Əlaqə Arxiv
news Image
2021.01.19
14:45
| A A A
Sahibkarlar məhsullarını beynəlxalq standartlara uyğun sertifikatlaşdırmalıdır
Vüsalə Əhmədova: “Məhsulların satışının asanlaşdırılması üçün sertifikatlaşmanın tətbiqi vacibdir”

Azərbaycan sahibkarları məhsullarını beynəlxalq standartlara uyğun sertifikatlaşdırmırlar. Bu məsələdə onlar geri qalır. 

Bəs, Azərbaycan sahibkarlarının xarici bazarlara çıxışındakı bu problemlər necə həll olunmalıdır?

İqtisadçı-ekspert Vüsalə Əhmədova düşünür ki, məhsulların satışının asanlaşdırılması üçün sertifikatlaşmanın tətbiqi vacibdir. O söylədi ki, Azərbaycanın qeyri-neft sektorunun ixrac lokomotivi kənd təsərrüfatı və qida sənayesi məhsullarıdır. Onun fikrincə “Made in Azerbaijan” brendi altında xarici bazarlarda daha çox təmsil olunmaq üçün ölkəmizdə ilk olaraq beynəlxalq qida təhlükəsizliyi standartlarının tətbiqi mütləqdir. Ekspert dedi ki, dünyada hansı beynəlxalq qida təhlükəsizliyi və keyfiyyət standartlarının tətbiq edildiyini Azərbaycanda da bilirlər. V.Əhmədova ixracı artırmaq üçün hər bir istehsalçının bunları diqqətə almasının və tətbiq etməsinin vacib olduğu qənaətindədir: “Bunlardan bir neçəsini xatırlatmaq olar. “HACCP” beynəlxalq standartı məhsul təhlükəsizliyinə təsir edən amillərin əvvəlcədən təyin olunması və nəzarət altına alınmasını təmin edən sistematik bir yanaşmadır. HACCP sisteminin ən əsas üstünlüyü onun hazır məhsuldakı deyil, istehsal mərhələsində yaranan səhvləri müəyyən etməsi və məhsulun təhlükəsiz qaydada hazırlanmasını təmin etməsidir.

“ISO 22000” beynəlxalq standartı qida təhlükəsizliyi idarəetmə sistemi tələblərini müəyyənləşdirir. Standartın tətbiqi müəssisələrə ərzaq məhsullarının istehsalında yaranmış təhlükələri idarə etməyə və təhlükəsiz məhsulların istehsalını təmin etməyə imkan verir. Standart, qida istehsal zəncirinin istənilən mərhələsi və bütün müəssisələr üçün nəzərdə tutulur. ISO Standartlaşdırma Təşkilatı tərəfindən daha sonralar ərzaq təhlükəsizliyi baxımından standartın bir sıra yeni versiyaları işlənib hazırlanmışdı.

“BRC Global Standard for Food Safety Issue 6” beynəlxalq standartı isə Britaniya pərakəndə ticarət konsorsiumu tərəfindən qida istehsalçıları üçün hazırlanmış olmaqla, 2012-ci ilin yanvar ayından qüvvəyə minmişdir. Standart, formulaların dəqiqliyi və tələblərin yüksək spesifikasiya dərəcəsi ilə xarakterizə olunur. 2015-ci ildən etibarən isə standartın “BRC Global Standard for Food Safety Issue 7” versiyası işlənib hazırlanmışdır.

“IFS Food” standartı qida məhsullarının istehsalı, emalı və ya onların qablaşdırılması ilə məşğul olan müəssisələr üçün nəzərdə tutulur. Standart yalnız məhsulun emalı zamanı və ya ilkin qablaşdırılması sırasında məhsulun çirklənmə riskini aradan qaldırmaq üçün nəzərdə tutulur. İdxal, daşınma, saxlama və paylama sahələri üzrə fəaliyyət göstərən müəssisələrə şamil edilmir. “IFS Food” standartı Almaniya Federasiyasının pərakəndə ticarət şirkətləri tərəfindən, Fransa pərakəndə ticarət və paylama şirkətləri ilə birgə işlənib hazırlanmışdır.

“Global Aquaculture Alliance Seafood” standartının üstünlüyü qida sənayesinin bütün xüsusiyyətlərini özündə ehtiva etməsidir. Su və dəniz məhsulları istehsalçıları üçün standartlar işləyib hazırlayan aparıcı təşkilat olan “The Global Aquaculture Alliance” tərəfindən hazırlanmışdır. Standart, inkubatorlardan tutmuş, yem istehsal və emal müəssisələrinədək bütün tip obyektləri əhatə edir.

