Araşdırmalar göstərir ki, Azərbaycanda istehsal olunan kartof yüksək keyfiyyəti ilə seçilməklə bərabər, ölkənin daxili tələbatını da ödəyə biləcək miqdardadır. Lakin buna baxmayaraq, ölkəmizə hələ də xaricdən kartof idxal olunur ki, bunların içərisində bəzən texniki sortlara da yer verilir. Təbii ki, texniki kartofların gətrilməsində hansısa qəbahət yoxdur, lakin bəzən onun ərzaq kartofu ilə insanlara satılmasına cəhd göstərilir. Qida üçün yararlı olmayan bu cür kartoflardan emal müəssisələrində spirt, kraxmal istehsal edilir və kartofdan alınan maddədən plastmas istehsalında komponent kimi istifadə olunur. Belə kartoflar görünüşcə və dadına görə də digərlərindən fərqlənir. İriliyinə görə seçilən belə kartofların tərkibində çoxlu miqdarda kalium və solonin maddələri olur ki, bu da insan orqanizmi üçün zərərlidir.
Kənd təsərrüfatı üzrə ekspert Nizami
Qarayev Movqe.az-a məsələ ilə bağlı açıqlama verib. Ekspertin
sözlərinə görə, Azərbaycanda kartofun məhsuldarlığının
artırılmasına ehtiyac var: "Bizdə kartof istehsalı ilə bağlı
statistikaya baxdıqda, rəqəmlər göstərir ki, yerli kartof istehsalı
daxili tələbatı ödəyə biləcək qədərdir. Hətta bəzi yerlərdə
tələbatdan daha çox kartof istehsal olunur. Amma istehsal olunan
kartofun istehsal müddətinə baxdıqda, çox fərqli bir şey müşahidə
olunur. Bizim ölkəmizdə istehsal olunan kartofları istehsal
müddətinə görə 3 qrupa bölmək olar. Birincisi, tez istehsal olunan
kartoflardır. Bunlar əsasən, Cəlilabad rayonunda yetişir. İkincisi,
orta müddətdə istehsal olunan kartofdur ki, bu, əsasən,
Şəmkir rayonunda əkilir. Və nisbətən gec müddətdə istehsal
olunan, bazara çıxan məhsullar var ki, bu, Gədəbəydə, Quba-Qusar
zonasında, dağlıq ərazilərdə yetişir. Əgər bu istehsalın tərkibinə
baxsaq, görərik ki, bizim faraş istehsal olunan kartof, demək olar
ki, saxlanılmır. Onun çox cüzi hissəsi daxili bazarda satılır. Bu
kartof, əsasən, ölkədən xaricdə satılır. İxrac yönümlü məhsuldur.
Göründüyü kimi, biz tələbatımız qədər kartof istehsal eləsək də,
onu bütün mövsüm boyu bərabər şəkildə istehsal etmədiyimizdən
daxili tələbat tam şəkildə ödənilmir. Daxili tələbat ödənilmədiyinə
görə, daxili bazarda kartofun qiyməti də bahalaşır. Qiymət qalxanda
da daxili bazarı inzibati metodarla heç də həmişə tənzimləmək
olmur. Kənardan, digər ölkələrdən ölkə bazarına kartof daxil olmağa
başlayır. Gətirilən kartofun keyfiyyəti ilə də bağlı zaman-zaman
problemlər yaşanır. İstifadəyə yararsız məhsullar da bəzən ölkəyə
gətirilə bilir. İnzibati metodlarla bütün bunların qarşısını almaq
olar. Amma birmənalı şəkildə almaq mümkün deyil. Ona görə də, ölkə
daxilində daxili tələbatı bütün mövsüm boyu ödəyə biləcək kartof
istehsalı təmin olunmalıdır. Tez, orta və gec müddətdə istehsal
olunan kartofun miqdarının artırılmasına ehtiyac var.
Başqa bir səbəb isə, bizdə kartof əkin sahələri böyük olsa da, məhsuldarlıq Avropa ölkələri ilə müqayisədə 2-3 dəfə azdır. Bizdə, əgər orta məhsul istehsalı 14-15 ton arası miqdarda dəyişirsə, Avropa ölkələrində bu məhsuldarlıq 40-60 ton arasında dəyişir. Göründüyü kimi, bizim potenialımız var ki, məhsuldarlığı artıraraq öz ölkəmizin kartofa olan tələbatını tam şəkildə ödəyək. O zaman ölkəyə kənardan keyfiyyətsiz kartofun gətirilməsinin qarşısını almaq mümkün olar".
Ekspert fermerlərə bu sahədə dəstək olunarsa, ölkəyə keyfiyyətli toxum gətirilərsə, yerli istehsalın daxili tələbatı ödəyəcəyini və bu halda, xaricdən keyfiyyətsiz məhsulların gətirilməsinə ehtiyac olmayacağını bildirib: "Amma burda üstündə xüsusi dayanılacaq bir məsələ var ki, ölkədə yüksək məhsul alınmamasının səbəbləri var. Səbəblərdən biri fermerlərin istehsal haqqında kifayət qədər məlumatlı olmamasıdırsa, ikinci səbəb, onların istehsal vasitələri ilə, kifayət qədər toxum materialları ilə təminatında problemlər olmasıdır. Ölkədə kartof əkin sahələri geniş olsa da, əkin sahələri keyfiyyətli toxumla təmin olunmur. Deməli, əslində, fermerləri keyfiyyətli toxum materialı ilə, keyfiyyətli gübrələrlə, pestisidlərlə təmin etməklə məhsuldarlığın artırılmasına kömək etmək mümkündür. Məhz bu yolla gedərək ölkənin tələbatını daxili istehsal hesabına ödəmək olar".
Kənd Təsərrüfatı Nazirliyinin
Bitkiçilik şöbəsinin rəisi Sabir Vəliyev isə saytımıza verdiyi
açıqlamada xaricdən məhsul gətirilməsinin çox normal bir prosses
olduğunu və qarşısının alına bilməyəcəyini söyləyib: "Azərbaycanda
xarici sahibkarlarla əməkdaşlıq haqqında qanun var. Bu qanun da
varsa, nə qədər tələbat ödənsə də, başqa ölkələrdən məhsul
gətirilir. Amma xaricdən məhsul gətirilsə də, o, bazara birbaşa
daxil olmur. Kənd Təsərrüfatı Nazirliyinin nəzarət xidməti
tərəfindən yoxlanılır, əgər insan orqanizminə zərərli olduğu aşkar
olunursa, satışı qadağan olunur. Biz ölkələrlə əməkdaşlığı ləğv edə
bilmərik. Əgər bizə xaricdən məhsul gəlirsə, əvəzində bizim
məhsullar da onların bazarında satılır. Burda heç bir qəbahət
yoxdur".