Əlaqə Arxiv
news Image
2021.03.04
12:00
| A A A
Gübrələmə prosesinin nəzarətsiz aparılması torpağın şoranlaşmasına, fiziki və kimyəvi deqradasiyasına səbəb olur

 

Yüksək məhsuldarlığa nail olmaq üçün, ilk növbədə, əkin sahələrində analiz aparılaraq torpağın tərkibi müəyyənləşdirilməlidir. Bu, becərmə dövründə əkin sahəsinə verilməli olan mineral gübrələrin təyin edilməsi üçün olduqca vacibdir. Hazırda əksər təsərrüfatçılar gübrələnmə prosesini mütəxəssislərin nəzarəti olmadan həyata keçirir. Bu da nəticədə torpağın şoranlaşmasına, fiziki və kimyəvi deqradasiyasına, münbitliyinin azalmasına səbəb olur.

 

Movqe.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Quba Regional aqrokimya laboratoriyasının müdiri Faiq Şeydayev məlumat verib.

O bildirib ki, 2021-ci ildən etibarən 10 hektar və daha çox sahəsi olan torpaq istifadəçilərinin torpaq aqrokimyəvi analizlərinə cəlb olunması nəzərdə tutulub. Həmin torpaq sahiblərinə əkin subsidiyaları analizlərin göstəriciləri monitorinq nəticəsi ilə birlikdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edildikdən sonra ödəniləcək. Bununla əlaqədar Quba Regional aqrokimya laboratoriyası tərəfindən şimal bölgəsindəki 8 min hektar əkin sahəsindən 1700-ə yaxın torpaq nümunəsi götürülməlidir. Artıq bu işin 70 faizi başa çatdırılıb.

Quba Regional aqrokimya laboratoriyası müasir cihazlarla təchiz olunub. Burada torpağın tərkibinin tam dəqiqliyi ilə analizi həyata keçirilir. İstənilən fərdi təsərrüfatçı, sahibkar stansiyaya müraciət edərək istifadəsində olan torpağın tərkibi haqqında yararlı məlumatları əldə edə bilər. Bunun üçün ya stansiyanın mütəxəssisləri əraziyə dəvət olunmalı, ya da torpaqdan nümunə götürülərək laboratoriyaya gətirilməlidir.

Mütəxəssis deyib ki, analiz aparıldıqdan sonra fermerə konkret müəyyənləşdirilmiş gübrələmə sxemi təqdim edilir. Burada məqsəd bol məhsul əldə etməklə yanaşı, yetişdirilən məhsulun kimyəvi tərkibinin də zənginliyinə nail olmaqdır. Bəzən fermerlər bol məhsul əldə etmək üçün yüksək dozada gübrələr verirlər ki, bu da məhsulda zəhərli mikroelementlərin olmasına gətirib çıxara bilər.

Torpaqların analiz edilməsi prosesində ən mühüm addımlardan biri nümunələrin düzgün götürülməsidir. Torpaq nümunələrinin götürülməsi “Aqrokimyəvi analizlərin aparılması üçün nümunələrin götürülmə təlimatı”na uyğun həyata keçirilməlidir.

Analiz üçün bir sahədən ən azı 25 nümunə götürülür. Nümunələrin götürülməsi müxtəlif formalarda (ziqzaq, paralel, perpendikulyar və sair) həyata keçirilir. Analiz nəticələrinin daha dəqiq olması üçün nümunələr əsasən ziqzaq formada götürülür. Bitkinin növündən asılı olaraq torpaq nümunələrinin götürülməsi müxtəlif dərinliklərdə aparılır.

On hektar və daha çox sahəsi olan torpaq istifadəçilərinin torpaq aqrokimyəvi analizləri üçün baza paketinə 5 analiz daxildir. Bunlar torpağın pH-ı, duzluluq (EC), mütəhərrik fosfor (P2O5), mənimsənilən kalium (K2O) və ümumi azot (N) analizləridir.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Regional Aqrokimya Laboratoriyalarında baza analizlər daxil olan paketin bir nümunə üçün qiyməti 28 manat təşkil edir. Analiz üçün əkin sahələrindən hər 5 hektardan bir nümunə götürülməsi məqsədəmüvafiqdir.

Aqrar sahədə məhsuldarlığın artırılması və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasında əkinəyararlı torpaqların və suvarma sularının aqrokimyəvi tədqiqatının aparılması mühüm rol oynayır. Odur ki, Kənd Təsərrüfatı Nazirliyinin tərkibində 11 rayonda - Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucarda regional aqrokimya laboratoriyaları yaradılıb. Laboratoriyalar müasir cihaz və avadanlıqlarla təchiz olunub.

Sizin Reklam Yeriniz