Bu günlərdə texniki avadanlıqların istehsalı ilə məşğul olan Türkiyənin "HİDROMEK" şirkəti "Mitsubişi"nin motor istehsalı üzrə ixtisaslaşmış bölməsini satın alıb. Bu münasibətlə imzalanan müqaviləyə əsasən "Mitsubişi"nin Tailandda yerləşən motor istehsal edən şirkəti bütün avadanlıqları və işçiləri ilə birlikdə "HİDROMEK"in ixtiyarına verilib.
"HİDROMEK"in İdarə Heyətinin sədri Hasan Basri Bozkurt verdiyi açıqlamada bildirib ki, onun rəhbərlik etdiyi şirkət bu müqaviləni imzalamaqla Tailandda İspaniya və Rusiyadan sonra şirkətin ən çox sərmayə qoyduğu ölkə olub. Onun sözlərinə görə, bu alış əməliyyatı ilə "HİDROMEK" şirkəti Asiya ölkələri arasında da tanınmaq imkanı əldə edib. Bu fonda bəzi ekspertlər hesab edir ki, Azərbaycan da analoji addımlardan istifadə etməlidir. Yəni, ölkəmiz tanınmış avtomobil istehsalçılardan birinin hansısa istehsalat sahələrini ala bilər.
Azərbaycan Texniki Universitetin "Avtomobil nəqliyyatı vasitələri" kafedrasının müdiri, texnika elmləri namizədi, dosent Sülhəddin Gözəlov bildirdi ki, bizdə hazırda 3 yerdə - Gəncə, Naxçıvan və Şamaxıda avtomobil yığımı ilə məşğul olunur: "Buna xırda istehsal demək olar. Müasir avtomobillərin kiçik hissələrini yığmaq üçün də Azərbaycanın istehsal imkanları var. Mühərrik, mürəkkəb aqreqatların yığımı isə hələlik bizdə yoxdur. Ancaq bu istiqamətdə işlər aparılır. Gələcəkdə istehsal edə bilərik. Çünki, ölkəmizin buna sənaye imkanı var. Məsələn, Sumqayıt Texnologiyalar Parkında 13 zavod fəaliyət göstərir. Həmin zavodların içərisində avtomobil zavodu da var. Orada yük avtomobillərinin çərçivəsi və əlavə komplekt dəstlər də düzəldilir. Gələcəkdə Sumqayıt Texnologiyalar Parkında mürəkkəb qurğuların yığılması mümkündür".
İqtisadçı-ekspert Məhəmməd Talıblı da bunun mümkün olduğunu vurğulayır: "Dünya ölkələrində bu cür praktikalar mövcuddur. Tətbiq edilən təcrübələr onunla bağlı olur ki, həmin ölkələrdə azad istehsal zonaları elan edilir. Həmin zonalarda belə müəssisələrin yerləşdirilməsi mümkün olur. Ora daxil olmaq üçün də konkret şəxslərə müəyyən güzəştlər tətbiq edilir. Əslində, belə kooperasiyaların yaranması ölkə daxilində yerli istehsalçıların maraqlarına da uyğundur. Həmçinin xarici investorların ölkəyə cəlb olunması baxımından pozitiv hal kimi qiymətləndirmək olar. Bu, həm də ölkədə vergi potensialının, mal və xidmət imkanlarının artmasına gətirib çıxara bilər. Paralel olaraq nəticədə ölkənin həmin brend üzrə ixtisaslaşma imkanları güclənir. Həm də ölkədə əhalinin işlə təmin olunmasına yardım etmiş olur. Bu, eyni zamanda ölkəyə marağı da artırır. Çünki, ehtiyat hissələrinin başqa ölkələrdə yığılması üçün zavodlar həmin ölkələrə lisenziya verir. Lisenziyaların verilməsi şirkətlə həmin ölkə arasında sıx münasibətlər formalaşdırır. Nəticədə o avtomobillərdən həmin ölkədə daha çox istifadə edilməsinə təşviq yaranmış olur. Çünki, insanlar bilir ki, öz ölkələrində o maşının ehtiyat hissələri satılacaq. Ona görə də o avtomobildən istifadə edənlərin sayı da çoxalır. Bu baxımdan Azərbaycanda da belə kooperasiyaların yaranması istiqamətində addımların atılması təqdirəlayiqdir. Belə olarsa, avtomobilin həmin hissələrinin qiyməti daha ucuz başa gələcək. Məsələn, bizdə xüsusi ilə Sumqayıt şəhərində belə azad iqtisadi zonanın elan edilməsi tamamilə mümkündür. Çünki, ora fərqli şərtlər altında vergi və inzibati güzəştləri hesabına həyata keçirilməsi mümkün olan bir zonadır. Ona görə də Sumqayıtda belə bir avtomobil hissələrini istehsal edilməsi tamamilə mümkündür".