Mustafa Abbasbəyli: "Sığorta haqqı olaraq ödənilən əlavə xərc onları gələcək böyük xərclərdən qurtara bilər"
Xəyal Məmmədxanlı: "Obyekt siğorta olmayan zaman müəssisə sahiblərini məcbur edirlər ki, siğortalansınlar"
Sumqayıtda yerləşən "Karvan" ticarət mərkəzində baş verən yanğın nəticəsində maddi ziyana düşən sahibkarların böyük əksəriyyəti onlara dəyən ziyanın həcminin kifayət qədər böyük olduğunu bildirir. Mağaza və əmlakını sığorta etdirməyənlər isə dəyən ziyanı öz hesablarına ödəməli olacaqlar. Ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahiblərinin əksəriyyəti onlara məxsus obyektləri sığortalamadığından dəyən ziyanın böyük olacağı ehtimalı da artır.
Ümumiyyətlə, həmişə məhz belə hadisələr baş verən zaman siğorta məsələsi yada düşür. Bəlkə də məsələnin həlli yolu mağazaların məcburi olaraq siğortalanması, icbari siğortanın tətbiq olunmasıdır. Əslində, həlli çox sadə olan bu məsələnin nə səbəbdən bu qədər gecikməsi və bizdə yalnız bədbəxt hadisə baş verəndən sonra ortaya gəlməsi haqda ekspertlərin rəyini öyrəndik.
İqtisadçı-ekspert Vüqar Bayramov Movqe.az-a
verdiyi açıqlamada mağazalarda icbari siğorta sisteminin təqbiq
olunmasının yox, iş adamları, xidmət işçiləri arasında geniş
maarifləndirmə işlərinin aparılmasının zəruri olduğunu bildirib:
"Məsələ ondan ibarətdir ki, məhz bu tip xidmət sektorunda
çalışanlar öz obyektlərinin siğortalanmasını həyata keçirə
bilərlər. Amma, çox təəssüf ki, obyekt sahibləri satış
məntəqələrinin siğortalanmasını həyata keçirmir. Bu da təbii ki,
birmənalı şəkildə bu tip yanğın hadisələri və s. baş verən zaman
imkan vermir ki, dəymiş ziyanı aradan qaldırmaq olsun. Burda əsasən
problem ondan ibarətdir ki, Azərbaycan vətəndaşların siğortaya
münasibətləri, siğortanın əhəmiyyəti ilə bağlı yanaşmaları
fərqlidir. Bu gün dünyanın aparıcı ölkələrində xüsusən daimi olaraq
xidmət sektorunda çalışanlar siğorta xidmətindən istifadə edir.
Amma, çox təəsüf ki, Azərbaycanda siğortaya maraq kifayət qədər
zəifdir və siğortaya marağın az olması da siğortanın əhəmiyyəti il
bağlı iş adamlarında məlumatın az olması ilə bağlıdır. Bu gün
azərbaycanlı iş adamları siğortanın əhəmiyyətini kifayət qədər
anlaya bilmirlər. Onların siğortanın əhəmiyyəti ilə bağlı
yanaşmaları çox qüsurludur. O baxımdan, daimi olaraq bu hadisələr
baş verməsinə baxmayaraq, siğortadan istifadə edilməməsi birmənalı
şəkildə siğortanın əhəmiyyəti ilə bağlı sözügedən qurumlarda
məlumatın yox səviyyəsində olması ilə bağlıdır. Bu da imkan
vermir ki, baş verən yanğın kimi hadisələr müşahidə edilən zaman
xərclərin ödənməsini şirkət tərəfindən həyata keçirlsin.
Problemin həlli üçün obyektlərin məcburi olaraq siğortalanması düzgün deyil. Dünyanın heç bir ölkəsində bu siğortalar məcburi deyil. Bu sahibkarlar qarşısında bir seçim imkanıdır. Ona görə də, icbari siğorta sisteminin tətbiq edilməsindən daha çox, Azərbaycanda iş adamları arasında siğortanın əhəmiyyəti ilə bağlı maarifləndirmə kampaniyalarının aparılması daha məqsədəuyğundur. Siğortanın əhəmiyyəti ilə bağlı xidmər sektorunda çalışan işçilərin məlumatlandırılmasına ehtiyac var. Həmin sektorda çalışanlar anlamalıdırlar ki, belə hadisələr baş verən zaman həmin şirkət sahibi, həmin ticarət mərkəzinin rəhbərliyi buna məsuliyyət daşımır. Yalnız siğorta şirkəti, yalnız siğortalanmaqla dəymiş ziyanı aradan götürmək olar. Ona görə də, siğortanın əhəmiyyəti ilə bağlı geniş şəkildə maarifləndirmə kampaniyalarının aparılmasına ehtiyac var. Əks halda, bu tip problemlərin yaşanmasını yenə də müşahidə edəcəyik".
