Əlaqə Arxiv
news Image
2013.09.17
17:26
| A A A
Azərbaycanda böyüyən avtomobil bumu…
Sülhəddin Gözəlov: «Azərbaycanda avtomobil parkının yenilənməsinə həqiqətən zərurət var»

Qadir İbrahimli: "İmkanı çatan insanlar özləri üçün xaricdən avtomobil gətirilməsinə meyl edirlər"


Statistik göstəricilərə görə, bu il Azərbaycana gətirilən avtomobillərin sayında artım müşahidə olunub. Belə ki, il ərzində ölkə ərazisinə 67 min 226 avtomobil gətirilib. Bu isə ötən illə müqayisədə 10 min 485 ədəd çoxdur. Avtomobillərin bu cür dinamik artımı və onların onsuz da böyüməkdə olan tıxac probleminə bundan sonra göstərəcəyi təsir xüsusi maraq doğurur. 

Nəqliyyat üzrə ekspert Sülhəddin Gözəlov Mövqe.az-a verdiyi açıqlamada  avtomobil artımının səbəbinin əhalinin sosial rifahının yaxşılaşması ilə bağlı olduğunu deyib: " Xaricdən gətirilən avtomobillərin sayının artmasının ən başlıca səbəbi əhalinin sosial rifahının yaxşılaşmasıdır. Əhalinin gəlirinin artması alıcılıq qabiliyyətinin yüksəlməsi ilə nəticələnir. Digər tərəfdən isə ölkədəki avtomobillərin böyük bir qisminin Sovetlər Birliyindən qalıb. Yəni, bu avtomobillər  köhnəlib. Köhnə avtomobillərin çox olması da, yeni avtomobillərin gəlməsinə təkan verən bir amildir. Yəni, iki əsas başlıca amil - əhalinin sosial durumu və avtomobil parkının böyük bir hissəsinin köhnə olması yeni avtomobillərin gətirilməsinə əsas səbəblərdir. Əhali də təbii olaraq, qısa müddətdə köhnə avtomobillərdən canını qurtarmaq istəyir. Buna maddi imkan yol verdiyindən, təbii ki, xaricdən yeni avtomobillərin gəlməsinə meyl   artır. Bu il gətirilən avtomobillərin sayının keçən ilə nisbətən 10 mindən çox artmasına əsas səbəb budur. Bu da nəzərə alınacaq amildir ki, əhali istifadə elədiyi nəqliyyat vasitələrində mənəvi köhnəlmə hiss edir. Yəni, həm fiziki, həm də mənəvi köhnəlmə var. Mənəvi köhnəlmə daha komfortlu, daha təhlükəsiz, daha keyfiyyətli avtomobillər almağı tələb edir. Azərbaycana əvvəlki illərdə gətirilən daha yüksək keyfiyyyətə məxsus avtomobillər,  köhnə, sovet dövründən qalma avtomobilləri istifadə eləyənlərdə bir növ həvəs yaradır ki, onlar daha keyfiyyətli avtomobillər alsınlar. Köhnə avtomobillərin sayı kifayət qədərdir. Hardasa, 1 milyon 200 min avtomobilin 50 %-dən çoxu köhnə avtomobillərdir. Yəni , Azərbaycanda avtomobil parkının yenilənməsinə həqiqətən zərurət var. Bu insanlar tərəfindən də qəbul olunub, hökümət də texniki cəhətdən bu istiqamətdə işlər aparır. Qaldı ki, artımın tıxaclara nə cür təsir etməsi məsələsinə, təbii ki, avtomibillərin artması xüsusilə şəhərin mərkəzi küçələrində tıxac probleminin daha da böyüməsinə səbəb olacaqdır. Şəhərdə maşınların hərəkət intensivliyi, sıxlığı  artır. Bu da, təbii ki, tıxacların əmələ gəlməsinə və daha da böyük problemlər yaratmasına səbəb olur".

Ekspert tıxac probleminin həlli üçün bir sıra təkliflər də irəli sürüb: "Bunun həlli üçün müəyən təkliflər var. Tıxac məsələsinin həlli  ilə bağlı həm infastrukturun inkişafı, həm də bir sıra təşkilati fikirlər, düşüncələr, təkliflər irəli sürülüb. Görünür, şəhərin mərkəzi küçələrinə müəyyən fərdi avtomobillərin girişinin qadağan olunmasının vaxtı çatıb. Müəyyən xidməti maşınlar, yəni təcili tibbi yardım maşınları, yanğınsöndürən maşınlar istisna olmaqla, müəyyən fərdi avtomobillərin bəzi küçələrə girişi qadağan oluna bilər. Problemin həlli yollarından biri də, bir çox dünya ölkələrində avtomobillərə tətbiq edilən mülkiyyət, əmlak vergisinin və yanacaq vergisinin tətbiqi ola bilər. Bu, həm tıxacların azalmasına səbəb olar, həm ekologiyanın qorunması sahəsində müsbət nəticələr verər. Bundan başqa problemin həlli üçün şəhərdə dayanacaqların sayı artırılmalı, yollar genişləndirilməli, infastruktur məsələləri öz həllini tapmalıdır ".    

İqtisadçı-ekspert Qadir İbrahimli də məsələ ilə bağlı Mövqe.az-a açıqlama verib. Ekspert avtomobil artımını məhdudlaşdırmağın mümkün olmadığını deyib: " Təbii ki, avtomobillərin artımı tıxaclara təsir edir. Amma, bunu hansısa bir formada məhdudlaşdırmaq düzgün deyil. Əgər ölkədə tıxaclar yaranırsa, onda bu problemi hökümət həll eləməlidir. Hər bir şəhərin meri tədbirlər görməlidir ki, yollarda hərəkət, nəqliyyat düzgün şəkildə təşkil edilsin. Şəhərdə avtomobillərin sayının artması əhalinin gəlirinin yaxşılaşması ilə bağlıdır. İmkanı çatan insanlar özləri üçün xaricdən avtomobil gətirilməsinə meyl edirlər. Amma bu normal prosesdir. Söhbət tıxacların həll olunması problemindən gedirsə, bu artıq avtomobil gətirənlərin yox, şəhər rəhbərliyinin problemi olmalıdır". 


Sizin Reklam Yeriniz