İqtisadçı ekspert Azər Mehtiyev də məsələ ilə bağlı bildirdi ki, ölkəmizdə xüsusi ilə ərzaq məhsullarının qiymət artımı problem olaraq qalır: "Inkişaf etmiş qərb ölkələrində bayramqabağı günlərdə xüsusi qiymət endirimləri həyata keçirilir. Əhali bir qayda olaraq bilir ki, bayramqabağı bütün mağaza və şirkətlər qiymətləri aşağı salacaqlar. Onlar daha çox mal satmaqla daha çox gəlir əldə etməyə çalışırlar. Yəni, baha satmaqla deyil, dövriyyəni artırmaqla gəlir əldə edirlər. Amma bizdə sovetdən qalma prinsip həyata keçirilməkdədir. Yəni, bayramqabağı qiymətlər artır. Bazarda rəqabətin zəif inkişaf etməsi qiymətlərin qalxmasına şərait yaradan amillərdəndir. Hətta elə sahibkarlar də var ki, məhsullarını xüsusi olaraq bayramqabağı satmaq üçün saxlayırlar və həmin dövrdə bazara çıxarırlar. Nə qədər ki, bazarın xarakterində bu varsa, proses davam edəcək. Bayram günləri əhalinin məhz ərzağa olan tələbatını artırır. Buna görə də mağazalar qiymətləri qaldırmağa meylli olurlar. Bunun qarşısını alamq üçün ölkədə rəqabətqabiliyyətliliyi artırmaq lazımdır. Həm də mağazaların idxal olunan məhsullara əlçatımlığı təmin edilməlidir ki, məhsul bolluğu yaransın. Eyni zamanda kənd təsərrüfatı məhsullarının satış şəbəkəsinin daha geniş təşkil edilməsi qiymətlərin qalxmasının qarşısını ala bilər. Bu gün dövlət kənd təsərrüfatı məhsullarının yarmarkasını həyata keçirməkdədir. Amma bu da istənilən faydasnı vermir. Bu baxımdan növbəti bayram dönəmində də qiymətlərin qalxması gözləniləndir".
Kənd təsərrüfatı üzrə eksprt Vahid Məhərrəmovun fikrincə, bayramqabağı qiymətlərin qalxmasının iqtisadi əsası yoxdur: "Bu, süni olaraq qaldırılır. Qiymət artımının əsas səbəbi odur ki, Azərbaycan bazarı məhduddur. Əhalinin, istehlakçıların sayının və onların alıcılıq qabiliyyətinin az olması, həm də satışla məşğul olanların sayının çox olması qiymətlərin yüksəlməsinə şərait yaradır. Satıcılar bayram ərəfəsində ajiotaj yaradaraq qiymətləri süni sürətdə artırıb gəlir əldə etməyə çalışırlar. Əslində, onlar da başadüşüləndir. Ona görə ki, ölkədə istənilən sayda istehsal müəssisələrinin olmaması və insanların bir qisminin həmin istehsal müəssisələrinə cəlb edilməməsi əhalinin əsas hissəsinin ticarətlə məşğul olmağa vadar edir. Bu da disbalans yaradır. Normal sayda və qaydada istehsal müəssisələri olmalıdır. Əhalinin bir hissəsi istehsalla, digər hissəsi də ticarətlə məşğul olmalıdır. Yəni, bizdə ticarət məntəqələrinin sayı çoxdur. İstehlakçıların da sayı elə ciddi artmamaqla yanaşı, onların alıcılıq qabiliyyəti də aşağıdır. Düzdür, alıcılıq qabiliyyətinin aşağı olması məhsulun dəyərini aşağı salmalıdır. Amma bizdə elə deyil. Çünki, satıcılar bilirlər ki, alıcıların başqa çıxış yolu yoxdur. Onlar istehlak üçün mütləq bazara üz tutacaqlar. Ona görə də yaranmış vəziyyətdən sui-istifadə edirlər. İdxalçılar da, tədarüklə məşğul olan sahibkarlar da bu formada fəaliyyət göstərirlər".