Natiq Cəfərli: "Bu həm ölkənin bazarının və bank sektorunun genişliyindən, həm də ki, nağdsız ödənişlərin faiz dərəcəsindən asılıdır"
Hökumətin iqtisadi sferada əsas hədəflərindən biri nağdsız ödənişlərin həcminin genişləndirilməsi olsa da, bu sahədə hələ arzu edilən nəticələrin əldə olunmasından danışmaq tezdir. Vətəndaşlar maliyyə əməliyyatlarında hələ də nağd hesablaşmalara üstünlük verirlər. Bu fonda təklif edilir ki, nağdsız maliyyə əməliyyatlarının həcminin genişləndirilməsi üçün nağd əməliyyatalar maliyyə limiti tətbiq olunmalıdır.
Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən iqtisadçı-ekspert Əli Əlirzayev qeyd edir: "Azərbaycanda nağdsız ödənişlərin dövriyyədə payı yüksək deyil. İnsanların psixologiyasında da buna inam çox azdır. Onlar düşünürlər ki, ən yaxşı variant puldan nağd şəkildə istifadə etməkdir. Nağdpulu var, onu verib nə istəyir, onu da alır. Yaşlı nəsil ümumiyyətlə, bunu etməyəcək. Nağdsız ödənişlərə güzəştlər olsa, faizlər aşağı olsa, insanlar buna inanıb, risk edə bilərlər. Yoxsa, belə inamsızlıq və məlumatsızlıq ucbatından çox az adam nağdsız ödənişlərdən istifadə edəcək. Bizdə elə insanlar var, 5 manat xeyrə görə, bundan istigfadə etməyə razı olarlar. Təki əlavə pul gəlsin. Əhali arasında stimullaşdırıcı addımlar atılmalıdır.
Xaricdə nağdsız ödənişlərə limit qoyulur. Bizdə isə bu cür ödənişlərdə limit tətbiq edilmir. Çünki nağdsız ödənişlərdən istifadə az miqyasdadır. Bu halda da heç bir limitə ehtiyac qalmır".
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirir: "Nağdsız ödənişlərin həcminin artmamasında texniki və iqtisadi tərəflər var. Məsələnin texniki tərəfləri ondan ibarətdir ki, hələ də bütün ticarət obyektlərində və məkanlarında pos- terminallarının quraşdırılması (əsasən də regionlarda, rayonlarda, Bakıdan kənar yerlərdə ) tamamlanmayıb. Nağdsız ödənişlərin həyata keçirilməsi üçün texniki şərait tam yaradılmayıb. Məsələyə iqtisadi ampuladan baxıldıqda isə pos-terminallarla alış-veriş etmək hələ də ticarət obyektlərinə sərf etmir. Bunun sərf etməməyinin səbəbini ancaq onunla izah etmək olar ki, onlar ticarət və normal dövriyyəini gizlədərək, vergiləri azaldaraq özlərinə sərf edən formada vergi ödəməyə çalışırlar. Bu məsələni araşdırmaq lazımdır ki, bu qanunsuzluq nəyə görə baş verir. Digər məsələ bundan ibarətdir ki, bu sahədə təşviq proqramları hələ də qəbul olunmur. Biz dəfələrlə bu məsələni müzakirəyə çıxartmışıq. İnsanları nağdsız ödənişlərə həvəsləndirmək lazımdır. Onları maraqlandırmaq lazımdır ki, onlar özləri getdikləri ticarət obyektlərində nağdsız ödənişləri tələb eləsinlər və yalnız bu vasitəilə alış-veriş etsinlər. Bunu üçün onları həm stimullaşdırmaq, həm də ki, təşviq etmək lazımdır. Təşviq də bir neçə cür ola bilər. Nağdsız alış-veriş edən insanların aldıqları çek lotoreya biletinə çevrilə bilər və hər ay lotoreya kimi oynanıla bilər. Nağdsız ödənişlərdə endirim ola bilər. Bunu üçün vergi orqanları ticarət obyekləri olan kommersiya strukturlarına nığdsız ödənişlər üçün müəyyən vergi güzəştləri də tətbiq etməlidirlər. Bütün bu tədbirlər kompleks şəkildə həll olunmalıdır.
Limit məsələsi isə müxtəlifdir. Ölkəyə görə dəyişir. Bu həm ölkənin bazarının və bank sektorunun genişliyindən, həm də ki, nağdsız ödənişlərin faiz dərəcəsindən asılıdır. Azərbaycanda hələlik bu sektor yenidir. Yeni inkişaf etməkdədir, addımlar atılır. Düşünürəm ki, hər hansı məhdudiyyətlərin tətbiq olunmasına ehtiyac yoxdur. Maraq və dövriyyə az olduğuna görə məhdudiyyətlərin tətbiq olunması hələ məqsəduyğun deyil. Amma gələcəkdə ola bilər ki, bu sahədə müəyyən qaydaların tətbiqinə başlanılsın".