Məlum olduğu kimi əvvəllər ölkəmizdə milli valyuta kursunun müəyyən olunmasında bivalyuta səbətindən istifadə olunurdu. Sonradan dollar kursuna keçilsə də, dollarla avro arasındakı nüfuz davası ilə, bu valyutaların tez-tez dəyərinin dəyişməsi ilə əlaqəli olaraq yenidən bəzi dünya ölkələri bivalyuta səbətinə qayıdıblar. Azərbaycan da qeyd olunduğu kimi əvvəl bivalyuta səbətinə əsaslansa da, sonradan Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə, ölkədə məzənnə siyasəti bivalyuta prinsipi əsasında deyil, dollar-manat məzənnəsinin ikitərəfli hədəflənməsi prinsipi əsasında quruldu. İndi bir çox ölkələr kimi, Azərbaycanın da bu sistemə qayıtması təklif olunur. İqtisadçı ekspertlər Movqe.az-a açıqlamalarında bunun müsbət bir addım olacağını bildiriblər.
Bivalyuta səbətinin milli valyutanı qorumağa
və qlobal valyuta bazarındakı dəyişikliklərdən siğortalamağa imkan
verəcəyini deyən Vüqar Bayramov bu addımın atılmasının
manatın dönərliyini də artıracağını bildirdi: "Nəinki Avropada,
eyni zamanda keçmiş SSRİ-nin əksər ölkələrində milli valyutanın
müəyyən olunmasında bivalyuta səbətindən istifadə olunur. Təbii ki,
bu, regional şəkildə ona görə vacibdir ki, bu səbət milli valyutanı
qorumağa və milli valyutanı qlobal valyuta bazarındakı
dəyişikliklərdən siğortalamağa imkan verir. Bu baxımdan,
Azərbaycanda da uyğun addımlar atılmasına ehtiyac var. Əvvəla belə
bir qərarın qəbul edilməsi manatın dollardan birbaşa asılılığının
aradan qaldırılmasına imkan verəcək və eyni zamanda manatın
məzənnəsinin müəyyənləşməsinin şaxələnməsinə şərait yaranacaq.
Nəzərə almaq lazımdır ki, avro da dünyada önəmli valyutadır, son
aylar avronun məzənnəsinin artması müşahidə olunur. Bu manatın daha
dönərli, daha siğortalanmış, xarici faktorlardan daha az asılı
olaraq müəyyənləşməsinə gətirib çıxaracaq və bu zaman manatın
məzənnəsinin real bazardakı məzənnəyə və dəyişikliklərə uyğun
olaraq müəyyənləşməsi baş verəcək. Bu səbəbdən mən də manatın
məzənnəsinin səbət şəklində birinci mərhələdə dollarla avroya
nisbətən formalaşmasının, müəyyənləşməsinin tərəfdarıyam. Bu zaman
artıq manat yalnız dollardakı deyil, avrodakı dəyişiklikləri də
özündə əks elətdirəcək. Və bu manata daha dönərli olmasına və eyni
zamanda məzənnəsinin daha real olmasına imkan yaradacaq".
Samir Əliyev isə bivalyuta səbəti ilə
manatın real kursunun müəyyən oluna biləcəyini və manatın kursunun
sabit saxlanmasına imkan yaranacağını bildirib: "Azərbaycanda
bivalyuta səbətindən istifadə olunsa da, 2-3 il bundan qabaq imtina
edildi. Bizdə milli valyuta dollar və avrodan ibarət idi. 90%
dolların, 10% isə avronun payına düşürdü. Bu o deməkdir ki, dünya
bazarında dolların kursunun dəyişməsi Azərbaycanın milli
valyutasına daha çox təsir göstərirdi. Amma bizim hökümət bundan
imtina elədi. Bu, mənim fikrimcə, onunla bağlı idi ki, həmin vaxt
həssas bir dövr idi. Çünki dünya bazarında dollarla avronun
kursunda kəskin dəyişikliklər, artmalar və azalmalar müşahidə
olunurdu. Bir neçə ildir ki, Mərkəzi Bank əsas priotetinin manatın
kursunun saxlanması olduğunu elan edir. Onlar bilirlər ki, manatın
kursunun saxlanması çox çətin olacaq. Çünki, manatın kursunun
saxlanması üçün həm dollar bazarına, həm də avro bazarına nəzarət
etmək lazımdır. Burda söhbət əlbəttə ki, həm dünyadan, həm də
Azərbaycandan gedir. Ona görə də, valyutanın müəyyənləşdirilməsində
birbaşa dollara əsaslanıldı. Bu o deməkdir ki, manatın kursu
dolların kursu hesabına müəyyən olunur. Digər valyutalar olan avro,
ingilis funt sterlinqi və ya rus rublu əsas götürülmür. Buna görə
də Mərkəzi Bank milli valyutanı dollar əsasında tənzimləməyə
başladı və bu gün də göründüyü kimi, cüzi də olsa manatın
məzənnəsinin möhkəmlənməsi müşahidə olunur. Avronun dəyəri isə
tez-tez dəyişir. Bir də görürsən ki, kəskin şəkildə artır, ya da
ucuzlaşır. Dünya iqtisadiyyatı dollar üzərində qurulubdur və
Azərbaycanda da bu hal təbiidir. Çünki neft dünyaya dollarla
satılır. Ona görə də, məncə, bizdə bivalyuta səbətinin bərpa
edilməsi müsbət addım olardı. Bununla Mərkəzi Bank manatın real
kursunu müəyyən edə bilər. Həm də ki, bu yolla Azərbaycan manatının
kursunun sabit saxlanmasını təmin etmək olar".