Əlaqə Arxiv
news Image
2013.11.27
15:39
| A A A
İşçilərin icbari sığortalanması qaçılmaz olacaq
Xəyal Məmmədxanlı: «Əsas problem ondan ibarətdir ki, əksər hallarda ucuz işçi qüvvəsi olanların əksəriyyəti əmək müqaviləsi olmadan çalışırlar» Mustafa Abbasbəyli: «Bir çox yerlərdə işçilər əmək müqaviləsi olmadan fəaliyyət göstərirlər»

Məlumat verildiyi kimi, qanunvericiliyə edilən son dəyişikliklərə əsasən,  işçilərini icbari sığortalamayan şirkətlər və sahibkarları böyük məbləğdə cərimələr gözləyir. Bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulub. Dəyişikliklərə əsasən, işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə sığortalamayan şirkət və ya sahibkarlar üçün cərimələrin məbləği kəskin artırılacaq. Qeyd edək ki, indiyədək digər icbari sığorta növlərində olduğu kimi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmamasına görə də, cərimənin məbləği fiziki şəxslər üçün 10 manat, hüquqi şəxslər üçün 50 manat idi. İndi isə cərimənin məbləği fiziki şəxslər üçün 500 manat, vəzifəli şəxslər üçün 1500 manat, hüquqi şəxslər üçün isə 5000 manat nəzərdə tutulub. 

İndilikdə isə özəl sektorda çalışan fəhlələr, ofisiantlar,   satıcılar və digər bu qəbildən olan  işçi qüvvələri sığortadan kənarda qalırlar. Maraqlıdır, yeni dəyişikliklərlə cərimələrin artırılması bu sahədə  nə vəd edir? 

 

Sığorta üzrə ekspert Xəyal Məmmədxanlı Movqe.az-a açıqlamasında dövlət və ya özəl müəssisəsində çalışmasından asılı olmayaraq, bir qayda olaraq,  qanunun bütün işçilərə tətbiq olunmalı olduğunu deyir: "Bu qanun yalnız dövlət sektorunun işçilərinə aid deyil. Fərqi yoxdur, istər fiziki şəxs, istər dövlət müəssisəsinin işçisi olsun, istər özəl sahibkarlıq subyektlərinin işçiləri olsun, sahibkarlar öz əməkdaşlarını icbari qaydada sığortalamalıdırlar. Müvafiq müqavilənin bağlanmamasına görə, həm müəssisənin özü, həm də vəzifəli şəxs üçün qanunvericilikdə müvafiq cərimələr təyin olunub. Burda əsas problem ondan ibarətdir ki, insanlar ya sığortadan yayınırlar, ya da ümumiyyətlə siğortaya cəlb olunmurlar. Bu sığortanın öz problemi deyil". 

Ekspert əsas problem kimi  insanların əksəriyyətinin əmək müqaviləsi bağlamadan çalışmaqlarını göstərdi: "Əsas problem ondan ibarətdir ki, əksər hallarda, xüsusən də ucuz işçi qüvvəsi olan fəhlələr,  ofisiantlar, satıcılar və digərlərinin əksəriyyəti əmək müqaviləsi olmadan çalışırlar. Bir çox hallarda işlədikləri müəssisələrlə müqavilə bağlamırlar. Sahibkarlar ya onları tamamilə müqavilə bağlamadan işlədirlər, ya da ki, hər hansı bir firmanın əməkdaşı olaraq onları işə cəlb edirlər. Səhəri gün bədbəxt hadisə baş verəndə isə məsuliyyəti bir-birlərinin üzərinə atırlar. Amma ümumilikdə, əmək müqaviləsi ilə çalışan hər bir şəxs fəhlə və ya idarəçi sinfinə aid olmasından asılı olmayaraq, siğortaya cəlb olunmalıdırlar. 

Onu da qeyd etmək lazımdır ki, cərimələrin məbləği kifayət qədər yüksəkdir. Amma  əksər müəssisə və şirkətlər bir çox hallarda  bu cərimələra "azərbaycansayağı" yanaşaraq, yəni müvafiq müfəttişləri "yola salaraq"  bu cərimələrdən yayınmağa müvəffəq olurlar. Amma ümumilikdə, həm əmək müqaviləsi bağlamadan işçi işlətməyə görə, həm siğortalanmamağa görə cərimələrin məbləği kifayət qədər yüksəkdir. Bir çox hallarda sahibkarlarda əgər sığorta müqaviləsi olmadığına görə cəriməni ödədimirsə, mən artıq sığorta müqaviləsi bağlamamalıyam kimi yanlış təsəvvür yaranır. Lakin cəriməni ödəmək məsuliyyətdən azad etmir. Yəni, cəriməni ödədiyiniz halda belə o müqaviləni bağlamağa borclusunuz. Sabah o cəriməni ikinci dəfə yenə də ödəyə bilərsiniz. 

Xəyal Məmmədxanlı Əmək Müfəttişliyinin bu sahəyə ciddi nəzarətinə ehtiyac olduğunu bildirdi : "Ona görə də əmək müfəttişliyinin məsələyə ciddi diqqəti lazımdır. Bütün işçilərin əmək müqaviləsi ilə əməyə cəlb olunmasına ciddi nəzarət edilməsinə ehtiyac var və təbii ki, bütün işçilərin əmək müqaviləsi bağlandıqdan sonra artıq sahibkarlar onların sığorta olunmasına məcbur qalacaqlar". 


Sığorta üzrə ekspert Mustafa Abbasbəyli də saytımıza verdiyi açıqlamada problemin səbəbi olaraq işçilərin bəzən çalışdıqları müəssisələrlə əmək müqaviləsi bağlamadan işləmələrini göstərdi və Əmək Müfəttişliyinin apardığı yoxlamalar nəticəsində bu kimi halların aradan qalxacağını  bildirdi: "Əsas səbəb odur ki, bir çox yerlərdə işçilər əmək müqaviləsi olmadan fəaliyyət göstərirlər. Ona görə də, sığortaya cəlb olunmurlar. Buna nəzarətin yeganə yolu Əmək Müfəttişliyinin apardığı səyyar yoxlamalardır. O yoxlamalar nəticəsində bu kimi faktlar ortaya çıxır və müəssisələr məsuliyyətə cəlb edilir. Cərimələndikdən sonra həmin müəssisələrin sahibkarları işçiləri ilə müqavilə bağlayır və siğortaya da cəlb edirlər".  


Sizin Reklam Yeriniz