Əlaqə Arxiv
news Image
2021.01.13
15:13
| A A A
Azərbaycan vacib nəqliyyat-logistika habına çevrilir

Avropa ilə Asiyanın kəsişməsində əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan bu imkandan yararlanaraq mühüm ticarət və nəqliyyat-kommunikasiya əlaqələrini özündə birləşdirən beynəlxalq nəqliyyat qovşağına (habına) çevrilməkdədir. Əlverişli mövqe, ölkəmizin tranzit potensialının artırılmasına, regional nəqliyyat-logistika mərkəzinə çevrilməsinə böyük imkanlar açıb. İndiyə qədər gerçəkləşdirilən və icra mərhələsində olan layihələrin tam reallaşdırılması Cənubi Qafqazda, Azərbaycan üzərində böyük nəqliyyat, logistika və ticarət habını yaradacaq.

Nəqliyyat və logistikanın inkişafından faydalanan hər bir ölkədə iqtisadi inkişaf tempi sürətlənir. Xarici təcrübə göstərir ki, nəqliyyat-logistika sisteminin inkişafı ilk növbədə ticarəti inkişaf etdirir. Hansı ölkələr sistemə daha yaxındırsa və bu sistemin üstünlüklərindən düzgün faydalanırsa, həmin ölkələrin xarici ticarətində müsbətə doğru sürətli dəyişiklilər baş verir. Xarici ticarətdəki böyümə isə öz növbəsində həmin ölkənin iqtisadi artımını qüvvətləndirir. Belə ki, ölkənin nəqliyyat-logistika sisteminə yaxın olması, ticarət imkanlarının artması həmin ölkəyə xarici sərmayə qoyuluşunu təşviq edir. Beynəlxalq təşkilatlar tərəfindən aparılan bir araşdırmaya görə logistika və ticarət iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməklə, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Hesablamalar göstərir ki, inkişaf etmiş nəqliyyat və logistika sistemi ümumi daxili məhsulda (ÜDM) 3 faizədək birbaşa artıma imkan verir.

Statistika göstərir ki, dünyada mal və xidmətlərin ixracı hesabına yaradılan əlavə dəyərin ÜDM-də payı yüksəlməkdədir. 1990-cı illərin əvvəlində ticarətin ÜDM-də payı 20 faiz səviyyəsində olduğu halda hazırda bu nisbət 30 faiz həddini ötüb. Bu amil ticarətin inkişafının və burada xidmətlərin göstərilməsinin, yəni nəqliyyat və logistikanın əhəmiyyətini daha da qabardır. Ticarətin artması yükdaşımaların miqdarının artımını şərtləndirir. Xüsusilə dəniz daşımalarında ciddi artımlar müşahidə edilir. 1990-cı illərin əvvəllərində regionlararası ticarətin dəyəri 2 trilyon dollar olduğu halda, hazırda bu rəqəm 20 trilyon dolları ötüb. Bu qədər ticarət malının təxminən 70 faizi dəniz yükdaşımaları vasitəsilə çatdırılır. Çin və Hindistanın istehsal və istehlak həcmlərinin artması bu ölkələrlə əlaqəli olan xarici ticarətin böyüməsinə təkan verir. Dəniz yükdaşımaları xarici ticarətdə böyük paya sahib olsa da onun ən böyük çatışmayan cəhəti zaman sarıdan əlverişli olmamasıdır. Buna görə də son 20-25 ildə regionlararası ticarətdə vaxt itkisini aradan qaldırmaq üçün dəmiryolu ilə daşımaların payı artırılır. Bu zərurət Azərbaycanı Asiya ilə Avropanın kəsişməsində əlverişli nəqliyyat-logistika habına çevirir.

Azərbaycanın əlverişli çoğrafi mövqeyi elədir ki, ölkəmiz nəinki nəqliyyat-logistika sisteminə yaxındır, hətta bu sistemin formalaşdığı vicib haba sahibdir. Kiçik əraziyə sahib olan bir ölkənin belə bir əlverişli fürsəti yaxalaması burada ticarətin inkişafına gözəl zəmin yaradır. Bunu nəzərə alaraq Azərbaycan dövləti regional layihələri dəstəkləməklə bərabər, həmin layihələrin yaratdığı imkanlardan faydalanaraq ticarət qovşağına çevrilmək iqtiqamətində mühüm addımlar atır. Nəzərdə tutulan layihələrə əsasən, yaxın illərdə ölkəmiz regional əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyini bir qədər də gücləndirəcək. Hazırda Bakı-Tiflis-Qars dəmiryol xətti işləyir. Ələt qəsəbəsində yerləşən Bakı Limanı Kompleksinin birinci mərhələsi üzrə işlər tamamlanıb. 2025-ci ilə qədər limanın ikinci mərhələsi üzrə nəzərdə tutulan işlər də tamamlanacaq. Eyni zamanda Bakı-Yalama xətti tam yenilənəcək ki, bu da Şimal-Cənub dəmiryol xəttinin işləməsi üçün texniki imkanları yaxşılaşdıracaq. Nəzərdə tutulan layihələrin reallaşdırılması Bakını regional əhəmiyyətli ticarət qovşağına çevirəcək, paytaxtda və ölkənin müxtəlif yerlərində logistika və ticarət mərkəzlərinin yaradılmasına imkan verəcək.

Azərbaycan dünya ticarət imkanlarından yararlanmaq məqsədilə liman hablarını inkişaf etdirməyi düşünür. Bu hablar ölkəmizin ticarət həcmlərinin müntəzəm artırılmasına kömək edəcək. Ölkənin logistika vasitələrinin daim inkişaf etdirilməsi onun regional və beynəlxalq ticarətdə rolunun artmasına təkan verəcək. Həm Şərq-Qərb dəhlizi, həm də Şimal-Cənub dəhlizi üzərindəki əlverişli coğrafi mövqeyi sayəsində ölkəmiz həm tranzit ticarəti, həm də idxal-ixrac əməliyyatlarından pay əldə etmək imkanına malikdir. İlkin qiymətləndirmələrə əsasən Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərindən istifadə etməklə əldə edə biləcəyi əlavə ticarət həcmi quru və maye yük, konteyner daşımaları ilə birlikdə 230 milyon tondur. Ən gəlirli marşrutların əksəriyyətində Çinlə ticarət mühüm yer tutur ki, Azərbaycanın da bu marşrutlarda iştirakı, ticarət həcminin artımı baxımından böyük imkanlar aça bilər.

Ölkəmizdə dəniz limanı ilə yanaşı hava limanında da hab yaradılacaq. Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadi zonanın və Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində logistika qovşağının yaradılması hesabına tranzit yüklər üzrə əlavə dəyərin yaradılması

imkanları var. Gələcəkdə sərhədboyu ərazilərdə, o cümlədən Qırmızı körpü, Astara, Xaçmaz və digər yerlərdə logistika və ticarət mərkəzlərinin yaradılması planlaşdırılır. Bütün bu tədbirlər Azərbaycana xarici investisiya qoyuluşunun artmasına və ölkəmiz üzərindən regional ticarətin genişlənməsinə dəstək verəcək.

 

Vasif CƏFƏROV

 

 

 

 

 

 

Sizin Reklam Yeriniz