Samir Əliyev: "Azərbaycanda satılan hər bir malın üzərində ana dilində məlumat olmalıdır"
Danılmaz həqiqətdir ki, bu gün ölkəmizdə istehlak bazarında satılan məhsulların heç də hamısının üzərində keyfiyyət göstəricisi olan sənədlərə, sertifikatlara təsadüf olunmur. Bu cür sənədlərin olmaması alıcının məhsul haqqında yetərincə məlumatlandırılmamasına gətirib çıxarır. Nəticədə istehlakçının hüquqları pozulur. Məhsul zay çıxarkən isə onun mağazaya geri qaytarılması və ya dəyişdirilməsi sahəsində problemlər ortaya çıxır. Bu kimi hallara internet mağazalardan edilən ticarətdə daha çox təsadüf olunur.
Yaranan bu problemin səbəbi və onu aradan qaldırmağın yolları haqda Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Mövqe.az-a açıqlama verib: " Azərbaycanda 2007-ci ildə elektron ticarət haqda qanun qəbul olunubdur. Həmin qanun ticarətin bütün problemlərini, fəaliyyətini tənzimləyir. Bu gün bütün dünyada elektron ticarət ənənəvi, klassik ticarətlə ciddi rəqabətdədir. Və elektron ticarət getdikcə irəliləyir. Azərbaycanda da elektron ticarətdən istifadə edənlərin sayı az deyil. Lakin elektron ticarətdə də insanların hüquqları pozulur. Azad İstehlakçılar Birliyinə bununla bağlı şikayətlər gəlir. Bu şikayətlər əsasən belə olur: ya alıcı məhsulu alandan sonra məhsul onun tələbatını ödəmir, onu geri qaytarmaq istəyərkən problem yaranır. Və ya sifariş verdiyi mal yox, başqa məhsul gəlibsə, onu geri qaytarmaq problemə çevrilir və s. kimi vəziyyətlər müşahidə olunur. Bizə gələn şikayətlərdə biz daim istehlakçının hüquqlarını qorumağa nail olmuşuq. Sadəcə olaraq, insanlar bilməlidirlər ki, əgər məhsul alıcının tələbini ödəmirsə, onu klassik ticarətdən fərqli olaraq elektron ticarətdə 7 gün müddətində geri qaytara bilərlər. Klassik ticarətdə isə bu müddət 15 gündür. Lakin ənənəvi, klassik ticarətdə də istehlakçıların hüquqlarının pozulması davam edir, təəssüflər olsun . Sənayə mallarının 80%-nin heç bir sertifikatı, qiymət sənədləri və s. yoxdur. Endirim kampaniyaları zamanı istehlakçılar aldadılır. Və ya istehlakçının tələbatının ödənmədiyi halda, məhsulun geri qaytarılması problemi yaranır və s. Şikayətlərdə bu tipli məsələlər əks olunur.
Problemin həlli üçün istehlakçı öz hüququnu tələb etməlidir. Belə hallar olanda müştərilər Azad İstehlakçılar Birliyinə və ya müvafiq orqanlara müraciət etsinlər ".
Iqtisadçı-ekspert Samir Əliyev saytımıza
verdiyi açıqlamada məsələyə bu cür aydınlıq gətirib:
"Qaldırılan məsələ istehlakçıların hüquqlarının qorunması
məsələsidir. Əvvəla, mağazalarda hər bir mal haqqında geniş məlumat
olmalıdır. Azərbaycan müstəqil bir dövlətdir. Ona görə də,
Azərbaycanda satılan hər bir malın üzərində ana dilində məlumat
olmalıdır. İstər geyim malları, istər ərzaq, istər elektrik malları
və s. Çünki, istehlakçının aldığı məhsul haqqında geniş məlumatı
olmalıdır. İstehlakçıların hüquqlarının qorunmasının ikinci əsas
amili məhsulun keyfiyyətinin qorunmasıdır. Qanunvericilik buna
imkan verir ki, hər hansı bir məhsul keyfiyyətli olmadıqda alıcı
onu geri qaytarsın və ya dəyişdirsin. Ona görə də, keyfiyyətsiz
məhsulun satılması hüquq pozuntusu hesab olunur. Keyfiyyətsiz mal
özü də iki cür olur. Birinci hal odur ki, mal öz keyfiyyətini
qoruyur, lakin istifadə müddəti bitir. İkinci hal isə odur ki,
saxlama müddəti bitməmiş məhsul öz keyfiyyətini itirir. Hər iki
halda məhsulun saxlanması hüquq pozuntusudur. Bütün bunların
kökündə o dayanır ki, hər bir malın keyfiyətini təsdiq edən bir
sənəd olmalıdır. Və hər bir mağazada satıcılarda bu sənəd öz əksini
tapmalıdır ki, ehtiyyac olanda məhsulun keyfiyyət sertifikatını
göstərsin. Bu sənədlərin hər biri olmalıdır ki, istehsalçıların da
hüquqları qorunsun. Bu kimi problemlərin həlli üçün, bizdə
istehlakçilarin hüquqları haqqında qanun var. Bu qanun
istehlakçıların hüquqlarının qorunması məsələləri ilə məşğul olur.
Bütün dünyada istehlakçıların birləşdiyi Azad Istehlakçılar Birliyi
vətəndaş cəmiyyəti adından məhsulların keyfiyyətinin qorunması
istiqamətində işlər görür. Problemlərin həlli üçün təbii ki,
qanunvericiliyə əməl edilməsi, müraciətlərə baxılması və bu sahədə
sərtləşdirilmə prossesi aparılması lazımdır. Elə edilməlidir ki,
satıcı anlasın ki, keyfiyyətsiz mal satacağı təqdirdə onun mağazası
bağlana bilər və yaxud da ki, o, cinayət məsuliyyətinə cəlb edilə
bilər. Bu kimi məsələlər həll olunarsa, düşünürəm ki, neqativ
hallar aradan qalxar ".