Əlaqə Arxiv
news Image
2013.12.03
15:54
| A A A
Mənzillərdə sığorta cərimələri hələ də işlək deyil
Mustafa Abbasbəyli: «Sığorta haqqında qəbul olunmuş qanun təəssüf ki, yaşayış mənzillərinə zəif tətbiq olunur» Xəyal Məmmədxanlı: «Heç kim mənzil sahibinin qapısını döyüb sığortanı soruşmur»

Məlum olduğu kimi  "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 2-ci fəslində  evlərin icbari şəkildə sığortası nəzərdə tutulub. Məlumat üçün qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Qanundan da göründüyü kimi, bütün mənzillər icbari şəkildə sığortalanmalıdır. Lakin buna baxmayaraq, təəssüf ki, ölkə ərazisində mövcud qanunun tətbiqi tam olaraq həyata keçirilmir. Bu gün ev sahiblərinin az hissəsi sığortadan yararlanırlar . Qanuna əsasən, evini sığortalamayan vətəndaşlar üçün maaliyyə cərimələri də müəyyən olunsa da, bu cərimə tədbirlərindən də az istifadə olunur. Mövcud problemin səbəbləri və həlli yolları haqda sığorta üzrə ekspertlərə üz tutduq. 


Sığorta üzrə ekspert Mustafa Abbasbəyli saytımıza verdiyi açıqlamada evlərin sığortalanmasına nəzarət edən yerli İcra Hakimiyyəti orqanlarının bu işi tam olaraq həyata keçirməməsini problemin səbəbi kimi göstərdi:

"Sığorta haqqında qəbul olunmuş qanun təəssüf ki, yaşayış mənzillərinə zəif tətbiq olunur. Çünki, onun icra mexanizmi, tətbiq olunmasına nəzarət mexanizmində hələ ki bəzi problemlər var. Bu da iki hissədən ibarətdir. Belə ki, qanunun tətbiqi ilə bağlı Prezidentin sərəncamına əsasən, daşınmaz əmlakın siğortasına nəzarət iki hissəyə ayrılıb  Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin, yəni qeyri-yaşayış sahələrinin sığortaya cəlb olunmasına Fövqəladə Hallar Nazirliyi nəzarət edir. Yaşayış mənzillərinin, evlərin sığortaya cəlb olunmasını isə yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bu halda FHN nəzarətində olan sahədə nisbətən daha geniş şəkildə sığortaya cəlb olunma müşahidə edirik. Yerli icra hakimiyyəti orqanlarının nəzarətində isə, hələ ki, vəziyyət gözlənilən kimi deyil. Məsələ də ondan ibarətdir ki, əvvəllər yerli icra hakimiyyəti orqanları sığortayla bağlı məşğul olmayıblar. Bu onlara təhkim olunmuş yeni bir nəzarət sahəsidir. Bir müddət sonra bu problem düşünürəm ki, həllini tapacaq". 

Ekspert qanunla tətbiq olunan maaliyyə cərimələrinin artırılmasını təklif edir: "Hal-hazırda icbari sığortanın tətbiq olunmamasına görə cərimələr tətbiq olunur. Sadəcə olaraq, düşünürəm ki, cərimələrin məbləği kifayət qədər azdır. Bu miqdar fiziki şəxslər üçün 20 manat, hüquqi şəxslərə görə isə 200 manatdır. Amma hər bir halda bu məbləğ kifayət qədər azdır".  


Sığorta üzrə ekspert Xəyal Məmmədxanlı isə ölkədə lazımi nəzarət mexanizmlərinin mövcud olmadığını dedi:

"Əvvəllər fiziki şəxslərə mənsub evlərin sığortası icbari şəkildə deyildi. Yalnız sahibkarlıq obyektlərinə malik şəxslərin obyektlərinin sığortası icbari şəkildə həyata keçirilirdi. Amma sonradan qanuna edilən dəyişikliklərlə, icbari sığorta haqqında qanunun qəbul edilməsindən sonra hüquqi və fiziki şəxslərə mənsub olan yaşayış və qeyri-yaşayış sahələrinin sığortasının icbari şəkildə həyata keçirilməsi tələb olunur. Bilirsiniz ki, Bakıda, Sumqayıtda və digər rayonlarda müxtəlif tariflər müəyyən olunub, sığortanın tətbiqi üçün konkret məbləğlər müəyyən olunub. Lakin qanunda müvafiq nəzarət mexanizmlərinin təsbit olunmadığına görə, və ya ümumiyyətlə bu sığortanın vətəndaşlar tərəfindən aparılmasına nəzarət mexanizmi mövcud olmamasına görə, əhali bu sığortadan yayınır və ümumiyyətlə, bunu həyata keçirmək istəmir. Və təbii ki, heç kim də onların qapısını döyüb evini sığortalatdırdığını soruşmur. Sahibkarlıq obyektləri elə formadadır ki, məsələn, dövlət qurumunun əməkdaşları gələndə, təhlükəsizlik vəziyyəti ilə maraqlanan zaman eyni zamanda sığortanın da vəziyyəti ilə maraqlanırlar. Amma hər halda sığortanın olub-olmaması ilə ümumiyyətlə maraqlanırlar. Buna nəzarət edirlər. Lakin mənzillərdə bu nəzarət yoxdur və heç kim mənzil sahibinin qapısını döyüb sığortanı soruşmur. Yalnız bəzi hallarda, məsələn,  alqı-satqı vaxtı müəyyən notariat kontorlarında sığortanın olub-olmaması ilə maraqlanırlar. Və ya əmlakın etibar edilməsi, dəyişdirilməsi və s. zamanı buna nəzarət olunur. Amma gündəlik nəzarət mexanizminin olmamasına görə, əhali də bu haqda məlumatsızdır. Ona görə evlərini sığortalatdırmır və buna görə heç kimə hesabat vermirlər. Nəticə olaraq da, bu sahədə vəziyyət acınacaqlıdır". 

Ekspert problemin həlli yollarını isə belə izah etdi: "Problemin iki həll yolu var: birincisi, insanların maarifləndirməsi yoludur ki, mən bu yolun tərəfdarıyam. İnsanlar sığortadan xəbərdar olmalıdırlar. Bununla bağlı vətəndaşlar arasında müəyyən işlər aparılmalıdır. Müəyyən təbliğat, təşviqat işləri aparılmalıdır ki, əhali arasında sığortaya maraq artsın. İkinci arzuolunmayan yol isə ondan ibarətdir ki, hansısa dövlət orqanlarına müəyyən nəzarət mexanizmi ilə bunu məcburi şəkildə həyata keçirmək haqda səlahiyyət verilsin. Hansısa yollarla, məcburi qaydada da olsa, əhalidən siğorta haqlarını yığmaq lazımdır. Amma ümumiyyətlə, müəyyən məhsulların qiymətinin qalxması gündəmdə olan bir şəraitdə insanları bir sığorta növünə məcbur etmək heç də xoş təəssürat yaratmayacaq onlarda. Buna baxmayaraq, təəssüf ki, məsələnin başqa həll yolu da yoxdur".   


Sizin Reklam Yeriniz