Dünya bazarlarında qızılın qiyməti yenə sürətlə dəyər itirməkdədir. Artıq 1 unsia qızılın qiyməti 1240 dollara qədər azalıb. Bu, özünü qızıldan hazırlanan zinət əşyalarının qiymətində də qabarıq formada büruzə verir. Məsələnin maraqlı tərəflərindən biri isə odur ki, qızıl bahalaşdıqda bu, Azərbaycanda qızıl-zinət əşyalarının qiymətinin artması ilə müşayiət olunur. Lakin qızılın qiyməti aşağı düşdükdə analoji tendensiya müşahidə olunmur.
İqtisadçı-ekspert Pərviz Heydərov bununla bağlı bildirdi ki, dünyada təkcə qızılın deyil, bir çox strateji və o cümlədən çox işlənilən məhsulların qiymətləri qalxdıqda Azərbaycanın daxili istehlak bazarında adekvat vəziyyətin yarandığı müşahidə edilir: "Bu isə təbii haldır. Amma əks tendensiya yarandıqda bu, eyni cür nəzərə çarpmır. Qeyd edim ki, 2009-cu ildə qlobal iqtisadi və maliyyə böhranı zamanı bu, daha əyani müşahidə edilmişdi. Yəni, bu, təkcə qızıla aid deyil. Qeyd olunan vəziyyətə isə səbəb, idxaldakı isanların sayının az və rəqabətin zəif olmasıdır. Belə ki, rəqabətin zəif olması elə bir haldır ki, konkret şəxslər bazardan maksimum xeyir götürmək istəyir. Xarici bazarlarda bahalaşma bu baxımdan, onların əlinə bir bəhanə verir. Sonradan qiymət endikdə odur ki, eyni addımı atmaqda maraqlı olmurlar. Konkret olaraq qızıla gəldikdə isə, bu sahədə ölkəyə idxalda inhisarın olduğu heç də ciddi araşdırma tələb etmir".
Ekspert bildirdi ki, qızılın qiyməti hər şeydə olduğu kimi tələb və təklifin nisbətindən asılıdır: "Lakin burada bir cəhəti də nəzərə almaq lazımdır ki, qızıl investorlar üçün həm də bir yatırım vasitəsidir. Söhbət, onların sərbəst vasitələrindən gedir. Qızıl həmişə neftin qiyməti ucuzlaşdıqda bahalaşır. Neft baha olduqda isə qızılın qiyməti sabit qalır və yaxud düşür. Qızıla bu cür yanaşma gələcəkdə də davam edəcək. Xüsusən də nəzərə alsaq ki, dünyada valyutalar arasında mübarizə getdikcə qızışacaq, deməli, qızılın ucuzlaşması müvəqqətidir. Ümumiyyətlə, qızılın qiymətinin enişində müəyyən hədd var. O, heç vaxt maksimum dərəcədə dəyərdən düşə bilməz".
Digər iqtisadçı ekspert Yaşar Əsədov bildirdi ki, bu, ilk növbədə ölkədə qızıl biznesi ilə məşğul olanların sayının az olmasından qaynaqlanır: "Bu, məsələni nəzəri cəhətdən izah edir. Digər tərəfdən isə, qızıl ticarəti ilə məşğul olan insanlar əvvəl qızılın qiymətinin yüksək olduğu vaxt hansısa zinət əşyaları gətiriblər. İndi onlar onu müqayisəli qiymətlərlə aşağı sala bilməzlər. Yəni, baha alıb ucuza satmaq ziyana getmələri deməkdir. Bu məqamda ölkədə rəqabət qabiliyyəti güclü və bu işlərlə məşğul olan müxtəlif qruplar olsaydı, indi gətirilən məhsullar bugünə qədər gətirilən məhsullarla rəqabətə girib məcburən onların da qiymətini aşağı salardı. Hazırda Azərbaycan dünya ilə kifayət qədər çoxşaxəli iqtisadi əlaqədədir. Konkret qızıl sahəsində də əlaqələr yüksək səviyyədədir".
Ekspert qızılın qiymətinin formalaşmasında maraqlı nüansı vurğuladı: "Qızılın qiyməti iki nəfərin görüşdüyü və qarşılıqlı əlverşli qiymət sövdələşdikləri azad bazarda müəyyən olunur. Qiymət külçələrlə məşğul olan 5 aparıcı Britaniya dileri tərəfindən gündə iki dəfə Londonun qızıl birjasında təyin olunur. Azərbaycanda da qiymətlər ondan asılıdır. Çünki, ölkəmiz qızıl istehsalçısı deyil. Zərgərlik fabrikimiz olsa da, kütləvi şəkildə xaricdən gətirilir. Ona görə burada da qiymətlər xaricdəki qiymətlərdən asılı olaraq dəyişməlidir".