Qadir İbrahimli: "Sosial şəbəkədən istifadə edən müştərinin haqqında məlumat toplamaq üçün bu addım atıla bilər"
Ölkənin bank sektorunda problemli kreditlərin həcminin artan xətt üzrə inkiaşf etməsi heç kimə sirr deyil. Əslində, bu qəbildən olan dünyanın digər ölkələrində də özünü göstərir və vəziyyətdən çıxış yolu kimi müxtəlif preventiv tədbirlər görülür. Məsələn, artıq ABŞ-da banklardan borc götürmək istəyən müştərilərin krediti nə dərəcədə ödəmək qabiliyyətinə malik olduğunu müəyyən etmək üçün sosial şəbəkələrdən istifadə olunmağa başlayıb. Məsələ burasınaddır ki, müştərilərin böyük əksəriyyəti sosial şəbəkələrdən istifadə zamanı iş yerləri, dostları və digər bu qəbildən olan məlumatları da burada yerləşdirirlər. Banklar üçün isə bu qəbildən olan məlumatlar olduqca önəmlidir və buna əsasən də, müştəriyə kredit ayrılıb-ayrılmamasına qərar verilir.
PRoblemli kreditlərdən xilas olmaq üçün Azərbaycanda da analoji təcrübənin tətbiqinin mümkünlüyü ilə bağlı ekspertlər maraqlı fikirlər səsləndirir. Məsələn,
Iqtisadçı-ekspert Samir Əliyev Mövqe.az-a açıqlamasında bildirir: "İnkişaf etmiş ölkələrdə məlumat bazaları mərkəzləşdirilib. İstər vergilər, istər sosial ödənişlər - bunlar hamsı elektron formada ödənilir. Bu proses belə olduğu üçün istənilən şəxsin həm gəliri, həm də ki, ödədiyi vergilər və cərimələr haqqında bazada məlumat olur. Müştəri banka müraciət edən zaman artıq kreditor onun haqqında bilgiyə sahib olmuş olur. Müvafir qurumlara sorğu göndərilir və müştəri haqqında nə önəmlidirsə, o informasiya da bəlli olur. Bank artıq həmin müştəri haqqında real təsəvvürə sahib olur. Arayış və ya başqa bu kimi variantlara müraciət etməkdə ehtiyac qalmır.
Problemli kreditlərin sayının artmasına səbəb isə bankların müştərinin imkanlarını düzgün qiymətləndirməməsidir. Mərkəzləşdirlmiş kredit reystri və arayış olduqda müştəriyə kredit verilir. ABŞ-da tətbiq olunan sosial şəbəkədən istifadə edərək müştərinin bir daha araşdırılması isə alternativ üsuldur. Azərbaycanda da analojı təcrübənin tətbiqi mümkün ola bilər. Çünki indi əksər insanlar hər hansı bir sosial şəbəkədə mütləq şəkildə var. Bizdə kredit alana kimi çox variantlara əl atılır. Ona görə də sosial şəbəkədə araşdırmaya ehtiyac qalmır. Bəlkə də bank işçisi özü müştəri bilmədən onu araşdıra, tapa bilər. Bu, bankın kredit siyasətindən asılı olan bir məsələdir. Ancaq ABŞ-da və ya digər Avropa ölkələrində kredit verərkən bizdəki kimi ağır şərtlər qoyulmur. Buna səbəb isə onlarda kreditin faiz dərəcəsi çox aşağıdır və maaşları çox yüksəkdir. Bizim sosial şəbəkələrdə çox zaman insanlar özləri haqqında dolğun informasiya vermədiyi üçün bu varianta ehtiyac duyulmur. Həm də insanlar sosial şəbəkələrdə yalan məlumat yazarlarsa, buna görə onlara heç bir cəza, məhdudiyyət tətbiq olunmur. Əksər istifadəçilərin isə sosial şəbəkədə ailəsi, xərcləri, gəliri, əmək haqqı barədə ətraflı məlumat olmur. Subyektiv bir məlumat olduğuna görə social şəbəkələrə görə nəticə çıxartmaq real deyil. Ancaq alternative variant kimi istifadə oluna bilər".
Digər iqtisadçı-ekspert Qadir İbrahimli isə bildirir: " Sosial şəbəkədən istifadə edən müştərinin haqqında məlumat toplamaq üçün bu addım atıla bilər. Ancaq sosial şəbəkələrdə müştəri haqqında məlumatların əldə olunmasına və bu prosedurun tezliklə Azərbaycanda tətbiqinin reallaşmasına inanmıram. Çünki ölkəmizdə bank-müştəri münasibətlərində ciddi problemlər var. Bu problemdə həm bankın, həm də ki, müştərinin günahı var. Bank müştərini seçərkən daha çox formal sənədlərə üstünlük verir. Tutaq ki, " Sədərək" bazarında bir neçə mağazası olan, amma ki, sənədləri leqallaşmayan şəxsə bank pul vermir. Çünki sənədləri qaydasında deyil. Halbuki bu insanın aylıq qazancı hər hansı dövlət işində, təşkilatda işləyən şəxsdən qat-qat artıqdır. Bu da ona səbəb olur ki, ayda 500 manat maaş alan şəxs krediti ödəyə bilmir və problemli kreditlərin sayı get-gedə çoxalır. Azərbaycan reallığından söhbət gedən zaman bildirmək lazımdır ki, müştərinin özünün də bir çox nöqsanları olur. Həmin kredit təyinatı üzrə sərf olunmur. Və yaxud da ki, ödənişlərlə bağlı gecikmələr baş verir. Ona görə düşünürəm ki, sosial şəbəkədə müştərini araşdırmaq kimi fakir Azərbaycan reallığı üçün əl vermir".