Əlaqə Arxiv
news Image
2013.10.02
11:23
| A A A
Sahəsi böyük mənzillərin satışı dalana dirənib
Rövşən Talıbzadə: “Bakı əhalisinin əsas hissəsi orta təbəqə olduğundan daha çox ekonom tipli mənzillərə tələbat var” Seyla Həsənova: “İrihəcmli mənzillərin tikilişi dayanarsa, qiymətlərin qalxmasını ehtimal etməmək düz deyil”

Cari ilin ilk günündən mənzil bazarında qiymət artımı müşahidə edilməkdədir. Ötən ilə nisbətən 11,3 faiz artım var. Hətta hazırda qiymətlər proqnozlardan da yüksək həddədir. Bu da bəzi mənzillərin satışında müəyyən problem yaradıb. Belə ki, hazırda mənzil satışında ən böyük problemlə üz-üzə olan sahəsi böyük olan mənzillərdir. Demək olar ki, irihəcmli mənzillərin satışı hədsiz dərəcədə aşağı düşüb. Bu baxımdan da irihəcmli mənzillərin tikintisi dayanıb.

"Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadənin sözlərinə görə, bu gün Bakı əhalisinin əsas hissəsi orta təbəqə olduğundan daha çox ekonom tipli mənzillərə tələbat var: "Ötən il kvadrat metri üçün qiyməti 600-800 manat arasında olan mənzillərə tələbat var idisə, bu il qiymətlərin bahalaşması səbəbi ilə 800-1000 manata arasında olan evlərə tələbat artıb. Bu il qiymətdən başqa, otaq sayında da fərqlər var. Əvvəllər daha çox 1 və 2 otaqlı mənzillərə tələbat çox idisə, artıq 2-3 otaqlı mənzillərin alışı artıb. Yeni tikililərdə 2 otaqlı 80-100, 3 otaqlılar isə 100-130 kvadratmetr arasında olur. Bunlar da əhalinin əksər hissəsinin tələbatını ödəyə bilir. Amma bazarda sahəsi 130 kvadratmetrdən çox olan mənzillər də az deyil. Bu gün yeni tikilən binalarda demək olar ki, birotaqlı mənzillərə rast gəlinmir. Daha çox 2, 3 və 4 otaqlı mənzillər olur. Burada tələbatdan başqa, maddi durum məsələsi də var. 4 otaqlı mənzillərin sahəsi 160-200 kvadrat metr arasında olur. Bu da pulla ifadədə 160-200 min manat deməkdir. Həmin qiymətlər əhalinin əsas hissəsi üçün əlverişli hesab olunmur. Həmçinin, əhali kvadratmetri 1000 manatdan yuxarı olan mənzillərə üz tutmur. Ona görə də irihəcmli mənzillərə tələbat azdır. Bu baxımdan sahibkarlar əhalinin əsas hissəsinin orta durumlu olduğunu nəzərə alıb, tələbata uyğun ev tikirlər. Amma son dövrlər tikilən mənzillərin əksəriyyətinin qiyməti kvadrat metri üçün 1200 manatdan başlayır. Bu da əhalinin tələbatına uyğun gəlmir. Ona görə də çox adam köhnə tikiliyə üstünlük verir. Artıq təmirli mənzillərə də tələbat azalıb".

Ekspert bildirdi ki, gələcəkdə irihəcmli mənzillərə tələbat yarana bilər: "Hansı ki, bazarda 3 otaqlı mənzillərin təklif portfelində təklif azaldığı halda irihəcmli mənzillərə tələbat artır. Onun öz alıcıları var. Qiymətin qalxmasının da başlıca amili tələbatın artmasıdır. Yanvar ayından bu günə qədər mənzil bazarında qiymət artımı müşahidə edilməkdədir. Bunun başlıca səbəbi əhalinin mənzilə olan tələbatından irəli gəlir. Bundan başqa, əhalinin pul gəlirlərinin artması da mənzilə olan tələbatı artırır. Əgər yeni tikili bazarında defisit yaransa, qiymətlər yenə də qalxacaq. Bunun qarşısını almaq üçün dövlət tərəfindən özəl sahibkarlara stimullaşdırıcı addımlar atılmalıdı, dövlət tərəfindən sosial evlər tikilməlidir. Bunlar tələbatın qarşsıını almağa xidmət edə bilər".

"Qaya" Daşınmaz Əmlakın marketinq üzrə mütəxəssisi Seyla Həsənova isə bildirdi ki, hər mənzilin də öz müştərisi var: "Hazırda yeni tikilən binalarda daha çox geniş, komfortlu mənzillərə üstünlük verilir. İrihəcmli mənzillərə üstünlük verənlərin də sayı yetərincədir. Sadəcə, kiçik həcmli mənzillərə tələbat daha çoxdur. Buna aztəminatlı, yeni qurulan ailələrin seçimi və ehtiyacı səbəb kimi göstərilə bilər. Nəzərə almaq lazımdır ki, irihəcmli mənzillərin ümumi dəyəri də yüksək olur. Bu da seçimə təsirsiz ötüşmür".

Xanım Həsənova əlavə etdi ki, ölkədə irihəcmli mənzillərin tikilişinin tam dayandırılması gözlənilən deyil: "İnsanlar daha yaxşı yaşamağa can atdıqca, daha geniş və şəraitli mənzillərə həmişə tələbat olacaq. Onu da qeyd etmək lazımdır ki, hazırda kreditlə satılan mənzillərin sayı olduqca artıb. Bu isə o deməkdir ki, insanların komfort tələbatını və geniş ev arzusunu reallaşdırmaq dövrümüzdə elə də çətin deyil. Əgər irihəcmli mənzillərin tikilişi dayanarsa, qiymətlərin qalxmasını ehtimal etməmək də düz deyil".

Ekspert onu da əlavə etdi ki, əmlak bazarında qiymətlərin artması artıq müşahidə olunur və daha çox artması ehtimalı var: "Səbəb kimi isə hazırda bir çox regionlarda istifadə müddəti bitmiş binaların sökülməsini, yeni şərtlərlə ipoteka verilməsinin başlanılmasını göstərmək olar. Bununla yanaşı, əmlaka investisiya qoymaq hər zamankı kimi aktualdır. Bütün bu aktiv prosesləri nəzərə alaraq mənzillərin qiymətlərinin artması gözlənilən idi".

Sizin Reklam Yeriniz