlumatların yayılmasına səbəb olur və çaşqınlıq yaradır.
Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, bu məlumatlar heç bir reallığı əks etdirmir və bu şəkillər qeyri-müəyyən şəxslərin təxəyyülünün məhsuludur.
Mərkəzi Bank tərəfindən göstərilən dizaynda əsginasların tədavülə buraxılması planlaşdırılmır", - deyə Milli Banklın məlumatında bildirilir.