Sığorta üzrə ekspert Mustafa
Abbasbəylinin məsələyə münasibəti belə oldu: "Xırda dükanların
sığortadan istifadə etməməsinin səbəbləri ondan ibarətdir ki,
sözügedən dükan sahibləri istənilən əlavə xərcləri çəkməkdən
ehtiyat edirlər. Ancaq, nəzərə almırlar ki, sığorta haqqı olaraq
ödənilən əlavə xərc onları gələcək böyük xərclərdən qurtara bilər.
Bu halda icbari siğorta ən optimal çözümdür. İcbari sığortalar
haqqında Azərbaycan Respublikasının Qanununa əsasən sahibkarlıq
fəaliyyəti ilə məşğul olan bütün hüquqi və fiziki şəxslər (ticarət
obyektləri də bura aiddir) əmlaklarını icbari şəkildə siğorta
etdirməlidir. Eyni zamanda həmin obyektlərin istismarı nəticəsində
üçüncü şəxslərə dəyən zərərləri də siğorta etdirməlidirlər. Bu
baxımdan, hesab edirəm ki, icbari sığorta tam şəkildə tətbiq
edildikdən sonra ticarət obyektlərinin sahibləri sığortaya ilbəil
alışacaqlar və artıq siğortadan icbari olduğu üçün deyil, könüllü
şəkildə istifadə etməyə başlayacaqlar".
Siğorta üzrə ekspert Xəyal Məmmədxanlı isə
məsələ ilə bağlı saytımıza açıqlamasında Bakıda əksər dükanların
icbari siğortaya cəlb olunduqlarını və FHN-nin bu sahəyə xüsusi
nəzarət etdiyini deyib:
"Ümumiyyətlə, böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq, bütün ticarət obyektlərinin, satış obyektlərinin, müəssisələrin hamısı siğortalanmalıdır. Xüsusən də yanğından icbari siğortadan söhbət gedir. Təcrübə də göstərir ki, müəyyən ticarət mərkəzlərində, yarmarkalarda hər bir dükanın ayrı-ayrılıqda həm daşınmaz əmlakları, həm də daşınan əmlakları icbari qaydada siğorta olunur. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq dükanların hamısı icbari siğortaya cəlb edilir. Əgər dükan fəaliyyət göstərirsə, sahibkarlıqla məşğuldursa, kiçik bir market, bərbərxana, ayaqqabı dükanı, paltar, oyuncaq dükanı, ərzaq dükanı və ya iri bir ticarət mərkəzi olmasından asılı olmayaraq, onlar hamısı icbari siğortanın obyektidirlər və icbari siğortanmaya birmənalı şəkildə cəlb olunmalıdırlar. Olunmayıbsa, bunu araşdırmaq lazımdır. Çünki, Fövqəladə Hallar Nazirliyinin nəzarət sahələrindən biri də dükanların siğortaya cəlb olunmasına nəzarətə aiddir. Obyekt siğorta olmayan zaman müəssisə sahiblərini məcbur edirlər ki, siğortalansınlar. Və Bakıda da demək olar ki, əksər dükanları vaxtilə siğortalamışıq. Məhz yanğın baş verən "Karvan" ticarət mərkəzində dükanların siğortalanmamasının səbəbi araşdırılmalıdır. Ola bilər ki, siğortalanıblar, amma siğortanın müddəti bitib".
Xatırladaq ki, Karvan ticarət mərkəzində yanğın 19 oktyabr saat 19:30 radələrində baş verib. Əraziyə cəlb olunan yanğın söndürən briqadalar tərəfindən təxminən 6 saat sonra yanğının qarşısı alınıb.
Fövqəlada Hallar Nazirliyinin yaydığı məlumata görə, ticarət mərkəzinin ümumilikdə 23 700 kvadratmetr sahəsi yanaraq külə dönüb. Baş verən yanğın nəticəsində təcili yardıma 32 nəfər müraciət edib. Yardım göstərildikdən sonra onların hamısı evə buraxılıb. Yanğının baş vermə səbəbləri araşdırmaların yekununda məlum olacaq.