Əlaqə Arxiv
news Image
2012.05.29
17:59
| A A A
BP şirkəti ARDNŞ-dan üzr istəyib

BP şirkətinin menecmentinin rəyinə baxmayaraq, Azərbaycan hələlik "Nabucco" layihəsinin ilkin variantının reallaşdırılmasından imtina etməyib.

"APA-ECONOMICS"in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov "Die Presse" (Avstriya) qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ötən həftə "Nabucco"nun məqsədəuyğunluğu ilə bağlı BP-nin açıqladığı şübhələr menecerlərdən birinin şəxsi mövqeyidir: "Artıq ARDNŞ britaniyalıların mövqeyi ilə razı olmadığını onların nəzərinə çatdırıb. Öz növbəsində BP öz menecerinin sözlərinə görə üzr istəyib".

ARDNŞ-ın vitse-prezidenti deyib ki, Azərbaycan hələ də "Nabucco" kəmərinə ölkədə hasil olunan qazın Avropaya çatdırılması marşrutlarından biri kimi yanaşır: "Türkiyə ilə birgə inşa etməyi planlaşdırdığımız Transanadolu (TANAP) qaz kəməri isə hələlik yalnız konsepsiyadır".

E.Nəsirov "Nabucco" layihəsinin reallaşma şanslarını 50/50 nisbətində qiymətləndirib.

Qeyd edək ki, ötən həftə BP şirkətinin nümayəndəsi "Nabucco" layihəsini tənqid edərək bildirib ki, bu cür nəhəng qaz kəmərinin tikintisi iqtisadi baxımdan sərfəli deyil və BP bu layihəyə qazın Avropaya nəqli marşrutu kimi baxmır.

Xatırladaq ki, "Nabucco" qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan "Nabucco Gas Pipeline İnternational GmbH." konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), "Transgaz" (Rumıniya), "Bulgargaz" (Bolqarıstan), "BOTAŞ" (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2013-cü ildə başlanması planlaşdırılan "Nabucco" qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazının da daşınması nəzərdə tutulur. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 900 km olacaq.

Artıq Macarıstanın MOL şirkəti və Almaniyanın "RWE AG" şirkəti "Nabucco" konsorsiumunda iştirakının məqsədəuyğunluğunu yenidən nəzərdən keçirir.

Sizin Reklam Yeriniz