Əlaqə Arxiv
news Image
2020.11.05
11:00
| A A A
Şamaxıdakı Şəhriyar–Kələxana avtomobil yolu yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 122-ci km-dən ayrılan Şəhriyar–Kələxana avtomobil yolunu yenidən qurub.

Bu barədə Mövqe.az-a Agentlikdən bildirilib.

Məlumatda deyilir ki, ötən əsrin 70-ci illərinin normativləri əsasında tikilmiş, qara və çınqıl örtüklü olan yol uzun illər istismar olunsa da, təmir edilmədiyi üçün onun torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüş, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdı. Bu səbəbdən yolun əsaslı təmirinə ehtiyac var idi.

Artıq 3 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Şəhriyar–Kələxana avtomobil yolu tikinti layihəsinə uyğun olaraq əsaslı şəkildə yenidən qurularaq, 2 hərəkət zolaqlı olaraq IV texniki dərəcəyə uyğun təkmilləşdirilib.

Layihə çərçivəsində ilkin mərhələdə marşrut boyu mövcud örtüyün sökülməsi, yararsız yol geyiminin və torpaq yatağının deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri aparılıb. Daha sonra işlərin yekunlaşdığı ərazilərdə 12 sm qalınlıqda olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb.

Ümumi uzunluğu 8 km olan yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 m, çiyinlərin eni isə 2 m təşkil edir.

Tikinti işlərinin sonuncu mərhələsində avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün yol boyu yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkilib. Bu işlər bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyi üçün hesablanıb.

Kələxana kəndi ərazisində yerləşən XVII əsrə aid “Kələxana türbələri” dünyanın ən unikal tarixi komplekslərindən sayılır. Bura daxil olan 9 abidə eyni zamanda orta əsrlərdə formalaşmış Şirvan-Abşeron memarlıq məktəbini təmsil etdiyindən olduqca önəmli hesab olunur. Ölkə təsərrüfatında əhəmiyyətli yerlərdən birini tutan üzümçülük sahəsinin inkişaf etdiyi ərazilərdən sayılan Şəhriyar qəsəbəsi isə dünya şöhrətli “Mədrəsə”, “Şirvanşahı”, “Şamaxı mərəndisi”, “Qara mərəndi”, “Qızılı mərəndi” kimi qiymətli üzüm sortlarının yarandığı və becərildiyi yer kimi məşhurdur. Ümumiyyətlə isə qədim Şamaxının bu əraziləri tarixi abidələrlə, təbiət gözəllikləri ilə zəngindir və beynəlxalq turizm marşrutuna uyğun meyarları özündə birləşdirir. Bu baxımdan Şəhriyar–Kələxana avtomobil yolunun yenidən inşası təkcə vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının və turizmin inkişafına da şərait yaradacaq.

Sizin Reklam Yeriniz