Son günlərdə ölkəmizdə gündəmdə olan əsas məsələ yanacaq məhsullarının qiymətinin artması əlaqədar olaraq bir sıra digər sahələrdə də qiymətlərin arta biləcəyi ilə bağlıdır. Ölkədə yanacaq qiymətlərinin qalxması fonunda bəzi ekspertlər bunun kənd təsərrüfatı məhsullarını ən azı 30 faiz bahalaşdıracağını bildirir. Qeyd olunur ki, bir hektar taxıl sahəsini becərmək üçün ən azı 250 litr dizel yanacağı xərclənir. Bu səbəbdən də kəndli bahalaşmadan ən azı hektarbaşına 22 manat ziyana düşəcək. Bu da buğdanı və ondan istehsal edilən çörəyi bahalaşdıra bilər. Bu narahatlığa səbəb isə odur ki, taxıl məhsullarının yetişdirilməsinə sərf olunan texnikada dizel yanacağından geniş şəkildə istifadə edilir.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN)
bitkiçilik şöbəsinin müdiri Sabir Vəliyev saytımıza məsələ ilə
bağlı açıqlama verib. Dövlətin bu işə xüsusi nəzarət etdiyini deyən
Sabir Vəliyev Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də qiymət
artımının baş verməməsi üçün bir sıra tədbirlərin görüldüyünü
bildirdi: "Dizel yanacağının qiymətinin qalxmasına görə çörəyin
qiymətinin qalxacağı gözlənilmir. Çünki, dövlət özü bunu
kompensasiya edir. Amma buna baxmayaraq, biz bir sıra təkliflər də
irəli sürürük. İrəli sürdüyümüz məsələ hökümətin ayrı-ayr qurumları
tərəfindən müzakirə ediləcək. Ola bilsin ki, subsidiyaların
qiymətini artıraq, gübrələrin qiymətlərini bir qədər yüngülləşdirək
və s. Biz ümumiyyətlə, çalışacağıq ki, istehsalçılara ziyan
dəyməsin. Bunun müqavilində taxıl məhsullarının qiymətinin
qalxmasına imkan yaranmasın. Yəni, bu sahədə heç bir narahatçılığa
əsas yoxdur".
Kənd təsərrüfatı üzrə ekspert Vahid
Məhərrəmov isə məsələyə fərqli münasibət bilidirərək çörəyin
qiymətinin 20%-dək qalxacağının gözlənilən bir proses olduğunu
bildirdi: "Çörək hazır olmazdan əvvəl uzun bir proses gedir. Belə
ki, əvvəlcə buğda yetişdirilməlidir. Buğdanı yetişdirmək üçün
buğdanın toxumunu əldə etmək lazımdır. Bunun üçün fermerlər toxum
axtarışında olurlar. Öz avtomobilləri ilə bir sıra rayonlara
gedirlər. Axtarıb-tapdıqdan sonra onun daşınması ilə məşğul
olurlar. Sonra əkin işləri gedir. Əkin işləri dizel yanacağı ilə
aparılır. Elə sahələr var ki, orda hətta iki dəfə şum aparılır. Hər
şuma da 25 litrə qədər dizel yanacağı işlədilir. Bundan sonra mala
çəkilir. Mala çəkilən zaman nisbətən az, hardasa 10-15 litr
arasında dizel yanacağı işlədilir. Sonra səpin işləri aparılır.
Səpindən sonra yemləmə işləri gedir. Daha sonra zərərvericilərə,
bitkilərdə xəstəliklərə qarşı mübarizə tədbirləri aparılır və bütün
bu işlərin hamısı texnika ilə görülür. Daha sonra kombaynla biçin
həyata keçirilir ki, bu da dizel yanacağı ilə aparılır. Sonra əldə
olunan məhsulların qurudulması üçün daşınması prossesi baş verir
ki, bu da avtomobillərlə həyata keçirilir. Yəni, burda da yanacaq
sərf olunur. Sonra məhsulun un üyüdülən dəyirmana daşınması,
dəyirmandan sonra zavoda daşınması və zavodda çörək bişiriləndən
sonra çörəyin ticarət məntəqələrinə çatdırılması da lazımdır. Bu
sadaladığım zəncirvari şəkildə aparılan proseslər hələ işin hamısı
deyil. Torpağa mineral, üzvi gübrənin verilməsi, bunların daşınması
da müəyyən xərc tələb edir. Biz hesablama aparmışıq və məlum olub
ki, buğdanın qiyməti təxmini 25-30%-ə qədər artacaq. Bu da öz
növbəsində sonrakı mərhələlərdə digər xərclərin də artacağı halda
taxıl məhsullarının, çörəyin maya dəyərinin təxminən 20%-dək
qalxacağına əsas verir.
Bəzi insanlar məsələnin dərinliyinə varmırlar və düşünürlər ki, yanacağın qiyməti sadəcə 15 qəpik qalxıbsa, bu məhsulların qiymətinin artmasına elə bir təsir göstərməyəcək. Bunu nəzərə almaq lazımdır ki, yanacağın qiymətinin qalxması ilə fermerin özünün xərci artır. Bu mənada fermer də çalışmalıdır ki, əldə etdiyi gəlir sərf etdiyini əvəzləsin. Belə olan halda, sözsüz ki, əldə etdiyi məhsulu baha satmağa məcbur olur ki, çəkdiyi xərci satdığı məhsulla əvəz edə bilsin. Bu zəncirvari bir prossesdir. Bu səbəbdən bütün sferalara da təsir göstərir. Əgər bir vətəndaşın avtomobili yoxdursa, bu o demək deyil ki, yanacağın qiymətinin artması onun büdcəsinə təsir etməyəcək. Əgər vətəndaşın avtomobili yoxdursa belə, istehlak tələbləri var. Ona görə də, düşünürəm ki, yanacağın qiymətinin qalxması təkcə kənd təsərrüfatı məhsullarına, ərzaq məhsullarının qiymətinə deyil, ümumi sferaya təsir edəcək".