Ruslan Atakişiyev: "Azərbaycan bazarında istənilən xidmət zamanı yol verilən hər hansı bir aldatma hadisəsinə qarşı istehlakçılar maarifləndirilməlidir"
Bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox banklar müştəriləri cəlb etmək üçün əvvəlki kimi müxtəlif reklam kampaniyalarından istifadə edirlər. Bu kampaniyalar insanların diqqətini çəkmək üçün bir vasitə olsa da, təəssüf ki, yenə də reklamlarda verilən məlumatlar hər zaman həqiqətə uyğun olmur. Belə ki, reklamlarda müştərilərə ya yalan məlumat verilir, ya da ki məlumat natamam xarakter daşıyır. Bu məsələ dəfələrlə KİV vasitəsilə gündəmə gətirilib. Lakin belə hallar hələ də davam etməkdədir. Problemin həlli üçün iqtisadçı-ekspertlərə üz tutduq.
İqtisadçı-ekspert Natiq Cəfərli Mövqe.az-a açıqlamasında bildirib: " Bu məsələ dəfələrlə gündəmə gəlsə də, mətbuatda işıqlandırılsa da, biz bu prosesin hələ də davam etməyinin, bankların bu cür reklamlardan istifdə edərək müştəriləri cəlb etməsinin davam etdiyini müşahidə edirik. Həm istehlakçıların müdafiə komitələri, həm bank nəzarəti, həm də Maliyyə Nazirliyinin özü Mərkəzi Bankla birlikdə bu problemin qarşısını almaq üçün müəyyən addımlar atmalıdır. Ən azından oyun qaydaları, kriteriyalar müəyyənləşdirilməlidir. Və banklardan tələb olunmalıdır ki, apardıqları reklam kampaniyaları reallığı əks etdirsin, müştəriləri çaşdırmasın. Çünki, bu birbaşa istehlakçıların, müştərilərin hüququnun pozulmasıdır ki, Azərbaycanda qanunvericilik aktları ilə də müştərilərin, istehlakçıların hüququ qorunur. Bunun üçün təkcə adminstrativ addımlar deyil, izahedici addımlar da atılmalıdır. Dövlət televiziyasında və yaxud da dövlət mətbuat orqanlarında, Ictimai kanalda bununla bağlı açıq müzakirələr keçirilməlidir. Mütəxəssilər cəlb olumalı, insanlar maarifləndirilməlidir. Çox təəssüf ki, Azərbaycanda müştərilər, əhali banklarla müqavilələr bağlayarkən demək olar ki, əksər hallarda o müqavilələrə öyrənmədən, oxumadan imza atırlar. Çünki, əksəriyyətinin təcili pula ehtiyyacı olur, kreditə ehtiyacı olur. Ona görə də, özlərinin hüquqlarının pozulmasını da, göstərilən xidmətdəki yanlışlıqları da öyrənmədən imza atırlar. Sonradan isə bu bank sistemində ciddi fəsadlar törədir. Təkcə onu demək kifayətdir ki, son açıqlanan məlumata görə Azərbaycanda kredit bazarında 1 milyard dollara yaxın geri qaytarılması mümkün olmayan və yaxud da çətin olan kreditlər portfeli yaranıb. Bu isə hər hansı bir ölkə üçün, o cümlədən də Azərbaycan kimi kiçik və bank sferası o qədər də geniş olmayan bir ölkə üçün gələcəkdə ciddi təhdidlər yarada bilər. Bankların iş prosesinin pozulmasına, və hətta müflis olmasına kimi gətirib çıxara bilir. Bu, çox geniş bir məsələdir və kompleks həllinə ehtiyac var ".
Iqtisadçı-ekspert Ruslan Atakişiyev
də Mövqe.az-a verdiyi açıqlamada yalançı reklam kampaniyaları haqda
fikirlərini bildirib : "Azərbaycan Respublikasının
qanunvericiliyində reklam haqqında qanun var. Həmin qanunda
müştərilərin və istehlakçıların aldadılmasına, yalan məlumat
verilməsinə qarşı müvafiq bəndlər öz əksini tapmışdır. Burda əsas
məsələ odur ki, sırf istehlakçının özü yalan məlumat aşkarlayarsa,
o , qanunvericilik çərçivəsində İqtisadi İnkişaf Nazirliyi nəzdində
fəaliyyət göstərən İstehlakçıların Hüquqlarının Müdafiəsi və
Antiinhisar Dövlət Xidməti mərkəzinə müraciət eləməlidir. Bunlar
hamısı reklam haqqında qanunda öz əksini tapıb". Ekspert bu
cür pozuntuların qarşısını almaq üçün geniş maarifləndirmə işinin
aparılmasına ehtiyac görür: " Bu baxımdan yaxşı olar ki,
ümumiyyətlə, Azərbaycan bazarında istənilən xidmət, istənilən
əmtəənin satışı zamanı yol verilən hər hansı bir aldatma hadisəsinə
qarşı istehlakçıların reaksiyalarını gücləndirmək üçün
maarifləndirmə işləri həyata keçirilsin. İstehlakçılara öz
hüquqları aşılanmalıdır. Onlar bilməlidirlər ki, hansı hallarda
onlar aldanmış hesab oluna bilirlər ".