Məlumat verildiyi kimi, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə danışıqların növbəti raundu təxiər salınaraq 2014-cü ilin ilk rübünə keçirilib. Daha əvvəl isə ÜTT-nin işçi qrupu ilə görüş bu il oktyabrın sonu - noyabrın əvvəlinə planlaşdırılmışdı. Hazırda proseslər göstərir ki, ölkəmizin ÜTT-yə üzvlüyü hələ yaxın tezlikdə reallaşmayacaq. Quruma üzvlük prosesinin uzanmasının Azərbaycana müsbət və mənfi təsirləri isə əvvəlki kimi mübahisə predmeti olaraq qalır.
İqtisadçı ekspert Rəşad Həsənov
Movqe.az-a açıqlamasında Azərbaycanın ÜTT-yə üzvlüyünün
gecikməsinin səbəblərini belə izah edir: "Azərbaycanın ÜTT ilə
üzvlük məsələsində yaranan fasilə ilk öncə danışıqların gərgin
sferada keçməsindən və tərəflərin razılıq mərhələsindən uzaq
olduğundan xəbər verir. Gecikmə səbələrini iki istiqamətdə müəyyən
etmək olar. Birincisi, prosesi izlədikdə məlum olur ki, Azərbaycan
hökuməti indiki şərtlər daxilində ÜTT-yə üzvlükdə maraqlı deyil.
Bunun üçün müəyyən arqumentlər də səsləndirirlər. Belə ki, hökumət
hesab edir ki, ölkədə kənd təsərüfatını idxaldan qorumaq və
subsidiya siyasətinin davam etdirilməsi baxımından ÜTT-yə üzv olmaq
təhlükəlidir və bu baş verərsə, aqrar sektorda ciddi tənəzzül
müşahidə ediləcək. İkincisi isə, qurumun ölkəni ÜTT ilə əməkdaşlığa
və üzvlüyə hazır hesab etməməsidir".
Ekspert Ümumdünya Ticart Təşkilatına üzvlüyün Azərbaycan iqtisadiyyatına göstərə biləcəyi təsirlər barədə isə bildirir: "Qlobal ticarətin təxminən 95%-ni özündə birləşdirən bu sistem ilk növbədə dünya bazarının aktiv və bərabərhüquqlu üzvü kimi çıxış etmək üçün yeganə qapıdır. Digər tərəfdən ölkə iqtisadiyyatında müqayisəli üstünlüyə malik sektorların inkişafına ciddi təkan verə bilər. Həmçinin, müşahidə olunan inhisarçılığın zəifləməsinə də müsbət təsir edə bilər ki, nəticədə kiçik və orta sahibkarlığın təşəkkül tapması üçün şərait yaranar. Lakin müsbət məqamlarla yanaşı, ÜTT-yə üzvlüyün mənfi təsirləri də olacaq. Nəzərə alınmalıdır ki, Azərbaycanın ixracının 95%-i enerji sektorunun payına düşür və qeyri-neft sektorunun ixrac imkanları məhduddur. Yerli istehsal isə daxili tələbata yönəlikdir ki, idxal mallarının maneəsiz bazarlara daxil olması əlbəttə ki, rəqabət mühitini kəskin şəkildə idxalın xeyrinə dəyişəcək. Nəticədə mövcud daxili istehsalda tənəzzül yaşana bilər. Bundan başqa, maliyyə-bank sektoru indiki xidmət və faizlərlə, təbii ki, beynəlxalq maliyyə qurumları ilə rəqabət apara bilməyəcək. Ümumiyətlə isə, hökumət bu istiqamətdə də səylərini artıraraq ölkəni ÜTT-yə üzvlüyə hazırlamalıdır. Əgər Azərbaycan qlobal iqtisadiyatın subyektinə çevrilmək istəyirsə, yaxın gələcəkdə ÜTT-yə daxil olmaq məsələsi öz həllini tapmalıdır. Əks halda inkişaf edən dünyadan geri qalmaq və ayrı düşmək, qloballaşan iqtisadi sistemə qarşı dayanmaq, gələcəkdə ölkə iqtisadiyatında ciddi fəsadlara yol açacaq. O ki qaldı hazırki danışıqlarda baş verən fasiləyə, əlbəttə ki, bu gecikməyə səbəb olacaq".
İqtisadçı-ekspert Qadir İbrahimli isə,
indiki vəziyyətdə Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləmir: "Mən
indiki vəziyyətdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına
üzvlüyünü bir o qədər də dəstəkləmirəm. Çünki, Avropa
standartları deyil bir anlayış var. ÜTT-yə üzvlük ticarətin tam
liberallaşması deməkdir. Əlbəttə, bunun həm müsbət, həm də mənfi
tərəfləri var. Məsələnin müsbət tərəfi odur ki, ticarət əlaqələri
asanlaşır, əməkdaşlıqlar möhkəmlənir. Ancaq Azərbaycan
iqtisadiyyatı bu gün müəyyən idxal mallarından asılıdır.
Xüsusən də, aqrar sektorda vəziyyət bir o qədər ürəkaçan
deyil. Azərbaycan hələ də müəyyən qida məhsullarını idxal malları
hesabına həll edir. Belə bir vəziyyətdə ÜTT-yə üzvlük və
ticarətin liberallaşdırılması ona gətirib çıxaracaq ki, Azərbaycan
daha çox idxaldan asılı vəziyyətdə qalacaq. Azərbaycanın elə
məhsulları var ki, Avropada onları almazlar. Ona görə ki, Avropa
standartlarına uyğun istehsal olunmur. Bu baxımdan, indiki halda
Azərbaycanın ÜTT-yə üzvlük məsələsinə tərəfdar deyiləm".
Ekspert Azərbaycanda daxili ticarətin gücləndirilməsinə daha vacib olduğunu qeyd etdi: "Daha yaxşı olardı ki, Azərbaycan yaxın bir neçə ildə daha çox daxili ticarətin gücləndirilməsinə önəm versin və istehlakın idxaldan asılılığını minimuma endirsin və ən əsas isə, aqrar sektorda ciddi irəliləyişlərə nail olsun. Daha sonra ÜTT-yə üzvlük barədə düşünmək olar".