Əlaqə Arxiv
news Image
2013.11.05
17:11
| A A A
Özəl sektor hələ də aqrar sahəyə sərmayə yatırmaqdan qaçır
Nizami Qarayev: «Buna səbəb kənd təsərrüfatının daha riskli sahə olmasıdır» Qadir İbrahimli: «İş adamları, qeyri-fermerlər bu sahəyə bir o qədər də investisiya yatırmır»

Bu gün aqrar sektora özəl sektor tərəfindən heç də böyük həcmdə sərmayə yatırılmadığı aydın müşahidə olunur. Burada əsas güc dövlətin üzərinə düşməkdədir. Düzdür, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə güzəştli kreditlər verilir və bu da    nəticə etibarı ilə aqrar sektora yatırılır. Lakin bu fond xətti ilə verilən kreditlərin həcmi elə də çox deyil. Hesab olunur ki, kənd təsərrüfatının daha dinamik inkişafı üçün özəl sektorun da bu sahəyə böyük həcmdə sərmayə yatırması lazımdır. Lakin özəl sektor bundan hələ ki, yayınır. 

Bunun  səbəbləri haqda danışarkən kənd təsərrüfatı üzrə ekspert Nizami Qarayev  Movqe.az-a açıqlamasında özəl sektorun kənd təsərrüfatına az investisiya yatırmasının kökündə bu sahənin riskli olmasının durduğunu bildirdi: "Aqrar sektora digər sektorlara nisbətən az yatırım gəlməsinin, az investisiya yatırılmasının məntiqi səbəbləri var. Birinci növbədə onu demək istərdim ki, Azərbaycan höküməti kənd təsərrüfatını torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edib. Əslində, bu, kənd təsərrüfatı sektoruna investisiya axınını təmin edən bir amil olmalı idi. Amma kənd təsərrüfatına digər sahələrlə müqayisədə daha az investisiya qoyulur. İş adamları bura daha az pul yatırır. Buna səbəb kənd təsərrüfatının daha riskli sahə olmasıdır. Çünki, kənd təsərrüfatı insan amilindən başqa, həm də təbiət amilindən asılıdır. Bu sektorda ən böyük problem budur". 

Ekspert siğorta sisteminin aqrar sahəyə də geniş şəkildə tətbiq olunacağı təqdirdə bu sahənin investorların marağına səbəb olacağını da qeyd edib: "Ölkədə siğorta sistemi kənd təsərrüfatına geniş tətbiq olunmadığından, nəticədə iş adamları öz investisiyalarını riskə atmaqdan ehtiyat edərək kənd təsərrüfatına investisiya qoymur. Digər bir səbəb isə kənd təsərrüfatında istehsal olunan məhsulların qiymətinin stabil olmamasıdır. Onun satışı ilə bağlı daimi problemlərin qalmasıdır. Bu da investorların sərmayələrini bu sahəyə cəlb etməkdən imtina etməsinə səbəb olur. Onların bu sahəyə az maraq göstərməsinə səbəb olur. Bunların aradan qaldırılmasının yolu əslində, sualın özündə gizlidir. Belə ki, kənd təsərrüfatı sahəsinə siğorta tətbiq olunarsa, bu sahə də digər sektorlar kimi insanların tam nəzarətində olarsa, onda bu sektorda da ciddi investisiya qoyuluşları həyata keçirilə bilər. Digər bir məsələ isə, kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı probleminin həll olunması ilə bağlıdır. Yeni bazarların tapılması, ölkədən kənarda yeni bazarların təşkil olunması məsələnin bir tərəfidir. Ölkə daxilində emal müəssisələrinin şəbəkəsinin genişlənməsi də, kənd təsərrüfatı məhsullarının emal olunması da məsələninin başqa bir tərəfidir ki, bu istiqamətdə bizdə xeyli görüləsi işlər var". 

İqtisadçı-ekspert Qadir İbrahimli isə aqrar  sahədə ən çox dövlət dəstəyinə ehtiyac olduğunu bildirib: "Ümumiyyətlə, aqrar sektor elə bir sahədir ki, burda adətən böyük gəlir olmur. Ona görə də, bütün dünyada aqrar sektor dövlətin himayəsi altında olur. İş adamları, qeyri-fermerlər bu sahəyə bir o qədər də investisiya yatırmır. Dövlət subsidiyalar ayırmaqla kənd təsərrüfatında istehsalatı stimullaşdırır. Bu baxımdan kənd təsərrüfatına yatırılan investisiyaların həcmi, adətən, sənayeyə və yaxud başqa sahələrə ayrılnan investisiyalardan bir qayda olaraq az olur. Yəni, bu dünya təcrübəsində olan tendensiyadır. Baxmayaraq ki, Azərbaycan aqrar ölkədir, əhalinin böyük hissəsi,  hardasa 40%-ə yaxını bu sahədə çalışır,  hələ ki, geniş inkişaf müşahidə olunmur. Düşünürəm ki, dövlət bu sahəyə  himayəni artırmalıdır". 



Sizin Reklam Yeriniz