Azər Mehtiyev: "Qaydanı pozanlara qarşı çox sərt tədbirlər tətbiq etməklə bu problemi aradan qaldırmaq mümkündür"
Mağazaların müştəriləri cəlb etmək, daha çox mal satmaq üçün tətbiq etdikləri endirim kampaniyalarına, demək olar ki, şəhərin hər yerində rast gəlmək mümkündür. Lakin bu da bir həqiqətdir ki, bu reklam kampaniyaları bütün mağazalarda reallığı əks etdirmir. Reklamlarda mağazadakı malların qiymətində 50-70% endirim olduğu yazılsa da, əslində, mağaza sahibləri həmin malları maya qiymətindən çox yüksək qiymətə alıcılara təqdim edirlər. Bu isə birbaşa olaraq, istehlakçıların hüquqlarının pozulmasıdır. Bu məsələ dəfələrlə mətbuatda gündəmə gətirilib. İqtisadi İnkişaf Nazirliyi də problemin həlli ilə bağlı ciddi addımlar atıb. Elə bu günlərdə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, məhəllə 2944, M.Hadi və X.Məmmədov küçələrinin kəsişməsində fəaliyyət göstərən fiziki şəxs Nuranə İlqar qızı Səlimovaya məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib. Mağazanın giriş hissəsində "Endirim 30%-40%" və "Kişi köynəyi 12 manat, 2 alana + 1 hədiyyə" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, qiymət kağızlarında onların qiymətinə endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı müəyyən edilib.
Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.
Bununla əlaqədar Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və Nuranə Səlimova barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Lakin görülən tədbirlərə baxmayaraq, bu qəbildən olan halların yenə də davam etdiyini görməkdəyik.
Hüquqşünas Əliməmməd Nuriyev Mövqe.az-a bunun səbəbləri və həlli yolları ilə bağlı açıqlama verib: " Bu məsələ dəfələrlə təkrar olunub. Şübhəsiz ki, belə olan halda Azərbaycan qanunvericiliyi bu məsələnin tənzimlənməsi ilə bağlı müvafiq normalar qəbul etməlidir. Və bu bir həqiqətdir ki, Azərbaycanda mağazalarda xüsusilə endirim kampaniyaları zamanı əhalinin aldadılması hallarına tez-tez rast gəlinir. Çox zaman qiymətlər bilərəkdən həddindən artıq şişirdilərək yüksək yazılır ki, endirim zamanı normal qiymətlərə düşsün. Bu, istehlakçıların hüquqlarının pozulmasıdır. Əhalinin birbaşa aldadılmasıdır. Şübhəsiz ki, məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyi yanında müvafiq Dövlət Xidməti müəyyən işlər görür. Bu prosses davam etdirilməlidir. Bu məsələyə nəzarəti gücləndirmək lazımdır. Bu məsələ ilə bağlı qanunsuzluğa yol vermiş istər hüquqi, istər fiziki şəxslərlə bağlı məsuliyyət tədbirləri də gücləndirilməlidir ki, belə yalançı endirim kampaniyaları aparılmasın. Digər tərəfdən yalançı reklama görə də, İnzibati Xətalar Məcəlləsində müəyyən məsuliyyət nəzərdə tutulmuşdur. Lakin əgər bu hal daha geniş miqyasda davam edirsə, şübhəsiz ki, cəzaların sərtləşdirilməsi tədbirlərinə əl atmaq lazımdır ".
İqtisadçı-ekspert Azər Mehtiyev isə bu kampaniyalarla bağlı Mövqe.az-a verdiyi açıqlamasında bildirib: " Bu endirimlər çox sadə mexanizmə malikdir. Ona görə ki, həqiqətən də əgər mağaza sahibləri endirim edirlərsə, onlar əvvəlki qiymətlə endirimdən sonrakı qiymətin hər ikisini malın üstündə göstərməlidirlər. Bu zaman, təbii ki, həm alıcılar malın qiymətində hər hansı bir endirimin olub-olmadığını görürlər, həm də İqtisadi İnkişaf Nazirliyinin İsthlakçıların Hüquqlarının Müdafiəsi Departamenti yoxlamalar zamanı müəyyən edə bilər ki, həqiqətən bu mağazalar yüksək qiymətə satdığı məhsula etdiyi endirim realdır. Əgər bu təmin olunarsa, təbii ki, qaydanı pozanlara qarşı çox sərt tədbirlər tətbiq etməklə bu problemi aradan qaldırmaq mümkündür".