Bu gün Azərbaycanda istehlak kreditlərinin həcmi gündən-günə artmaqdadır. Artıq insanlar ciddi bir səbəb olmadan, hər hansı avadanlıq, ev əşyası və ya bahalı telefon almaq üçün belə kreditə müraciət edirlər. Bu, əlbəttə ki, əlində nağd pul olmayan zamanlarda ehtiyaclarını ödəmək cəhətdən əhaliyə sərf edir. Lakin, banklar tərəfindən verilən kreditlərin faiz dərəcələri yüksək olduğundan, alınan pulların zamanında geri qaytarıla bilməməsi gələcəkdə banklar üçün ciddi problemə çevrilə bilər.
İqtisadçı-ekspert Natiq Cəfərli
Movqe.az-a açıqlamasında bildirir ki, insanların həddindən artıq
istehlak kreditlərinə yönəlməsi bankların maaliyyə sistemi üçün
təhdid yaradır: "İstehlak kreditlərinin artması və onun geri
qayıtmayan hissəsinin müvafiq olaraq ildən-ilə artımı ciddi təşviş
doğurur. Çünki, bəzi banklarda qaytarılmamış kreditlərin həcmi
normadan çoxdur. Dünyada qəbul olunmuş praktikaya görə, həddən
artıq qaytarılmayan kredit miqdarı olduqda həyəcanlı vəziyyət
yaranır və banklarda bununla bağlı tədbirlər görülür. Bizdə isə
artıq qaytarılmayan kreditlərin miqdarı beynəlxalq normaların iki
dəfə üzərindədir. Bunun səbəbi həm psixoloji məsələlərdən irəli
gəlir, həm də əhalinin iqtisadi durumu ilə əlaqədadır. Psixoloji
durum odur ki, çox təəsüf ki, bizdə insanlarda rəqabət
psixologiyası var. Əgər qonşuda varsa, ya da hər hansı tanış təzə
avadanlıq alırsa həmin insanlar da lazım oldu-olmadı bahalı
telefonlara, bahalı ev əşyalarına sahib olmaq üçün, "qonşudan qalma
dala" prinsipini rəhbər tutaraq addımlar atırlar. Ciddi ehtiyac
olmadan belə, kreditə müraciət edirlər. Bu isə sonradan onların
aldıqları kreditlərin qaytarılmasında ciddi problemlər yaradır. Bu
məsələnin psixoloji tərəfidir. İqtisadi səbəbi isə ondan ibarətdir
ki, rəsmi məlumatlara görə, Azərbaycanda olan normal əmək haqqı 500
ABŞ dolları civarındadır. Bu, o qədər də yüksək məbləğ deyil. Yeni
evlənənlər, gənc ailələr, büdcə təşkilatlarında çalışanlar özlərinə
ev əşyası almaq üçün çətinlik çəkirlər. Ona görə də, istehlak
kreditlərinə yönəlirlər. İstehlak kreditlərinin də faizləri
Azərbaycanda çox yüksək olduğundan, sonradan onun qaytarılmasında
problemlər yaranır. Bu isə bank sektorunda ciddi təhdid yaradır və
gələcəkdə mənfi təsir göstərə bilər".
Azərbaycan Kredit İttifaqları
Assosiasiyasının İdarə heyətinin sədri Ayaz Quliyev isə Movqe.az-a
müsahibəsində istehlak kreditlərinin iqtisadiyyata daha çox
müsbət təsirinin müşahidə olunduğunu bildirib: "İnsanlar istehlak
kreditinə o vaxt müraciət edirlər ki, hansısa bir məhsulu almağa
imkanları çatmır və ya nağd ödəniş etmək istəmirlər. Ona görə
banklar bu gün istehlakçılara geniş kredit imkanları yaradırlar.
Banklar istehlak kreditləri ilə əhalinin əksəriyyətini özünə cəlb
edirlər. Bəlkə də insanlar məhsulu nağd şəkildə alsalar daha yaxşı
olar. Amma, bu yol insanlara daha əlverişlidir. Düşünürəm ki,
istehlak kreditlərinin iqtisadiyyata mənfi təsirindən çox müsbət
təsiri var. Hər halda kredit maaliyyə məhsuludur. İnsanlar arasında
daha çox yayılır və geniş şəkildə istifadə olunur. Bu səbəbdən
istehlak kreditlərinin reytinqi gündən-günə artır".