Əlaqə Arxiv
news Image
2022.02.15
19:43
| A A A
Son illərin ən böyük infrastruktur layihələrindən biri reallaşdırılıb

                      

         11 fevral 2022-ci il tarixdə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirak edib. Ölkə başçımız  İlham Əliyevin 2020-ci ilin avqustunda təməlini qoyduğu 385 meqavatlıq “Qobu” Elektrik Stansiyası və yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyası rekord müddətdə tikilib. Azərbaycan energetikası tarixində ilk dəfə istilik elektrik stansiyasının layihələndirilməsini xarici institutlar deyil, “Azərenerji” ASC-nin Layihə-Axtarış Energetika İnstitutu layihələndirib və tikintini də yerli şirkət həyata keçirib. Ən əsası odur ki, burada tikilən yarımstansiya Bakıda inşa olunan ilk 330 kilovoltluq yarımstansiyadır. İstər elektrik stansiyasının, istərsə də yarımstansiyanın tikinti prosesi fasiləsiz rejimdə aparılıb. Elektrik stansiyasının maşın zalları, qazpaylayıcı stansiya, anbar, emalatxana binaları, yarımstansiyanın açıq paylayıcı qurğuları, idarəetmə mərkəzi, mühəndis korpusu və başqa yardımçı binalar paralel şəkildə tikilib. Aqreqatların, avadanlığın, texnika və materialların daşınması, quraşdırılması, tikintisi, yüksək gərginlikli ötürücü xətlərin çəkilməsi kimi mürəkkəb proseslər də sinxron şəkildə aparılıb. Beləliklə, “Qobu” Enerji Qovşağının tikintisi nəzərdə tutulan müddətdə başa çatdırılıb. Qobu” Enerji Qovşağı ölkədə bir sıra əhəmiyyətli amilləri yerinə yetirmək baxımından olduqca dəyərlidir.Bu stansiya ölkəmizdə, xüsusilə, Bakıda və Abşeron yarımadasında elektrik enerjisinə sürətlə artan tələbatı ödəyəcək, paytaxtın və yarımadanın regionlardakı elektrik stansiyalarından asılılığını azaldacaq, texniki itkiləri azaldacaq, sistem qəzası təhlükəsini minimuma endirəcəkdir.  Ən müasir üslubda inşa olunan 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasında isə 4 maşın zalı tikilib və ümumilikdə 21 aqreqat quraşdırılıb. Bu aqreqatların hər birinin gücü 18,3 meqavatdır. Burada 7 ədəd güc transformatoru quraşdırılaraq yarımstansiya ilə əlaqələndirilib.. Səhralığı xatırladan ərazidə cəmi bir il ərzində yüksəkgərginlikli ötürücü xətlərin, 385 meqavatlıq elektrik stansiyasının və 330/220/110 kilovoltluq yarımstansiyanın bir araya gətirildiyi böyük enerji şəhərciyi salınmaqla son illərin ən böyük infrastruktur layihələrindən biri reallaşdırılıb.

           Prezident İlham Əliyev “Qobu” Enerji Qovşaının açılışı zamanı demişdir: “Bu gün hər kəs görür ki, dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb. Buna baxmayaraq, Azərbaycanda öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə imkanlarımızı göstərir, maliyyə müstəqilliyimizdən xəbər verir, texniki imkanlarımızı göstərir və onu göstərir ki, son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb, bu işlərin yenə də davamı var.  Bugünkü açılış mərasimi bir daha gücümüzü göstərir, iradəmizi göstərir. Onu göstərir ki, qarşımızda duran bütün vəzifələri biz uğurla icra edirik. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq.”

 

Tofiq Əsgərov 

Masallı RTŞ-nin əməkdaşı

Sizin Reklam Yeriniz