“Global GAP” beynəlxalq standartı kənd təsərrüfatı məhsulları istehsalçıları üçün işlənib hazırlanmışdır. “Global GAP” standartları seriyası bitkiçilik məhsulları, su məhsulları, ev hevandarlığı, yem istehsalı və tədarük zəncirini əhatə edir. Standart məcburi, tövsiyə edilən və ikinci dərəcəli tələblərə bölünür”.

Ekspert söylədi ki, Azərbaycan ixracda yüksək əlavə dəyərə malik olan məhsulların çeşidini artırmalıdır: “Ölkəmizin ixrac etdiyi ərzaq malları arasında əlavə dəyəri yüksək məhsulların azlıq təşkil etməsi bir digər problemdir. Yeni texnologiyaların yaradılması qısa müddətdə mümkün olası deyil. Bunun üçün texnologiya parklarının, elim-texnoloji araşdırma və beyin mərkəzlərinin qurulması tələb olunur. Hər bir halda ölkənin coğrafi mövqeyi, təbii resursları və ölkə əhalisinin istedad səviyyəsi nəzərə alınmalı, hədəflər doğru müəyyənləşdirilməlidir. Düşünürəm ki, əsas olan əlavə dəyəri yüksək məhsul istehsalının həyata keçirilməsidir. Yüksək texnologiyalar olmadan da, əlavə dəyəri yüksək olan məhsul istehsalı mümkündür. İqtisadiyyatda yüksək əlavə dəyər yaratmaq demək, əlavə marjı daha yüksək olan mal və xidmət istehsal etmək deməkdir. Əlavə dəyəri yüksəltmənin isə bir neçə yolu var ki, bunlar da, yeni dizayn, tədqiqat və inkişaf, brendləşmə və maliyyətlərin aşağı salınmasıdır. Bununla qoyulan sərmayə daha səmərəli vəziyyətə gətirilmiş olacaq. Başqa bir deyimlə desək, bir əmtəənin istehsalı zamanı xammal tədarükündən başlayaraq, istehsalın son mərhələsinədək bütün prosesdə istifadə olunan resurs və vasitələrin yerli olması vacibdir. Ölkəmizdə mövcud istehsal müəssisələrində isə tam əksinədir, istehsal olunan əmtəələrin ilkin resurslarından tutmuş son qablaşma vasitələrinə və hətta etiketlərinədək hər bir şey xaricdən gətirilir”.

Ekspert hesab edir ki, xarici ölkələrdə mağaza və ya ofis açmaq istəyən, sərgilər təşkil etmək istəyən şirkətlərə xarici bazarların araşdırılması, sərgi, tanıtım və kokteyllərin təşkili, müxtəlif inventarların alınması, treninqlər, seminarlar və konfransların keçirilməsi, markanın rəsmi qeydiyyatı və reklamı, tərcüməçilik, yol və otel xərclərinin qarşılanması kimi bir sıra köməkliklər göstərilə bilər. O qeyd etdi ki, sadalananlar kifayət qədər xərc tələb edən işlərdir, kiçik və orta sahibkarların buna maliyyə imkanları yetməyə bilər.

Bundan başqa o ölkəmizdə Eximbankın (Export Import Bank) yaradılmasını məqsədə uyğun olduğu qənaətindədir: “Bu bank idxal və ixrac həyata keçirəcək olan kiçik və orta sahibkarlara dəstək verə bilər. Eximbank fəaliyyətini əsasən iki istiqamət üzrə həyata keçirir: kredit vermə və risklərdən sığortalama. Eximbank tərəfindən verilən kreditlərin faizləri əsasən ticari bankların kredit faizlərindən aşağı olur və daha uyğun şərtlər təklif olunur. Bununla da istehsalçılara, turistik şirkətlərə və beynəlxalq yük daşımaları həyata keçirən şirkətlərə sərfəli kreditlər təmin edilə bilər. Risklərdən qoruma fəaliyyətinə gəlincə isə Eximbank, ticari banklar tərəfindən verilən ixrac kreditləri üçün geri ödənmə təminatı verməkdədir. Beləliklə müddətli olaraq həyata keçirilən ixrac əməliyyatları zamanı yaranan xarici alacaqlar, idxal zamanı isə xarici borclar sığortalanmış olur”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz