Məlumat verildiyi kimi, Nazirlər Kabineti gömrüksüz ticarət mağazalarının ("duty free") yaradılması və fəaliyyətinin tənzimlənməsi qaydalarını təsdiq edib. Gömrüksüz mağazalar ticarəti beynəlxalq aeroportlarda, beynəlxalq dəniz limanlarında, sərhəd-keçid məntəqələrindəki gömrük nəzarət zonalarında yaradıla bilər. Bu tipli mağazalarda satılan məhsullara görə, dövlət hərhansı bir rüsum, vergi tələb etmir. Və "duty free"lərdə satılan məhsullar, əsasən brend markaların məhsulları olur. Azərbaycanda belə mağazaların açılmasında məqsəd və iqtisadi cəhətdən gözlənilən üstünlüklər haqda araşdırma apardıq. İqtisadçı-ekspertlərə görə, haqqında sözügedən mağazaların fəaliyyəti Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək.
İqtisadçı-ekspert Məhəmməd Talıblı
Movqe.az-a açıqlamasında "duty-free" mağazalarının açılmasını
dövlətin himayədarləq siyasəti adlandırdı: "Əslində, bu, dövlətin
dolayı yolla etdiyi himayədarlıq siyasətidir. Məqsəd ümumiyyətlə,
xarici investorların ölkəyə cəlb olunmasıdır. Və xarici
investorların cəlb olunması da, həmin o investorların mal və
xidmətlərinin ölkə daxilinə, ümumiyyətlə, ölkə iqtisadiyyatına
daxil olması üçün nəzərdə tutulur. Adətən, dövlətlər bəzən azad
ticarət zonası yaradırlar. Azad ticarət zonasında istehsal olunan
mal və xidmətlərə görə , ümumiyyətlə, dövlət heç bir vergi almır.
Əslində, bu da ona bənzər metodlardan biridir. Bu vəziyyət ondan
xəbər verir ki, xarici investorların ölkəyə gəlməsi daha əsas
götürülür. Həmin investorlar ölkəyə gələn zaman, təbii ki, həmin
malların ölkədə rəqabət imkanları da yaranır. Eyni zamanda buna
bənzər məhsulların da istehsalının stimullaşdırılmasına gətirib
çıxara bilər. Ona görə də, belə xidmətlərin təklif olunması əlavə
olaraq ölkədə yeni istehsal müəssisələrinin yaradılmasına gətirib
çıxara bilər. Eyni zamanda, bəzi şirkətlərə tətbiq olunan bu
xidmətlər çox arzuolunan şəkildə yerli sahibkarlıq subyektləri üçün
də tətbiq oluna bilər. Belə olan təqdirdə də, həmin yerli
sahibkarların gəlirlərinin bir qismi gərək vergi formasında dövlət
büdcəsinə daxil olsun. Bu, əslində, eksklüziv və lüks mallarla
bağlı olur. Daha çox marka olan eksklüziv məhsulların satışı zamanı
nəzərə alınır. Bu xidmətlərin yaradılmasında məqsəd mal satışı ilə
həmin ölkə iqtisadiyyatının zənginləşməsi deyil, məhz həmin
brendlərin ölkəyə daxil olmasıdır. Belə brendlərin ölkəyə daxil
olması ümumilikdə, ölkənin reytinq göstəricilərininin artmasını da
təmin edir. Ona görə də, daha çox bu cəhətlər əsas götürülür və
həmin brendlərin ölkəyə daxil olması üçün belə bir asan yoldan
istifadə olunur. Sahibkarlara şanslar verilir".
İqtisadçı-ekspert Ruslan Atakişiyev
isə, saytımıza verdiyi açıqlamada belə mağazaların sayı artdıqca
məhsulların qiymətində də ucuzlaşma müşahidə oluna biləcəyini
bildirdi: "Bu təcrübə bir sıra qərb ölkələrində tətbiq olunub.
Ümumiyyətlə, dünya ölkələri daxildə istehsal olunan məhsulun daha
çox xaricə ixrac olunması, xarici turistlərin ölkədən daha çox mal
alması baxımından bu kimi təcrübələr həyata keçirirlər. Məsələn,
bəzən ölkələrdə "tax-free" sistemi tətbiq olunur ki, buna
əsasən, ölkə daxilində məhsul alan zaman xarici vətəndaşa verilən
sənəd əsasında, o, öz ölkəsinə qayıdarkən elə hava limanında və ya
gömrükdə aldığı məhsulun əlavə dəyər vergisi müəyyən dərəcədə həmin
alıcıya qaytarılır. Və yaxud da, bu kimi bir sıra stimullaşdırıcı
üsullardan istifadə edirlər. Bunu o məqsədlə edirlər ki, müştərilər
belə məhsulları daha çox alsınlar.
"Duty free" mağazaların açılması da ölkə daxilində daha çox məhsulun satılmasına gətirib çıxaracaq. Bu, ticarətin inkişafına birbaşa olaraq təsir göstərəcək. Zaman keçdikcə, belə mağazaların sayı artdıqca, burada satılan brend malların qiymətlərində də müəyyən dəyişikliklər olacaq".