Əlaqə Arxiv
news Image
2020.12.03
10:41
| A A A
Yeni nəqliyyat qovşağı iqtisadi cəhətdən səmərəli olacaq
Əli Əlirzayev: “Bu dəhliz Naxçıvan MR və Azərbaycanın digər bölgələrinin iqtisadi inkişafına güclü təkan verəcək” Natiq Cəfərli: “Bunun nəticəsində xərclər azalacaq, bu da öz növbəsində iqtisadi münasibətlərin intensivliyini artıracaq”



Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan üçtərəfli bəyanatda Naxçıvanla iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi haqqında müddəa da yer alıb. Bu razılaşma ilə bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin  bərpa edilməsi gözlənilir. Belə ki, Ermənistan vətəndaşların, nəqliyyat vasitələri və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili üçün Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.
Sözügedən dəhlizin açılması aydın məsələdir ki, Naxçıvan MR və Azərbaycan üçün böyük iqtisadi əhəmiyyət vəd edir. İndiyə kimi, Naxçıvanla ölkənin əsas hissəsi arasında əlaqə ya Türkiyə vasitəsilə, ya da hava nəqliyyatının köməyilə həyata keçirilirdi ki, bu da əlavə vaxt itkisi və daha çox xərc bahasına başa gəlirdi. 
Naxçıvanla ölkənin əsas hissəsi arasında nəqliyyat kommunikasiya sisteminin qurulması məsafə və yüklərin çatdırılma sürəti baxımından böyük əhəmiyyət daşıyır. Gələcəkdə Naxçıvan ərazisindən keçəcək quru yolu xətləri Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin uzunluğundan 1,7 dəfə, təxminən 343 km az olmaqla sözsüz ki, daşınmaların xərcini və müddətini azaldacaq.
Naxçıvan Muxtar Respublikasına dəhlizin açılması Azərbaycanın bu bölgəsi ilə digər bölgələrin iqtisadi əlaqəsinə necə təsir edəcək?
İqtisadçı alim Əli Əlirzayevin fikrincə, sözügedən dəhliz Naxçıvanla Azərbaycanın digər bölgələri arasında bütün sahələr üzrə iqtisadi əlaqələrin daha sürətlə artmasına şərait yaradacaq: “Bu dəhlizin açılması təbii ki, Naxçıvanla Azərbaycanın digər bölgələri arasında əlaqələrin sürətlə artmasına kömək edəcək. Bu hadisə nəticəsində hər iki istiqamət üzrə əhalinin gediş-gəlişi daha da artacaq. Proses hər iki istiqamətdə yük daşımalarına müsbət təsir edəcək.  Naxçıvandan daha çox həcmdə kənd təsərrüfatı məhsulları Azərbaycanın daxili bazarlarına çıxarılacaq. Naxçıvana qoyulacaq daxili investisiyalar artacaq. Enerji  nəqliyyat sektoru inkişaf edəcək. Proses əhalinin məskunlaşmasında da mühüm rol oynayacaq.
Naxçıvanda və ölkənin digər ərazilərində turizmin inkişafına müsbət təsir göstərəcəkdir. Digər rayonlardan Naxçıvana və oradan da Azərbaycanın başqa bölgələrinə daxili turizm axını artacaq. Başlıcası bu proses ölkə daxilində qiymətlərin də müəyyən qədər ucuzlaşmasına stimul yaradacaq.
Quru əlaqələrinin təmini ilə Naxçıvan MR Azərbaycanın digər regionlarındakı nəqliyyat şəbəkəsinə qoşularaq, öz məhsullarını Azərbaycanın digər bölgələrinə və əks istiqamətdə daha rahat şəkildə çıxarmaq  imkanı qazanacaq. Nəqliyyat kommunikasiya sisteminin şaxələnməsi ilə Naxçıvan öz iqtisadi inkişafını daha da sürətləndirərək, idxal üçün çəkiləcək xərclərə qənaət edəcək, ixrac həcmini artıracaq. Bir sözlə,  dəhlizin yaradacağı imkanlar Naxçıvan iqtisadiyyatının dirçəldilməsinə şərait yaradacaq. Buradan avtomobil və dəmir yolları çəkiləcək. Bütün bunlar Naxçıvanda iqtisadi potensialın dövriyyə cəlb edilməsini asanlaşdıracaq. Naxçıvan logistik mərkəzə çevriləcək.
Dəhlizin olması Azərbaycanın digər hissəsinin iqtisadiyyatının inkişafına da kömək edəcək. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, regional əməkdaşlığın genişlənməsi fonunda dəhlizin əhəmiyyəti daha da artacaq”.
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, baş verən bu proses ölkədaxili xərcləri azaldacaq: “Naxçıvan uzun illərdir ki, blokada şəraitində yaşayırdı. Bu fonda həmin bölgənin Azərbaycanın digər əraziləri və əksinə əlaqələrdə ciddi çətinliklər yaşanırdı. Bu əlaqələr yalnız hava nəqliyyatı və yaxud digər ölkələrin ərazisindən keçməklə reallaşırdı. Bu isə ölkə daxili iqtisadi münasibətlərin genişlənməsi yolunda əlavə çətinliklər yaradırdı.  Dəhlizin açılması fonunda təhlükəsizliklə bağlı problemlərin həllini tapması, dəmir yolu, avtomobil yollarının işlək və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi  təbii ki, öz növbəsində ölkə daxili iqtisadi münasibətlərə də müsbət təsir göstərəcək. İndiyə kimi, Naxçıvanla digər bölgələrimiz arasında əlaqələrin qurulması, mal və xidmətlər  daha baha başa gəlirdi. Çünki bu proses digər ölkələrin ərazisindən keçərək həyata keçirilirdi. Yeni yolun açılması ilə bu xərclər xeyli dərəcədə azalacaq.  Azalan xərclər fonunda iqtisadi münasibətlərin intensivliyinin artması gözlənilir”.
Rüfət NADİROĞLU
 

Sizin Reklam Yeriniz