Əlaqə Arxiv
news Image
2020.10.29
12:09
| A A A
Aqrar-sənaye parklarının sayı artacaq
Bu cür parklar kənd təsərrüfatının innovative inkişafına kömək edəcək

Azərbaycan aqrar-sənaye parkının yaradılması istiqamətində fəaliyyətini davam etdirir. Ölkəmizdə 2015-ci ildən aqrar-sənaye parklarının yaradılmasına başlanılıb. Hazırda 30 aqrar-sənaye parkı fəaliyyət göstərir. 2019-cu ilin sonunadək onların sayı 27-yə çatdırılıb. Ümumilikdə isə ölkəmizdə 2023-cü ilə qədər 51 aqrar-sənaye parkının yaradılması planlaşdırılır. Bu məqsədlə dövlətin də güzəştli kreditləri cəlb edilməklə 2,4 milyard manat investisiyanın qoyulması nəzərdə tutulub.

Aqraq-sənaye parkları bahalı layihələrdən sayılır. Belə layihələrin dəyəri bir neçə on milyon manatla ölçülür. Buna görə də Azərbaycan hökuməti yerli sərmayə ilə yanaşı xarici sərmayəni də cəlb etməklə aqrar-sənaye parklarının sayını sürətlə artırmaq istəyir. Çinlə olan razılaşma bu baxımdan əhəmiyyətlidir. Çin aqrar-sənaye parkının yaradılmasına 100 milyon dollar sərmayə yönəltmək istəyir ki, bu da olduqca böyük bir parkın təsis edilməsi deməkdir. Azərbaycanda indiyə qədər yaradılan oxşar parkların hər birinin təşkilinə 25-50 milyon manat həcmində vəsait sərf edilib. Çinlə aqrar-sənaye parkının yaradılması məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində olan Azərbaycan İnvestisiya şirkəti ilə Çinin CAMCE şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Bəs, aqrar-sənaye parklarının yaradılmasının əhəmiyyəti nədir? Adından da göründüyü kimi bu cür parklar sadəcə aqrar məhsulların deyil, həm də sənaye məhsullarının istehsalı üçün təşkil edilir. Burada kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahə birləşir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni - kənd təsərrüfatı, xidmət sahələrini, emal sınayesini və nəqliyyat-logistikanı əhatə edir. Belə komplekslərin yaradılması idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Aqrar-sənaye parkları kənd təsərrüfatı məhsullarının intensiv istehsal olunmasına, daşınmasına, saxlanılmasına və eyni zamanda onun satışını təşkil edilməsində mühüm rol oynayır. Kənd təsərrüfatı məhsulları tezxarabolan məhsul olduqlarına görə realizasiya prosesi sürətli olmalıdır. Lakin əksər hallarda məhsulların fermerlər tərəfindən vaxtında satışı mümkün olmur və bunun nəticəsində məhsulun istehlak müddəti bitir. Təbii ki, bu proses istehsalçının zərərinə səbəb olur. Digər tərəfdən isə istehsalçı və istehlakçılar arasında fəaliyyət göstərən vasitəçilər yaranmış situasiyanı öz mənavelərinə uyğun dəyərləndirir. Yəni, məhsulları daha aşağı qiymətlərlə tədarük edir. Bu zaman fermerlərin mənfəəti azalır, təkrar istehsal təşəbbüskarlığı aşağı düşür və orta və uzunmüddətli dövr üçün ölkədə ərzaq qıtlığına səbəb olur. Beləliklə daxili istehlak idxaldan asılı vəziyyətə düşür, geni dəyişdirilmiş (GMO) məhsullar ölkə bazarlarına yol tapır. İstehsalçılar üçün məhsulun yerli və xarici bazarlara çıxarmaq, onların saxlanma və daşınmasını təmin etmək əksər hallarda ciddi problemə çevrilir. Bu prizmadan yanaşdıqda aqrar-sənaye müasir texnologiyaların tətbiq edilməsi ilə istehsal, emal və logistika xidmətlərini mərkəzləşdirilmiş vahid ərazidə yaratmaqla yüksək keyfiyyətli məhsulların alınmasına, satışının təmin edilməsinə və sahibkarlıq fəaliyyətinin mənfəətliliyinə geniş imkanlar yaradır. Bunun nəticəsi olaraq bazarlarda məhsul bolluğu ilə yanaşı, rəqabət mühitinin yaranması, keyfiyyətin yüksəlməsi və süni qiymətlərin azalması üçün mühüm faktora çevrilir. Həmçinin, yeni iş yerlərinin açılması, işsizliyin səviyyəsinin aşağı düşməsinə və region sakinlərinin rifahının yüksəlməsinə şərait yaradır.

Aqrar-sənaye parkları istehsalçı üçün də əlverişlidir. Burada fermerlərin infrastruktur xərcləri azalır. Eyni zamanda fermerlər istehsal və satış məqsədilə lazım olan bütün imkanlara çıxış imkanları qazanırlar.

Ümumiyyətlə, kənd təsərrüfatı və sənaye qarşılıqlı əlaqədə olan sahələrdir. Kənd təsərrüfatı emal müəssisələrini xammalla təchiz edir, eyni zamanda sənayedə öz növbəsində kənd təsərrüfatını texniki maşın və avadanlıq, kimyəvi məhsullar, gübrə və s. ilə təchiz edir. Sənayenin inkişafı üçün kənd təsərrüfatı sektoruna investisiya qoyulması vacib hesab olunur, xüsusən inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatının inkişafı sənayeləşmə prosesinin sürətlənməsində mühüm rol oynayır. Bu baxımdan ölkəmizdə çoxlu sayda aqrar-sənaye parklarının yaradılması kənd təsərrüfatı məhsullarının istehsalının və onların ilkin emalının daha əlverişli şərtlərlə həyata keçirilməsinə əlverişli şərait yaradır. Təcrübə göstərir ki, bu cür parkları yaratmaqla kənd təsərrüfatı və qida sənayesini birgə inkişaf etdirmək mümkün olacaq.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz