Əlaqə Arxiv
news Image
2013.10.24
11:26
| A A A
Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilir.


Movqe.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, Azərbaycanda İxracın Təşviqi və İnvestisiya Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilən biznes forumda rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən turizm, bank, energetika, İKT, tikinti, daşınmaz əmlak, müdafiə sənayesi, təhlükəsizlik, konsaltinq, təhsil və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edirlər.


Azpromo-nun prezidenti Rüfət Məmmədov bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq olduqca yüksək səviyyədədir: "Ölkələr arasında illik ticarət dövriyyəsi 115-120 mln. ABŞ dolları təşkil edir. Ancaq bu rəqəmi daha da artırmaq mümkündür".


R.Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkənin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, iri layihələr barədə məlumat verib. Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb. O, BƏƏ biznesmenlərini Azərbaycanın iş adamları ilə fəal əməkdaşlığa dəvət edib.


Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev BƏƏ-dən olan iş adamlarına bildirib ki, Azərbaycanda son 10 ildə inflyasiya bir rəqəmli olub. Onun sözlərinə görə, Azərbaycanın valyuta ehtiyatları 48 mlrd. dolları keçib: "Azərbaycanın ixracı idxalından 2 dəfə çoxdur. Qonşu ölkələrlə - Qazaxıstan, Rusiya, Gürcüstan və İranla əlaqələr qura bilərsiz. Hər bir iş adamını Azərbaycanda investisiya yatırmağa dəvət edirik".


Azpromo-nun nümayəndəsi Ömər Əfəndiyev isə Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib.


Tədbirin sonunda Azərbaycanın mövcud və potensial investisiya imkanları barədə müzakirələr aparılıb, BƏƏ iş adamlarını maraqlandıran suallar cavablandırılıb.


Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edir.

Sizin Reklam Yeriniz