Əlaqə Arxiv
news Image
2021.01.25
15:10
| A A A
Ölkəmizə kredit təklifləri artır
Ruslan Atakişiyev: “Azərbaycan ödəniş qabiliyyəti yüksək olan ölkələrdən biridir”

Azərbaycan dövləti hazırda istənilən maliyyə qurumundan kredit cəlb etmək imkanına sahibdir. Dövlətimizin xarici kredit borcunun 10 milyard dollar səviyyəsində çatmasına baxmayaraq hələ də maliyyə təşkilatları ölkəmizə kredit götürməyi təklif edirlər. Kreditlərin hamısı əlverişli faiz dərəcələri ilə, uzun müddətə təklif olunur.

Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik.

Xarici maliyyə təşkilatlarının Azərbaycana kredit təklif etməsi ölkəmizin iqtisadi imkanlarının yaxşılaşmasının nəticəsidir. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev deyir ki, 1990-cı illərdə dövlət büdcəmiz çox kiçik idi və iqtisadiyyatda qeyri-stabillik var idi. Bu vəziyyət kredit götürülməsinə mənfi təsir göstərirdi.

R.Atakişiyev söylədi ki, beynəlxalq maliyyə təşkilatları bir dövlətə kredit ayıranda onun iqtisadi imkanlarını, iqtisadi vəziyyətini nəzərdən keçirir. Eyni zamanda dövlət büdcəsinin kredit qaytarılmasına imkan verməyəcəyi təqdirdə əlavə ehtiyatların olub-olmamasına da diqqət ayırırlar. O əlavə ehtiyatlar kimi mərkəzi bankın valyuta ehtiyatlarına və qızıl ehtiyatlarına diqqət yetirildiyini qeyd etdi:

“Azərbaycanda Mərkəzi Bankın valyuta ehtiyatlarında artım var. Amma onunla bərabər Dövlət Neft Fondu da var ki, burada olan ehtiyatlar daha böyükdür. Bu cür fondlar hər ölkədə yoxdur. Azərbaycanın kredit ödəmə imkanlarını artıran əsas göstəricilərdən biri məhz Neft Fondunun olmasıdır. Bununla bərabər dövlət büdcəsinin həcmində 15-20 il əvvəllə müqayisədə xeyli dərəcədə artım qeydə alınıb. Dövlət büdcəsinin böyüməsi onu daha böyük kredit yükünü daşımağa imkan verir”.

Kredit təşkilatları kredit verən zaman dövlətin, ölkənin ödəmə qabiliyyətinə fikir verdiklərini deyən R.Atakişiyev vurğuladı ki, həmin təşkilatlar ödəmə qabiliyyəti zəif olan dövlətə və ya şirkətə ya kredit vermir, ya da verdikdə şərtləri ağırlaşdırır: “Bu zaman faiz dərəcələri yüksək olur, kreditlər daha qısa müddətə ayrılır. Eyni zamanda kredit vəsaitindən istifadəyə ciddi nəzarət həyata keçirilir. Amma ödəmə qabiliyyəti yüksək olduqda və gələcəkdə ölkə iqtisadiyyatının vəziyyətinin bir qədər də yaxşılaşması ehtimalı artdıqda maliyyə institutlarının özü həmin dövlətə kredit ayırmaqda maraqlı olur. Böyük kredit təşkilatlarının likvid vəsaitləri çox olur. Onlar həmin vəsaitləri kredit şəklində verməklə gəlir əldə edirlər. Maliyyə institutları krediti elə bir dövlətə və ya şirkətə verməyə çalşır ki, sabah həmin vəsaitin geri qaytarılma problemi olmasın. Buna görə də onların özləri bir sıra hallarda ödəmə qabiliyyəti yüksək olan ölkələrə kredit təklif edirlər. Bu zaman kredit faizləri aşağı olur və kreditlər daha uzun müddətə verilir”.

Ekspert bildirdi ki, hazırda Azərbaycan ödəniş qabiliyyəti yüksək olan ölkələrdən biridir. O Azərbaycanın kredit reytinqinin yüksəlməsinin də müşahidə edildiyini dedi: “Bir ölkənin kredit reytinqinin yüksəlməsi onun ödəmə qabiliyyətinin artmasının, kreditin geri qaytarılmama riskinin zəiflədiyinin göstəricisidir. Azərbaycan xarici kredit borclarını vaxtında ödəyir. İstər faizlər olsun, istərsə də kreditin əsas məbləği olsun, onların ödənişində gecikmə baş verməyib”.

R.Atakişiyev onu da qeyd etdi ki, Azərbaycan xarici kreditləri cəlb etməkdə maraqlı deyil. Onun sözlərinə görə dövlət daxili borclanmanı artırmaqda maraqlıdır: “Xarici kreditlərdə faizlər aşağıdır. Lakin bu kreditlər xarici valyutada verilir. Məzənnə dəyişikliyi baş verdikdə həmin borclarla bağlı ödənişlər artır. Həmçinin xaricdən kredit alınan zaman şərtlər bir qədər ağır olur ki, bu da bir çox hallarda dövlətin marağına uyğun gəlmir”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz