Əlaqə Arxiv
news Image
2013.11.29
16:43
| A A A
Kredit kartları insanları daha çox borca salır
Oqtay Haqverdiyev: «İstər kredit kartı olsun, istərsə də olmasın, hər insan pul xərcləyərkən öz büdcəsini nəzərə almalıdır» Samir Əliyev: «düzgün məlumat verməməklə müştərilərin hüquqlarını pozurlarsa, digər tərəfdən də natamam məlumat vermək siyasəti yürüdürlər»

Məlum olduğu kimi son illərdə Azərbaycanda problemli kreditlərin, banklara borclu olan insanların sayı artmaqda davam edir. Araşdırmalar göstərir ki, burada insanların banklara borcunu artıran  kredit kartlarının böyük rolu var. Belə ki, lazımi anda insanlara çox köməyi dəyən bu kartlar əslində, bir tərəfdən də insanların üst-üstə yığılan probleminin qaynağıdır. Buna səbəblərdən biri də odur ki, banklar belə kartların reklamı zamanı yalnız onun yaxşı tərəflərini əks elətdirir, mənfi cəhətləri haqda məlumat vermirlər. Belə olan halda kredit kartları insanları şirnikləndirərək daha çox pul xərcləməyə həvəsləndirir. Sonradan borcların qaytarılması vaxtı gələndə isə problemlər yaşanır. Bu səbəbdən artıq son zamanlarda kredit kartları problemə çevrilməyə başlayıb. Və bu hal bank sektorunda da yarana biləcək ciddi problemlərin xəbərçisidir.


Borcların yığılmasını tamamilə insanların psixoloji durumu ilə əlaqələndirən ekspert Oqtay Haqverdiyev saytımıza verdiyi açıqlamada hər bir insanın öz büdcəsinə nəzarət etməli olduğunu dedi: "İstər kredit kartı olsun, istərsə də olmasın, hər insan pul xərcləyərkən öz büdcəsini nəzərə almalıdır. Hər insan özü imkanlarına baxıb hərəkət etməlidir. Yəni, kartın borclara heç bir dəxli yoxdur. Bu, tamamilə psixoloji amildir. İnsan düşünür ki, kartım varsa, problemlərimi rahat həll edə bilərəm. İnsanların isə min bir problemi olur. Problemin həlli üçün kartda olan pul onlara göydəndüşmə kimi gəlir. Nəticədə problemlərini həll etsələr də, borclar yığılır. Çox borc yığılanda da qaytara bilmirlər.

Bu gün borclara görə, hətta insanlar həbsə düşür, ailələr dağılır. İnsanların psixoloji vəziyyəti elədir ki, elə bilirlər ki, kart onlara havayı pul verir. Əslində, son nəticədə borcları kartdan çıxan puldan daha da artıq olur. Bu səbəbdən, insanlar özləri öz talelərinə görə məsuliyyət daşımalıdırlar. Elə etməlidirllər ki, banklarla problem yaşamasınlar. Bank buna görə məsuliyyət daşımır. Çünki, kredit vermək bankların işidir. Sonra borcu qaytarmaq isə müştərinin. Borcunu vaxtı-vaxtında qaytara bilən çox azdır. Əhalinin çox hissəsinin bununla bağlı problemi qalır. Bu borclara bəlkə milyonlar da çatmaz. Bəzi insanlar kredit götürəndə onlarda elə təsəvvür yaranır ki, pulu ona bağışlayırlar. Bir günlük, bir həftəlik sevincə görə o qədər borcun altına girməyi gözə alırlar. Pulları qaytarmaq vaxtı gələndə, problemlər yaşanır. Bu, dediyim kimi, psixoloji faktdır və insan özü öz imkanlarına qiymət verməlidir". 


İqtisadçı-ekspert Samir Əliyev isə bu sahədə yaranan problemlərin həlli üçün  istehlakçı kreditləşməsi haqda xüsusi bir qanuna ehtiyac olduğunu dedi: "Bu atılan addımlar bankların marketinq strategiyasının bir tərkib hissəsidir. Yəni, banklar reklam vasitəsi ilə özlərinə müştəri toplayırlar. Və nəzərə almalıyıq ki, son zamanlar banklar istehlakçı kreditləşdirilməsi bazarına axın edirlər və bu sahədə güclü rəqabət yaranıb. Ona görə də, müxtəlif yollarla, məbləğin artırılması ilə, faiz dərəcəsinin azaldılması yolu ilə və s. özlərinə müştəri cəlb etmək istəyirlər. Və  təbii ki, burda da çoxlu sui-istifadə halları olur. Sui-istifadə ondan ibarətdir ki, reklam çarxlarında düzgün olmayan məlumatlar verilir. Bu gün onlar əgər bir tərəfdən düzgün məlumat verməməklə müştərilərin hüquqlarını pozurlarsa, digər tərəfdən də natamam məlumat vermək siyasəti yürüdürlər. Yəni, söhbət ondan gedir ki, onlar səhv məlumat vermirlər. Sadəcə, kampaniyanın müsbət tərəfi haqda məlumat verirlər, amma mənfi tərəfi haqda məlumat vermirlər. Bunun özü də əslində, istehlakçıların hüquqlarının pozulması deməkdir. Ona görə də, bütün dünyada istehlak krediti sosial xarakterli kredit hesab olunur. Və həssas bir mövzu olduğundan, ayrıca qanunla tənzimlənməlidir.  Bu sahədə müştərilərin hüquqlarının qorunması üçün bir qanun mövcuddur və bu istehlak kreditlər haqda qanundur. Amerikada, Böyük Britaniyada, Şərqi və  Qərbi Avropada, hətta ellin ölkələrində də belə bir qanun var. Qanunun əsas məqsədi istehlak krediti alan müştərinin hüquqlarını qorumaqdır. Burda müqavilənin şərtlərinin müəyyən edilməsindən tutmuş, reklam  məlumatlarının əhaliyə çatdırılmasına qədər məsələlər öz əksini tapır. Bu gün biz banka kredit almağa getdikdə, bank müqavilə təklif edir. Orada bankın öz hüquqları geniş şəkildə göstərilsə də, müştəri hüquqları çox məhdud çərçivədə göstərilir. Yəni, müqavilə bankın öz istəyinə uyğun şəkildə tərtib olunur. Amma halbuki, müqavilə tərtib olunanda istehlakçı hüquqları nəzərə alınmalı idi. Bu kimi hallara qarşı bizdə ayrıca istehlakçıların  hüquqlarının qorunması haqda qanun var . Amma bu qanun ümumi istehlakçılara tətbiq olunur. Ona görə də, düşünürəm ki, istehlakçı kreditləri haqda xüsusi qanun qəbul edilməli və bu sahəyə diqqət ayrılmalıdır". 


Sizin Reklam Yeriniz