Əlaqə Arxiv
news Image
2013.12.04
11:59
| A A A
Yeni il gəlməmiş ərzaq bahalaşmağa başlayır
Vahid Məhərrəmov: “Sahibkar gəlirini artırmağa məhz bayram ərəfəsi ərzağın qiymətini bahalaşdırmaqla nail olmağa çalışır” Nizami Qarayev: “Bayram dövründə qiyməti qaldıraraq daha çox gəlir əldə etməyə cəhd iqtisadi baxımdan səhv addımdır”

Yeni il bayramına çox da böyük vaxt qalmayıb. Bayramın yaxınlaşmasını getdikcə soyuyan havadan, yolka, şaxta baba, çil-çıraqlarla bəzədilən şəhərin insanlarda yaratdığı xoş ovqatdan artıq hiss etmək olur. Amma nədənsə hər il bayram ərəfəsi insanlarda yaranan bu xoş ovqatı ərzaq məhsullarının qiymətində baş verən bahalaşma tendensiyası korlayır. Bayram yaxınlaşdıqca qiymətlərdə artıq müəyyən bahalşma müşahidə olunur. Ekspertlərin fikrincə, benzinin qiymətində dünəndən başlayaraq 30 faizlik artımın özü də yaxın günlərdə ərzaq məhsullarının qiymətlərinə növbəti təsir gücünü göstərə bilər. Bayram ərəfəsi ənənə halını alan bu bahalaşma tendensiyası istər-istəməz alıcıların narazılığı ilə qarşılanır. Bunun nəticəsidir ki, əksər alıcılar da bazardakı qiymətlərdən razı deyil. Qeyd edək ki, alıcıların şikayətlərinə səbəb olan bahalaşma əslində noyabr ayından başlayıb. Dövlət Statistika Komitəsinin rəsmi saytında yerləşdirilən hesabata görə, noyabr ayında kənd təsərrüfatı mallarında 0,3% bahalaşma olub. Kələm, göyərti, buğda, yerkökü, xiyar, pomidor, badımcan, sarımsaq, kartof, bibər, alma, armud, fındıq və s. qiyməti bahalaşan ərzaq məhsulları arasındadır.

Maraqlıdır, görəsən, ərzağın bol olması fonunda bayram ərəfəsi məhsullarda qiymət bahalaşması nədən qaynaqlanır? Hansı səbəblər bu ərəfədə ərzağın qiymətinin qalxmasınına səbəb olur?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun fikrincə, sahibkar gəlirini artırmağa məhz bayram ərəfəsi ərzağın qiymətini bahalaşdırmaqla nail olmağa çalışır: "Azərbaycanda bazar iqtisadiyyatı mövcuddur. Ancaq bununla yanaşı, həmin sahədə bir problem də var. Bazar iqtisadiyyatı öz funksiyasını yalnız o halda normal yerinə yetirə bilir ki, burada təklif, tələb, həm də alıcılıq qabiliyyəti müəyyən parametrlərə uyğun şəkildə həyata keçirilsin. Azərbaycanda isə bazar iqtisadiyyatının verdiyi üstünlüklər bir sıra hallarda qiymət siyasətinə ciddi təsir edir. Bu isə onunla bağlıdır ki, ölkəmizdə insanlar daha çox ticarətə meyl edib. Azərbaycanda həddən artıq çox sayda ticarət məntəqələri var. Yəni satış və ticarətlə məşğul olanların sayı istehsalla məşğul olanlara nisbətən çoxdur. Bu hal hazırkı günümüzün reallığıdır. Belə olan halda ticarətlə məşğul olanların sayının çox olması alıcılıq qabiliyyətini də azaldır. Çünki satanların sayı çox, alanların sayı isə azdır. Belədə də bazarda təkliflə tələbin balansı da pozulur. Ticarətlə məşğul olan sahibkarlar çalışır ki, daha çox gəlir əldə etsin. Bu da əhalinin alıcılıq qabiliyyətinin aşağı olması səbəbindən mümkün olmur. Əslində, alıcılıq qabiliyyəti düşəndə mal və məhsulun qiyməti də enməlidir. Ancaq ölkəmizdə bu baş vermir. Çünki, bu sahədə çalışan sahibkrlar gəlir əldə etmək istəyir. Hazırkı fonda isə gəliri ancaq qiyməti qaldırmaqla əldə edə bilirlər. Adətən, alıcı məhz bayramlar ərəfəsi daha çox vəsait xərcləyir. Beləliklə görürük ki, bayram ərəfəsi ərzağın bahalaşması məhz bu amillə daha çox bağlıdır. Bu bahalaşmada idxalın azalmasının demək olar ki, heç bir rolu yoxdur. Normal bazarda təklifin artması və yaxud azalması qiymətləri ciddi təsirini göstərir. Azərbaycanda isə müəyyən miqdarda bol məhsul var. Ancaq alıcılıq qabiliyyətinin düşməsi digər ölkələrdən fərali olaraq Azərbaycanda ərzağın qiymətinin bahalaşmasına səbəb olur. Ölkəmizdə olan paradoks bundan ibarətdir".

Digər ekspert Nizami Qarayev isə söylədi ki, bayram ərəfəsi baş verən bahalaşmanın iqtisadi əsası yoxdur: "Bayram ərəfəsi kənd təsərrüfatı məhsulları qiymətinin qalxmasının iqtisadi əsası yoxdur. Sadəcə olaraq, bayramqabağı əhali müəyyən məhsulları əvvəlki dövrlə müqayisə daha çox almağa məhkumdur. Ölkəmizin əhalisinin təfəkküründə belə bir tendensiya formalaşıb. Bundan istifadə edən bazar adamları da qiyməti qaldıraraq daha çox gəlir əldə etməyə cəhd edirlər. Amma məhsulun maya dəyərinə baxsaq, onun istehsal xərclərini təhlil etsək, görərik ki, həmin bahalaşma üçün heç bir əsas yoxdur. Bu tendensiya sadəcə olaraq insanların düşüncəsindən gələn haldır. Bayram dövründə qiyməti qaldıraraq daha çox gəlir əldə etməyə cəhd əslində, iqtisadi baxımdan səhv addımdır. Çünki qiymət qalxanda insanlar almaq istədiyindən daha az məhsul almağa meyilli olur. Bu da pul qazanmaq istəyən iş adamlarının əslində maqağına uyğun deyil. Ona görə də əksər ölkələrdə, xüsusən də Avropada bayramqabağı qiymətləri aşağı salır, əvəzində daha çox məhsul satmaqla gəlir əldə edirlər. Azərbaycanda bayram qabağı qiymətlərin artması çox zaman əks effekt verir. Adamlar almaq istədiyindən az alır və yaxud almaqdan imtina etməli olur. Nəticədə məhsul satılmır və qazanmaq istəyən iş adamı öz niyyətinə çatmır".

Sizin Reklam Yeriniz