Əlaqə Arxiv
news Image
2021.01.27
15:03
| A A A
Alternativ mənbələr hesabına enerji istehsalı genişlənir
Bərpaolunan vasitələr hesabına enerji istehsalının artması təbii qaza qənaət etməyə imkan verir

Elm və texnologiyanın inkişafı, bunun nəticəsində texniki imkanların yaxşılaşması elektrik enerjisi istehsalında da yeni vasitələrdən istifadəyə imkan yaradıb. Yeni texnologiyalar hələlik ənənəvi vasitələr qədər böyük miqdarda elektrik enerjisi istehsalına imkan verməsə də enerji istehsalına öz töhfəsini verə bilir. Dünyanın bir çox ölkəsində, xüsusən də qabaqcıl ölkələrdə alternativ elektrik enerjisi istehsalı sahələri sürətlə genişləndirilir. Bunun nəticəsidir ki, artıq bəzi ölkələrdə elektrik enerjisi istehsalında alternativ, o cümlədən bərpa olunan enerji mənbələrinin payı nəzərəçarpacaq dərəcədə artıb.

Azərbaycan da dünyanda geniş yayılan və çox uğurla tətbiq edilən alternativ enerji vasitələrindən istifadəni genişləndirir. Son 10 ildə bu sahədə atılan addımlar hesabına elektrik enerjisi istehsalında alternativ enerji mənbələrinin payı yüksəlməkdədir. Rəsmi statistikaya əsasən, 2009-cu ilə qədər ölkəmizdə elektrik enerjisi istehsalı yalnız ənənəvi sahələrdə həyata keçirilirdi. Alternativ vasitələrin hesabına elektrik enerjisi istehsalı müşahidə edilmirdi. 2008-ci ildə ölkəmizdə istehsal edilən 21,642 milyard kVt/saat elektrik enerjisinin 19,1 milyard kVt/saatı yanacaqla işləyən elektrik stansiyalarında, 2,32 milyard kVt/saatı su elektrik stansiyalarında, 319,6 milyon kVt/saatı isə müəssisələrin daxili ehtiyaclarının ödənilməsinə xidmət edən stansiyalarda (yanacaqla işləyən) istehsal olunub.

2009-cu ildə ilk dəfə olaraq külək elektrik stansiyalarında elektrik enerjisi istehsalına başlanılıb. Həmin ildə külək elektrik stansiyalarında 2,1 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. 2013-cü ildə külək elektrik stansiyaları ilə yanaşı günəş fotoelektrik enerjisi və tullantıların yandırılması hesabına elektrik enerjisi istehsalına başlanılıb. Bu ildə alternativ vasitələrdən istifadə etməklə 135,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, onun da cəmi elektrik enerjisi istehsalında payı 0,58 faiz olub. Amma 2020-ci ildə alternativ mənbələr hesabına elektrik enerjisi istehsalı 284,2 milyon kVt/saata yüksəlməklə cəmi elektrik enerjisi istehsalının 1,12 faizini formalaşdırıb.

Qeyd edək ki, alternativ enerji növlərindən istifadənin genişlənməsi, bu sahənin inkişafı bir çox cəhətinə görə əlverişlidir. Bu hal ilk növbədə daha çox təbii qaza qənaət etməyə imkan yaradacaq. Azərbaycan qənaət etdiyi yanacağı ixrac edə və ya ölkə daxilində istehlaka yönəldə bilər. Məlumdur ki, son illərdə ölkə ərazisinin qazlaşdırılması prosesi maksimum səviyyə çatıb. Artıq Azərbaycanın 90 faizində təbii qaz var. Qazlaşdırmanın genişləndirilməsi qaz istehlakına tələbi artırır. Digər tərəfdən yaxın gələcəkdə avtonəqliyyat vasitələrində istifadə məqsədilə təbii qazdan alınan maye qaza tələb artacaq. Dövlət proqramına uyğun olaraq bir neçə ildən sonra ictimai nəqliyyatda, həm də kommersiya məqsədilə istifadə edilən avtonəqliyyat vasitələrində yalnız maye qazdan istifadə plalaşdırılır. Bu hal ölkədaxilində təbii qaz istehlakının artmasına əlavə təkan verəcək. Alternativ enerji mənblələrinin genişlənməsi elektrik enerjisi istehsalında təbii qazdan istifadənin azaldılmasına, qənaət edilən qazın isə digər məqsədlər üşün satışına imkan verəcək.

Nəhayət, alternativ enerji mənbələrindən istifadə elektrik enerjisi istehsalının şaxələndirilməsinə kömək edəcək. Əvvəllər 2 növ stansiyada elektrik enerjisi istehsal edilirdisə hazırda onların sayı 5-ə yüksəlib. Qarşıdakı dövrlərdə daha bir alternativ vasitə - biokütlənin yandırılması hesabına da elektrik enerjisi istehsalı planlaşdırılır. Elektrik enerjisi istehsalı mənbələrinin şaxələndirilməsi enerji sisteminin bir-iki mənbədən asılılığını da aradan qaldıracaq.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz