Əlaqə Arxiv
news Image
2021.01.28
15:51
| A A A
İqtisadiyyatda özəl sektorun payı artır
Fuad İbrahimov: “Son illərdə atılan addımlar hesabına iqtisadiyyatda özəl sektorun aktivləşməsi müşahidə edilir”

Azərbaycanda özəl sektorun ümumi daxili məshul (ÜDM) istehsalında payı maksimum həddə çatıb. İndiyə qədər ÜDM istehsalında özəl sektorun payı ilə bağlı ən yüksək göstərici 2008-ci ildə qeydə alınmışdı. Həmin ildə ÜDM-nin 84,5 faizi qeyri-dövlət bölməsində yaradılmışdı. Amma 2020ci ildə rekord göstərici yenilənib. Ötən il ÜDM-nin 84,7 faizi qeyri-dövlət sektorunda formalaşıb.  

Özəl sektorun payının artmasında həyata keçirilən islahatların da rolu böyükdür.

Aparılan islahatlar çərçivəsində özəl sektırin payının bir qədər də artacağı gözlənilir.  

İslahatların özəl sektorun payının artımına dəstək olacağını iqtisadçı-ekspert Fuad İbrahimov da inanır. Onun fikrincə iqtisadiyyatda sabit və dayanıqlı inkişaf üçün ilk növbədə aktivliyi artırmaq, onun inkişaf imkanlarını yaxşılaşdırmaq lazımdır. F.İbrahimov qeyd etdi ki, son illərdə atılan addımlar hesabına iqtisadiyyatda özəl sektorun aktivləşməsi müşahidə edilir: “Burada iqtisadiyyata nəzarət edən, biznes sektorunu tənzimləyən dövlət orqanlarının fəaliyyətindən də çox şey asılıdır. Əgər onların fəaliyyətindəki səmərəlilik artarsa, dövlət orqanlarının işi daha elastik vəziyyətə gətirilərsə, özəl sektorun iqtisadiyyatda payı davamlı artacaq. Əvvəl dövlət orqanlarının fəlaiyyətində sərtlik yüksək idi, qeyri-elastiklik var idi. Yeni vəziyyət inkişaf impulsu yaradır”.

Ekspert deyir ki, iqtisadiyyatda özəlləşdirilmə də genişləndirilməlidir: “Bəzi dövlət müəssisələri var ki, onları özəlləşdirmək olar. Eyni zamanda dövlət xidmət sektorunda da iştirakçılığını azaltmalıdır”.

F.İbrahimov qeyd etdi ki, iqtisadiyyat üçün ən önəmli məsələ azad bazar münasibətləridir. O azad bazar münasibətləri  sisteminin daha da inkişaf etdirilməsinin vacib olduğu qənaətindədir. Onun fikrincə, iqtisadiyyatda liberallıq bir qədər gücləndirilməlidir: “Liberallıq gücləndirilərsə iqtisadiyyatda olan inkişaf imkanları üzə çıxacaq, nöqsanlar daha aydın görünəcək. Vergilər Nazirliyinin fəaliyyətində kadr dəyişikliyindən sonra müsbət dəyişiklikləri gördük. Vergilər Nazirliyində sahibkarlarla davranışda, vergi yığımlarında daha liberal davrandı. Sahibkarlıq subyektlərində yoxlamalar azadıldı, sərbəstlik verildi. Cəmi bir ilin içində müsbət dəyişikliklər oldu. Hətta Azərbaycandan gedib başqa ölkələrdə biznes quran şəxslər də Azərbaycana qayıtması faktlarına rast gəlindi. Bu ona görə oldu ki, iqtisadi sahədə inzibati idarəetmə təkmilləşdirildi, iqtisadiyyata inam artdı. Vergilər Nazirliyi uzun müddət sahiblarları sıxışdırırdı, iqtisadi sərbəstlik zəiflədilmişdi, yoxlamalar, sanksiyalar çox olurdu. Bu hal sağlam rəqabət mühitini ağırlaşdırırdı. Amma son bir ildə davranışın dəyişməsi iqtisadiyyata inamı gücləndirib, iqtisadi fəaliyyətlə məşğul olan vətəndaşlarda daha yaxşı nəticələrlə bağlı ümid yaranıb. Əvvəllər biznes kreditlərinə maraq az idi. Bankların özü də biznes krediti verməkdən yayınırdı, daha çox istehlak kreditləri verməyə çalışırdılar. Lakin son bir ildə biznes kreditlərinə tələbin artması müşahidə edilir, banklar isə öz növbəsində bu cür kreditlər verməkdə az tərəddüd edir. Müsbət dəyişikliklər fonunda iqtisadiyyatda canlanmanın bir qədər də yüksəlməsini müşahidə edirik”.

F.İbrahimov qeyd etdi ki, iqtisadiyyat sahəsinə nəzarət edən dövlət orqanları sahibkarların daha sərbəst davranışına şərait yaratmalıdır: “Sahibkarlıq subyektlərinin qorxduğu əsas məsələlərdən biri iqtisadi risklərdir. Ölkəmizdə iqtisadi risklər yüksəkdir. Bunun bir səbəbi də dövlət nəzarəti orqanlarının iş prinsipləri ilə bağlı idi. Buna görə də sahibkarlıq subyektləri investisiya qoyuluşunda ehtiyatla davranırdı”.

Ekspert düşünür ki, iqtisadiyyatda dayanıqlı inkişaf üçün hökmən kiçik və orta biznesin istehsal imkanları artırılmalıdır: “Ümumi iqtisadi mühiti daha da sağlamlaşdırmaqla bərabər, kiçik və orta biznesin istehsal imkanları genişləndirilməlidir. Kiçik və orta sahibkarlıq sinifi istehsal yönümlü inkişaf yoluna keçməlidir, onların bu istiqamətdə faəliyyətini artırması üçün şərait yaradılmalıdır. İri istehsalçılar, iri vergi ödəyiciləri var. Kiçik biznes nümayəndələrinin iqtisadiyyatda payı artırılmalıdır. Nə zaman ki, ölkəmizdə mikro, kiçik və orta biznes sinifi böyüyəcək, güclənəcək, o zaman Azərbaycan iqtisadiyyatında dayanıqlı inkişaf olacaq. Çinin inkişaf modeli məhz kiçik və orta biznesə əsaslanır. Dünyanın ən böyük ixracatçısı olan Çində kiçik emal müəssisəslərinin sayı minlərlədir. Onların bir çoxu İri müəssisələrin sifarişini yerinət yetirdiyi kimi, əksəriyyəti ixrac da həyata keçirir.

Azərbaycanda da vətəndaşlar arasında istehsal yönümlü biznesə başlamaq həvəsi artırılmalıdır. Hələlik imkanı, bacarı olan vətəndaşların bir çoxu buna cəhd etməkdən çəkinirlər, kiçik biznesi riskli görürlər. Bu məsələdə insanlarda inam artırılmalıdır”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz