Əlaqə Arxiv
news Image
2013.10.23
17:00
| A A A
Ticarət avtomatlarından hələ də geniş istifadə edilmir
Natiq Cəfərli: «Avtomatlaşdırılmış ticarətin bazisini hazırlamaq lazımdır»

Eyyub Hüseynov: "Çox mühüm təkliflərimdən biri budur ki, məktəblərdə, təhsil müəssisələrində meyvə satan avtomatlar qurulsun"


Bir sıra Qərb ölkələrində, o cümlədən MDB ölkələrində alış-verişin ən rahat üsullarından biri kimi  ticarət avtomatlarından geniş şəkildə istifadə olunur. Artıq Qərbdə bu avtomatların xidmət sahəsi də bir xeyli genişləndirilib. Analoji təcrübədən bir sıra MDB ölkələri, məsələn, Ukrayna geniş şəkildə faydalanmaq istəyir. Belə ki, Kiyev meriyası  bu tipli avtomatlarda çay, kofe, konfet kimi məhsullardan əlavə dərman preparatları, ərzaq məhsulları, hətta gül dəstələri və ən müxtəlif çeşiddə əmtəə malları satılması üçün müvafiq addımlar atılacağını açıqlayıb. Günün 24 saatında müştərilər belə avtomatlardan yararlana biləcəklər.  Azərbaycanda ticarət avtomatlarından elə də çox məkanda istifadə olunmur və onların xidmət çeşidi çox az sayda məhsulla məhdudlaşır. Bizdə bu təcrübədən nə səbəbdən az istifadə olunmasının  səbəbləri haqda danışarkən iqtisadçı-ekspert Natiq Cəfərli Movqe.az-a açıqlamasında, Azərbaycanda ticarət avtomatlaşdırılarsa, bunun iş yerlərinin azalmasına gətirib çıxara biləcəyini deyib:

"Azərbaycanda pərakəndə ticarət başqa istiqamətdə inkişaf etdi. Çünki, MDB ölkələrinin bir çoxunda olsanız, görərsiniz ki, onlarda bizimki qədər supermarketlər, kiçik dükanlar yoxdur. Bizdə belə obyektlər həddindən artıq çoxdur. Hətta rəqəmlər göstərir ki, Bakı şəhərində iri marketlərdən başqa 30 minə yaxın kiçik və orta dükanlar mövcuddur. Bizdə sadəcə, istiqamət başqa tərəfə getdi. Bu da, fikrimcə, onunla əlaqədardır ki, Azərbaycanda özəlləşdirmədən sonra insanların kiçik payları əmələ gəldi. Yəni,insanlar öz kiçik zirzəmilərini və ya digər  obyektlərini özəlləşdirməyə başladılar. Və o obyektlərin işlədilməsinin ən asan yolunu Azərbaycanda məhz kiçik dükanların açılmasında gördülər. Bu da əlavə iş yerlərinin yaradılması ilə nəticələndi. Nəzərə alsaq ki, əgər 30 mindən çox xırda dükanlarda çalışanlar varsa, onlara mal gətirən insanlar və şəbəkələr də var. Yəni, bütün bunlar əvvəl iqtisadi sahədə ciddi bir iş yerlərinin yaradılması ilə nəticələndi. Azərbaycanda dünyanın bir çox ölkələrində olduğu kimi avtomatlaşdırılmış ticarətə keçid məncə, bir qədər çətin olacaq. Çünki, birincisi, avtomatlaşdırılmış ticarətin bazisini hazırlamaq lazımdır. Və bunun üçün ciddi qərarların verilməsi lazımdır. İkincisi isə, belə bir keçidin təmin olunması müəyyən iş yerlərinin azalması ilə nəticələnə bilər. Düşünmürəm ki, bu sahədə ciddi addımlar atılaraq belə islahatlara gedilsin. Çünki, iş yerlərinin azaldılması sosial duruma təsir edə bilər. Ona görə də, Azərbaycanda hələlik ticarət avtomatlarını ancaq hava limanlarında, dəmir yollarında və bir sıra belə yerlərdə görə bilirik. Amma, gələcəkdə bunun artması labüddür. Çünki, ticarətlə məşğul olmaq, xırda bir ticarət obyektində satışla məşğul olmaq ciddi biliklər və yaxud da ciddi əmək sərfiyyatı tələb etmir. Əgər Azərbaycanda daha yaxşı və daha çox maaşlı iş yerlərinin sayı artsa, dükanlarda çalışan, ticarətlə məşğul olan həmin insanlar o iş yerlərində çalışmağa daha çox üstünlük verəcəklər. İqtisadi tələb yaranarsa, Azərbaycanda da ticarət avtomatlarının sayı artar. Amma, mən bunun yaxın gələcəkdə baş verəcəyini gözləmirəm".

Azad İstehlakçılar Birliynin sədri Eyyub Hüseynov isə məsələyə belə münasibət bildirib: "Yaxın günlərdə Kiyevdə istehlakçı hüquqlarını qoruyan MDB təşkilatlarının 5-ci görüşü keçirildi ki, mən də bu konfransda iştirak etdim. Orada Ukraynanın və digər MDB ölkələrinin dövlət orqanları təmsil olunurdu. Konfransda bu kimi məsələlər də müzakirə olundu.  Çox təəsüflər olsun ki, Azərbaycanda ticarət avtomatları azdır. Mənim çox mühüm təkliflərimdən biri budur ki, məktəblərdə, təhsil müəssisələrində meyvə satan avtomatlar qurulsun. Bu çox müsbət addım olardı. Mən bu təklifi vermişəm, amma, hələ nəticə yoxdur. Əlbəttə ki, istehlakçı üçün avtomatik satış daha rahatdır. Lakin təəsüflər olsun ki, bununla bağlı Azərbaycanda demək olar ki, iş getmir. Bu, əslində, bu gün çox uğurlu biznes ola bilər. Lakin bu avtomatların genişləndirilməməsində görünür bir sıra səbəblər rol oynayır. Birincisi, avtomatların təhlükəsizliyi məsələsinin təmin olunması problemi var. İkinci, yer ayrılma məsələsi var və s. Bu istehlakçı hüquqlarının qorunması nəzəri cəhətindən, istehlakçıların ədalət və əqidəliyi nöqteyi-nəzərindən əhəmiyyətli tədbirlərdən biridir". 


Sizin Reklam Yeriniz