Əlaqə Arxiv
news Image
2021.01.21
16:32
| A A A
Ödəniş kartları ilə kredit almaq daha sərfəlidir
Əkrəm Həsənov: “Ödəniş kartları ilə verilən kreditlərdən qeyri-nağd formada istifadə etdikdə əlverişli olur”

2018-ci ildən başlayaraq Azərbaycanda ödəniş kartları vasitəsilə verilən istehlak kreditlərinin həcmində yenidən artım müşahidə edilir. 2015-ci ildəki devalvasiyalardan sonra istehlak kreditlərinin azalması ödəniş kartları ilə verilən kreditlərin də həcminin sürətlə azalmasına səbəb olmuşdu. 2015-ci ildə ev təsərrüfatlarının kredit borcu 7,855 milyard manat (o cümlədən istehlak krediti üzrə 6,974 milyard manat) təşkil edirdi. Bu kreditlərin 699 milyon manatı ödəniş kartları vasitəsilə ayrılmışdı. Ödəniş kartları vasitəsilə ayrılan kreditlərin hamısı istehlak məqsədilə verilən kreditlər idi. 2017-ci ilin sonunda ev təsərrüfatlarının kredit borcu 4,366 milyard manata (o cümlədən istehlak krediti üzrə 3,847 milyard manat) qədər azaldı. Bu kreditlərin 250 milyon manatı ödəniş kartları ilə ayrılan kreditlər idi.

Qısa müddətdə istehlak kreditlərinin həcmi 45 faiz, onun ödəniş kartlarla verilən hissəsi isə 64 faizdən çox azaldı. Ödəniş kartlarla verilən kreditlərin daha sürətlə azalması nəticəsində istehlak kreditləşməsində onların payı 2015-ci ildəki 10 faizdən, 2017-ci ildəki 6,5 faizə gerilədi.

2018-ci ildən istehlak kreditləşməsinin həcminin yenidən artması ödəniş kartları vasitəsilə verilən kreditlərin də həcmini sürətlə artırdı. 2021-ci ilin sentyabrın sonuna olan məlumata əsasən cəmi istehlak kreditlərinin həcmi 5,520 milyard manata, o cümlədən ödəniş kartları ilə verilən kreditlərin həcmi 485 milyon manata yüksəldi. Son iki ildə ödəniş kartları ilə verilən kreditlərin ümumən istehlak kreditlərinə nisbətən daha sürətlə artmasının şahidi oluruq. Hazırda istehlak kreditlərinin 8,8 faizi ödəniş kartları ilə verilib.

Ödəniş kartları ilə verilən kreditlər demək olar ki, manatla və qısamüddətə ayrılır. Bu kreditlərdə tətbiq edilən faiz dərəcələrinin nağd kreditlərə nisbətən aşağı olması müşahidə edilir. Əgər ödəniş kartları ilə alınan kreditlər tamamilə qeyri-nağd formada istifadə edilərsə, o halda faiz dərəcəsi bir qədər də aşağı olur. Ödəniş kartları ilə ayrılan kreditlərin digər üstünlüyü onların zaminsiz ayrılmasıdır. Qeyd edilən əlverişli imkanlar ödəniş kartları vasitəsilə verilən kreditlərə tələbi artırır. Eyni zamanda banklarda müştərilərlə kredit müzakirəsi aparılan zaman bu cür kreditlər təşviq edilir.

Ödəniş kartları ilə ayrılan kreditlər arasında taksit (hissə-hissə ödəmə) kartları da geniş yayılıb. Bu kartlarda faizlər ödəniş kartları ilə verilən digər kreditlərə nisbətən daha sərfəlidir. Taksit kartları bir sıra hallarda pulsuz təqdim edilir və kredit xəttini bərpa etmək daha asan olur. Belə kartlar vasitəsilə yaranan borca görə faiz hesablanmır, lakin gecikmə olduqda cərimə faizi gesablanır.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov ödəniş kartları vasitəsilə ayrılan kreditlər üzrə faiz dərəcələrinin aşağı olmasını 2 səbəblə əlaqələndirdi. Birinci səbəb kimi o ödəniş kartı ilə qeyri-nağd əməliyyatlara komissiya haqqının tətbiq edilməməsini göstərdi. Ekspert söylədi ki, ödəniş kartı ilə ayrılan krediti nağdlaşdırdıqda isə komissiya haqqı tutulur və nağd kreditlərdə olduğu kimi faiz dərəcəsi yüksəlir: “Ödəniş kartları ilə verilən kredit vəsaitindən qeyri-nağd formada istifadə etdikdə əlverişli olur. Həmin pul nağdlaşdıranda onun nağd kreditlərdən fərqi olmur. Nağdlaşdırma ilə əlaqədar olaraq banklar 1-1,5 faiz nisbətində komissiya haqqı alır. Komissiya haqqı ona görə tətbiq edilir ki, bankların özü də Mərkəzi Bankdan nağd pulu komissiya haqqı müqabilində əldə edirlər. Buna görə də kredit verdikdə və ya müxtəlif əməliyyatlar apardıqda komissiya haqqı tətbiq edirlər. Eynilə krediti nağd verəndə daha baha başa gəlir, qeyri-nağd verdikdə isə komissiya haqqı qədər ucuz olur.”

Ekspert ödəniş kartları ilə verilən kreditlər üzrə faizlərin aşağı olmasının digər səbəbini kredit kartı ilə borc alan müştəri kontingentinin əlverişli olması ilə əlaqələndirdi: “Kredit kartları ilə borc bütün müştərilərə verilmir, yalnız kredit tarixçəsi yaxşı olan, ödəmə qabiliyyəti sabit olan şəxslərə verilir. Bir qayda olaraq bu cür müştərilərə kredit verilən zaman faizlərdə güzəştlər tətbiq olunur. Kredit kartları vasitəsilə verilən kreditlərdə faizlərin aşağı olması da buradan qaynaqlanır. Sabit ödəmə imkanı olan, kredit tarixçəsi müsbət olan şəxslərə plastik kartlarla kredit xətti açıldığında onlara faizlərdə güzəşt edilir”.

Ə.Həsənov hesab edir ki, plastik kartlarla verilən istehlak kreditlərinin həcminin artması yaxşı əlamətdir: “Bu, ilk növbədə nağdsız əməliyyatların həcmini artırır, xərclərin dövriyyəsini daha dəqiq bilmək olur. Kredit kartlarından istifadənin artması həm də bank sistemində müəyyən mənada dirçəlmənin, canlanmanın da əlamətidir.

Plastik kartlarla kreditləşmənin artması həm də o baxımdan önəmlidir ki, bu vəsaitləri daha intizamlı müştərilər alır.

Ümumən istehlak kreditlərinin həcminin artması ölkə iqtisadiyyatında, maliyyə sferasında sabitləşmənin, dayanıqlığın artmasının əlamətidir”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz