Fərhad Bayramov: "Ticarət mərkəzləri arasında qiymətlərin müxtəlif olmasının ilk səbəbi istehlakçılara təqdim olunan məhsulların keyfiyyətləri arasındakı fərqdir"
Bu gün ölkədə, xüsusən də paytaxt Bakıda xeyli sayda ticarət mərkəzi fəaliyyət göstərir. Elə əhalinin gündəlik ərzaq məhsullarından tutmuş geyimə qədər olan ehtiyacların təmin olunması üçün tez-tez üz tutduğu əsas məkanlardan biri də bu ticarət mərkəzləridir. Lakin diqqət cəlb edən məqamlardan biri də odur ki, ticarət mərkəzlərində məhsulların satış qiyməti getdikcə daha kəskin surətdə biri-birindən fərqlənməkdədir. Məsələn, eyni bir geyimə ticarət mərkəzlərində çox fərqli qiyməət rast gəlmək mümkündür. Bəzən bu fərq dəfələrlə olur. Ekspertlər isə hesab edir ki, belə vəziyyət ticarət etikasına zidd gəlməklə yanaşı, istehlakçıların hüquqlarının da pozulması kimi qiymətləndirilə bilər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Mövqe.az-a açıqlamasında bu xüsusda qeyd edir: "Azərbaycan bazarı liberal bazardır. Qiymətlər tələb və təklif aksiomu ilə formalaşır.Tələb artdıqca, qiymət qalxır, təklif də artarsa, onda qiymət sabit qala bilər. Bazarda olan sənaye mallarının, ərzaq məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənmir. Lakin bazar nə qədər liberal olsa da, dövlətin nə qədər müdaxiləsi olsa da dövlət orqanları inhisarçılıqla daim mübarizə aparmalıdır. 2011-ci ilin 14 yanvarında Nazirlər Kabinetinin yığıncağında ölkə Prezidenti malların qiymətlərinin şişirdilməsindən narazıçılığını bildirdi və dövlət orqanlarına tapşırıqlar verdi. Lakin yenə də, şişrdilmiş qiymətlərlə məhsul satışı davam edir.
Təsadüfi deyil ki, 31 may 2005-ci il ölkə prezidentinin ayrıca fərmanı var. Burada dövlət orqanlarına tapşırıq verilib ki, gömrüyə qədərki qiymətlər ilə daxili bazarda olan malların qiymətləri arasında monitorinq aparılsın və qəzetlərdə çap olunsun. Əsassız qiymət artımının səbəblərindən biri də alverçilər tərəfindən yaradılan inhisardır. İnhisarçılar özləri qiymət təyin edir. Təsadüfi deyil ki, dünyada böhran zamanı bütün yerlərdə malların qiyməti aşağı düşdü, amma ki, Azərbaycanda qiymətlər necə var idisə, elə də qaldı. Halbuki, dünyada qiymət artımı olanda ölkəmizdə də malların qiyməti birmənalı şəkildə artır. Bu, onu göstərir ki, bazarın seqmentləri təsir altındadır. Bu kimi hallar isə isə istehlakçıların hüquqlarının pozulmasıdır. Ən çox isə apteklərdə, dərman preparatlarında qiymət bahalaşması istehlakçıların hüquqlarının pozulmasıdır".
İqtisadçı ekspert Fərhad Bayramov isə
məsəəl ilə bağlı bildirir: "Ticarət mərkəzləri arasında qiymətlərin
müxtəlif olmasının ilk səbəbi istehlakçılara təqdim olunan
məhsulların keyfiyyətləri arasındakı fərqdir.Burada bir məqam daha
çox diqqəti cəlb edir ki, o da bəzən təxmini olaraq keyfiyyətləri
eynilik təşkil edən məhsulların arasında da qiymət fərqlərinin
özünü göstərməsidir. Bunun bir neçə səbəbi mövcuddur. Birincisi,
istehlak bazarına daxil olmuş məhsulun istər keyfiyyəti baxımından
öz müştərilərinin rəğbətini qazanması, istərsə də nümayiş etdirilən
reklam baxımından digərini üstələməsi nəticəsində bir brend halına
gəlməsi onun qiymətinin yüksəlməsinə əsaslı təsir göstərməkdədir.
Digər məsələ, məhsul və xidmətlərin istehlakçıya daha yaxın
məsafədən təklif olunmasının nəqliyyat ve daşınma xərclərini də özü
ilə gətiməsidir ki, bu da qiymətlərin yüksəlməsinə səbəbdir. Əsas
məsələlərdən biri də sabit xərclərin, məsələn, icarə qiymətlərinin
fərqli olmasıdır və bu da yenə qiymət artımına təsiredici məqamdır.
Bir sonuncu amil kimi də müştərilərin zövqlərinin müxtəlifliyini də
söyləmək mümkündür. Və bundan dolayı da hər hansı bir məhsula olan
tələbin yüksəlməsi birmənalı şəkildə onun qiymətinin yüksəlməsinə
də gətirib çıxarır. Bu da bazar iqtisadiyyatının mövcudluğunun ən
real təzahürüdür".