Əlaqə Arxiv
news Image
2021.05.28
13:00
| A A A
“Elmlər Akademiyası”nın yolları dəmir-beton bloklar üzərində qurulub
Bu, metropolitenin mövcud xətlərində bir ilkdir

Bakı metropolitenində ilk dəfə bir stansiyanın hər iki yolu dəmir-beton bloklar üzərində qurulub. “Elmlər Akademiyası” stansiyasında həyata keçirilən bu innovativ yenilik xəttin başlanğıc və sonunda deyil, məhz orta sahələrində yerləşən stansiyalardan birində həyata keçirildiyindən metropoliten tarixində ən məsuliyyətli layihələrdən biri kimi yer alacaq.

Movqe.az-a bildirildiyinə görə, stansiyada işlər köhnə ağac şpalların və yolun üstquruluş elementlərinin sökülərək çıxarılması, beton özülün dağıdılması ilə başlanıb. Daha sonra yeni yol yatağının texnoloji normalara müvafiq səviyyəyə gətirilməsi üçün işlər aparılıb. Bunlara paralel olaraq, beton qırıntılarının stansiya yollarından daşınaraq çıxarılıb, beton məhlulun stansiya yollarına ötürülməsi üçün boru xətti, suaxarların yönləndirilməsi üçün müvəqqəti tədbirlər və s. hazırlıq işləri görülüb.

İşlərin ikinci mərhələsi çərçivəsində əvvəlcə yolun hamar alt qatının beton təbəqəsi qurulub. Ardınca inşaatın norma və qaydalarına, eləcə də yeni yolun çəkilməsinin texnoloji proseslərinin tələblərinə uyğun olaraq, dəmir-beton konstruksiyaların yığılmasına başlanılıb. Konstruksiyalar qurularaq, üstquruluş elementləri düzüldükdən sonra yolun texniki-normativ tələblərə uyğunluğunu yoxlamaq məqsədilə diaqnostik müayinəsi aparılmaqla betonlama işlərinə başlanılıb.

İstehsal olunmuş dəmir-beton blokların və digər üstquruluş elementlərinin stansiyaya daşınması da mərhələlərlə başa çatdırılıb. Dəmir-beton bloklar Almaniyanın “Vollert” müəssisəsinin texnologiyalarından istifadə olunmaqla “Bakı Metropoliteni” QSC-nin öz istehsalat sahəsinin məhsuludur. 2016-cı ildə müasir tələblərə cavab verən sex inşa olunub. Bu isə ölkə xaricindən gətirilən ağac şpallardan asılılığı aradan qaldırmaqla, çəkilən xərcin əsaslı şəkildə azaldılmasına səbəb olur. Eyni zamanda dəmir-beton blokların istismar müddəti daha uzundur, qulluq effektivliyi daha səmərəlidir. Bu yollar qatarın daha rəvan və daha təhlükəsiz hərəkəti baxımından da üstün texnoloji yenilikdir.

Onu da əlavə etmək lazımdır ki, dəmir-beton bloklar ilk dəfə “Nərimanov” elektrik deposunda qatarların sınaq yolunda, sonra “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının ancaq bir yolunda tətbiq edilib. Hazırda sərnişindaşıma prosesinə hazırlanan Bənövşəyi xəttin “8 Noyabr” stansiyasının hər iki yolu və dalanı, eləcə də xəttin “Memar Əcəmi-8 Noyabr”, “Xocəsən elektrik deposu-Avtovağzal” mənzilləri də məhz dəmir beton bloklar üzərində qurulub.

“Elmlər Akademiyası” stansiyasında aparılan təmir-yenidənqurma işlərinin üçüncü mərhələsində relslərin qoyulması, üstquruluş elementlərinin yığılıb bərkidilməsi işləri aparılıb. Onu da qeyd edək ki, burada yolun üst quruluşunun yığılmasında müasir sistemlərin tərkib hissəsi olan və səmərəli variant sayılan "Vossloh-300 UTS" tipli rels bəndləri tətbiq edilib. Təkrar diaqnostika müayinələri yeni yolun ideal vəziyyətdə olduğunu müəyyənləşdirib. Bu işlərin yekunu olaraq, təmas relsi quraşdırılmaqla, stansiya yolunun estetik görkəmini təmin edən ətraf mühitin təsirlərindən də qoruyan rəngləmə işləri aparılıb.

Yekunda aparılan təmizik işlərindən sonra yeni yol qatarların hərəkəti şəraitində yoxlanılıb.

Təmirin mərhələləri çərçivəsində stansiya üzərində yerləşən inzibati binanın fasad örtüyündə işlər də sürətlə davam etdirilib. Bu işlərin də əsas həcmi artıq yerinə yetirilib. Sərnişinlərin stansiyaya daxil olduğu və tərk etdiyi vestibülün giriş-çıxış qapıları istiqamətində təmir-bərpa işləri tamamlanaraq, bütün yardımçı konstruksiyalar sökülüb. Qeyd edilməlidir ki, fasadın təmir-bərpa işləri binanın memarlıq görkəminin qorunması şərtilə təmin edilib. Bununla binanın fasad örtüyünün möhkəmliyi yeni standartlar səviyyəsinə çatdırılmaqla, gücləndirilib.

Stansiyada aparılan təmir-quraşdırma və bərpa prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın “COVID-19” pandemiyası dövründə müəyyən etdiyi tələblər və normalara uyğun qaydada təşkil edilib

Sizin Reklam Yeriniz