Əlaqə Arxiv
news Image
2020.10.30
11:21
| A A A
ABŞ mənfi faizlər tətbiq edə bilər
ABŞ iqtisadiyyatında böhran dərinləşərsə, faizlər mənfi səviyyə endiriləcək

Pandemiyanın ikinci böyük dalğası gəlir. ABŞ özünü qorumaq üçün dolları bir qədər də ucuzlaşdıra bilər. 2019-cu ilin iyulundan ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini azaltmağa başlayıb. FES indiyə qədər bir neçə dəfə faizləri endirib. İyulda 2,25-2,5 olan faizlər hazırda 0-0,25 səviyyəsindədir.

ABŞ-da faizlər 2019-cu ilin iyuluna qədər artırılırdı. 2014-cü ildə 0,25 səviyyəsində olan faizlər mərhələli şəkildə artırılaraq 2,5 həddinə çatıdırılmışdı. FES müəyyən dövrdən bir faiz dərəcələrini artırıb-azaldır. Qurum faiz qərarlarını verən zaman inflyasiya və məşğulluq səviyyəsini, həmçinin iqtisadi artım sürətini nəzərə alır.

ABŞ Prezidenti Donald Tramp Nyu-York İqtisadi Klubundakı çıxışında qeyd edib ki, faizləri artırıb-azaltma ABŞ iqtisadiyyatının rəqabətqabiliyyətliliyini azaldır. O, bu fonda mənfi faiz dərəcələrinin tətbiq edilməsini tələb edib. FES-in rəhbəri Cerom Pauel isə ABŞ Konqresinin Birgə İqtisadi Komitəsinin iclasında mənfi faiz dərəcələrinə qarşı çıxıb. ABŞ-da iqtisadi artımın, məşğulluq bazarının və infilyasiyanın sabit olduğu qeyd edən C.Pauel ABŞ prezidentinin tələb etdiyi mənfi faiz dərəcələrinin hazırda ölkə iqtisadiyyatı üçün uyğun olmadığını vurğulayıb.

Xatırladaq ki, 2019-cu ilin iyulundan öncə də D.Tramp faiz dərəcələrinin endirilməsini tələb edirdi. FES bir müddət öz mövqeyindən dönməsə də nəhayətində faizləri endirməli oldu. Bəs, bu dəfə FES-in mənfi faiz dərəcələrinə getməsi mümkündürmü və əgər bu baş verərsə mənfi faizlər dollar üçün nə vəd edir?

2016-cı ildə FES mənfi faiz dərəcəsi qərarını nəzərdən keçirib. Qurum Avropanın bəzi dövlətlərinin mənfi faiz dərəcələri təcrübələrini öyrəndiyini açıqlamışdı. Lakin sonra belə bir nəticəyə gəlindi ki, mənfi dərəcə iqtisadi inkişaf üçün faydalı olmayacaq.

Hazırda Yaponiya, İsveç, İsveçrə kimi böyük iqtisadiyyata sahib ölkələrdə mənfi faiz dərəcəsi tətbiq edilir.

2008-2009-cu illərdə qlobal maliyyə böhranı ilə əlaqədar olaraq FES mənfi faiz dərəcəsi tətbiq edib. Həmin dövrdə ipoteka kreditləşməsində yol verilən ciddi səhvlər səbəbindən ölkə iqtisadiyyatı dərin böhran keçirdi. İqtisadiyyatın dərin böhrandan çıxarılmasının ucuz pul siyasətindən asılı olduğunu görən FES mənfi faiz dərəcəsinin tətbiqinə başladı. 2008-ci ildə Barak Obama prezident seçiləndə qeyd etdi ki, böhrandan çıxmaq üçün iqtisadiyyata külli miqdarda ucuz pul vermək lazımdır. Bundan sonra FES pul emissiya edib, iqtisadiyyata ucuz pul verdi. Bu tədbirlərin nəticəsi idi ki, 2011-ci ildən ABŞ iqtisadiyyatı böhrandan çıxmağa başladı. 2015-ci ilə qədər ABŞ iqtisadiyyatının böhrandan çıxarılması üçün tədbirlər davam etdirildi. Həmin ildən isə faiz dərəcəsi tədricən qaldırıldı. 2017-ci ildən FES-in dolları möhkəmləndirən siyasətinə qarşı tənqidi yanaşmalar gücləndi. Bu siyasət 2018-ci ilin dekabrından dayandırıldı və faizlər yenidən endirilir. Yalnız 2019-cu ildə 2 dəfə faizlərin endirilməsinə dair qərar qəbul edilib.

Böhran dərinləşərsə, FES-in faizləri endirmək siyasəti davamlı xarakter daşıyacaq, o, Çinlə ticarət savaşı başa çatandan və Brexit məsələsi tam yekunlaşandan sonra dayanacaq. FES-in faiz siyasətinə Çin Mərkəzi Bankının qərarları da təsir edir. Çin Mərkəzi Bankı öz uçot dərəcəsini minimum səviyyədə saxlayarsa, FES faiz dərəcəsini endirməyi dayandıracaq.

İndiki şərtlərlə FES-in mənfi faiz dərəcəsini tətbiq etmə ehtimalı güclənir. FES bu ilin dekabrında daha bir dəfə uçot dərəcini azalda bilər. Bu, gözlənilən ehtimaldır. Bunun üçün dünya iqtisadiyyatında dərin böhran yaşanmalı, eyni zamanda ABŞ iqtisadiyyatı böhrana məruz qalmalı, o halda, uçot dərəcəsi mənfi həddə qədər azaldılacaq.

Uçot dərəcəsinin daha çox azaldılması dolların ucuzlaşmasına əsas yarada bilər. Bu vəziyyətdə dollar digər valyutalar qarşısında məzənnə dəyəri itirəcək. Ancaq eyni hal manata münasibətdə baş verməyəcək. Çünki Azərbaycanda dollar manat məzənnəsi Mərkəzi Bank tərəfindən müəyyən edilir və dünyada dolların ucuzlaşmasının manata qarşı olan məzənnədə dəyişikliyə səbəb olacağı gözlənilmir. Dollar manat məzənnəsi hələ də əsasən neftin qiymətindən asılıdır və məzənnə dəyişikliyi yalnız neftin qiymətinin kəskin dəyişəcəyi təqdirdə baş verə bilər.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz