Əlaqə Arxiv
news Image
2013.10.29
16:24
| A A A
Məhsullarımız hələ də brendə çevrilə bilmir
Eyyub Hüseynov: «Azərbaycan brendi tanınmır və məhsul istehlak edənlər xarici brendlərə üstünlük verirlər» Qadir İbrahimli: «Firma bunun üçün uzun bir inkişaf yolu keçməli, özünü təsdiq eləməlidir»

Bu gün bir sıra ölkələrin öz keyfiyyətli məhsulları ilə bütün dünyada tanınan, brendə çevrilmiş firmaları var. Belə firmalar ölkə iqtisadiyyatına da əhəmiyyətli gəlir gətirir. Məsələn, uzun zamandır brendə çevrilən "Adidas" firması   Almaniyanın tannımış sənaye şirkətidir. İdman ayaqqabıları, geyimləri və digər inventarın istehsalı üzrə ixtisaslaşıb. Və yaxud da ki, bu gün Koreyanın KİA avtomobil şirkətinin, Almaniyanın "Mercesdes-Benz" şirkətinin istehsal etdiyi maşınlar bütün dünyada insanların istifadəsinə üstünlük verdikləri məhsullardır. Belə firmalar həm sənaye, həm kənd təsərrüfatı sahəsində  mövcuddur. Azərbaycanda da bu kimi dünya brendləri daim yüksək rəğbət görüb və insanların alıcılıq qabiliyyəti bu məhsullarda daha çoxdur. Amma, nədənsə bizim yerli istehsalı həyata keçirən fimalar brendə çevrilə bilmirlər. Halbuki, bunun üçün istər sənaye, istər kənd təsərrüfatı sahəsində kifayət qədər imkanlar var. Belə brendlər olsaydı, bu, Azərbaycanın dünya miqyasında geniş şəkildə tanınması üçün də gözəl bir bir vasitə ola bilərdi.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Movqe.az-a bu sahədə Azərbaycanda olan vəziyyət  və görülən işlər barədə aşağıdakıları bildirib: "Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmaq ərəfəsindədir. Yaxın illərdə ölkəmiz bu qlobal quruma daxil olacaq. Ondan sonra bazar liberallaşacaq və Azərbaycan brendinə böyük ehtiyac olacaqdır. Bu gözləmə və reallıq vəziyyətinin təhlili onu göstərir ki, Azərbaycan brendi tanınmadığı üçün Ümumdünya Ticarət Təşkilatının siyasəti altında Azərbaycan malları zibilxanalara düşəcəkdir. Bu dediklərimdən narahat olan Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyi 5 ildir ki, Azərbaycanda rəqabətə davamlılıq tədbirlərini həyata keçirir. Və Azərbaycan brendinin tanınması üçün iş aparır. Azərbaycan brendini tanıtmaq üçün ərzaq mallarına keyfiyyət nişanı deyilən bir nişan təsis etməyi bizdən xahiş ediblər. Artıq belə bir nişan təsis olunubdur. Bu, Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi adlı keyfiyyət nişanı olacaq və gümüş, qızıl və platin səviyyəli nişanlar olaraq təsis ediləcəkdir. Biz bu nişanı almış malları dünyanın 150 ölkəsində, o cümlədən Azərbaycan istehlakçıları arasında təbliğ edəcəyik. Bu yaxınlarda, noyabr ayının 1-ində artıq bu nişan yerli istehsalçıya veriləcək. Bu "Ulduz’ şokolad fabriki olcaq. "Ulduz" şokolad fabrikinə platin nişan veriləcək. Bizim əməkdaşlarımız fabriklə bağlı uzun qiymətləndirmə işi aparıblar. Biz "Ulduz" şokolad fabrikinin məhsullarını, bütün dünyada təbliğ  edəcəyik.  Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olduqdan sonra artıq bu brendi almış mallar dünya və yerli istehlakçıların rəğbətini qazandığı üçün böyük, uğurlu bir biznesə gətirib çıxaracaqdır. 

Çox təəssüflər olsun ki, bizdə sənaye malları sahəsində problemər yaşanır. Azərbaycanda istehsal olunan sənaye mallarının 40-50 %-i xarici brendlər  adı altında satılır. Əhali sovet vaxtından fabriklərin tikdiyi bir ayağı uzun, biri qısa şalvarlardan, bir qolu uzun, biri qısa köynəklərdən, pencəklərdən beziblər. Yerli brendlər sovet vaxtından gözdən düşübdür. Lakin artıq Azərbaycanda dünya standartlarına uyğun olan mallar istehsal olunur. Bu, həm sənaye məhsullları, həm qida, həm kənd təsərrüfatı məhsullarına və s. aiddir. Düşünürəm ki, Azərbaycan höküməti elə iş aparmalıdır ki, Azərbaycan istehlakçıları bu brendləri tanımalıdır. Yerli malların təbliği çox zəif vəziyyətdədir.   Ona görə də, Azərbaycan brendi tanınmır və məhsul istehlak edənlər xarici brendlərə üstünlük verirlər. Bu Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olduqdan sonra Azərbaycanın böyük faciəsi ola bilər. Ona görə də, Azad İstehlakçılar Birliyi yerli istehsal layihələrinə qoşulubdur. Və bu işi ən yaxın zamanda həyata keçirəcək". 

İqtisadçı-ekspert Qadir İbrahimli saytımıza verdiyi açıqlamada azərbaycanlı sahibkarların yalnız keyfiyyət məsələsinə diqqət edəcəkləri, malları standartlara uyğun şəkildə istehsal edəcəkləri halda bizim firmaların da brendə çevrilə biləcəklərini deyib: "Brend bir günə, bir layihə ilə qısa müddətə yaradılmır. Müəyyən firmalar uzun inkişaf yolu keçirlər, özlərinin keyfiyyətli məhsulları ilə xidmətlərini tanıdırlar. Belə firmalar zamanla brendə çevrilirlər. Firma bunun üçün uzun bir inkişaf yolu keçməli, özünü təsdiq eləməlidir. Malların keyfiyyəti təsdiq olunmalıdır ki, insanların həmin firmanın məhsullarına etimadı olsun. Tutaq ki, "Adidas" firmasına keyfiyyətli idman geyimləri istehsal etdiyindən etimad edilib və zamanla brendə çevrilib. Və yaxud da ki, KİA avtomobillərini göstərmək olar. İnsanların onlara etimad göstərməsinə səbəb keyfiyyətdir. "Mercedes-Benz" avtomobilləri bugünkü səviyyəyə bir ilə, iki ilə çatmayıb . Uzun inkişaf yolu keçib. Belə firmalar brend səviyyəsinə yüksək keyfiyyətli standartları tətbiq etməklə gəlib çatıblar. 

Azərbaycanda da hansı sahibkar istəyirsə ki, onun məhsulu brendə çevrilsin, o keyfiyyət haqqında, standartlar haqqında düşünməlidir ki, istehlakçıları inandıra bilsin ki, onların məhsullarına tam etibar etmək olar və heç vaxt müştərilərə keyfiyyətsiz mal və ya xidmət təklif etməyəcəklər".


Sizin Reklam Yeriniz