Dünyanın ən böyük banklarından sayılan Asiya İnkişaf Bankı (AİB) bəyan edib ki, kredit xətləri çərçivəsində kiçik və orta biznesin, eləcə də ticarətin maliyyələşdirilməsi üzrə əməliyyatların dəstəklənməsi üçün əməkdaşlıq edəcək Azərbaycan banklarının siyahısını genişləndirməyə hazırdır. 2013-ci ilə qədər ölkənin bank sektoruna açılmış kredit xətlərinin ümumi məbləğinin 40 milyon dollar təşkil etdiyini deyən AİB-in Bakı nümayəndəliyinin rəhbəri Olli Noroyonoya artıq bu pulların AİB-ə geri qaytarıldığını da söyləyib. Növbəti mərhələ isə ötən ilin iyul ayında "Accessbank"a kənd yerlərində kiçik və orta biznesin dəstəklənməsi üçün beş il müddətinə 50 milyon dollar həcmində kreditin ayrılması olub. Onu da qeyd edək ki, Asiya İnkişaf Bankı özəl sektorun inkişafına dəstək vermək üçün Azərbaycan banklarının fəal maliyyələşdirilməsinə 2007-ci ildə başlayıb. Bu cür böyük nüfuza malik bir bankla əməkdaşlığın genişlənməsini, irihəcmli kreditlərin alınmasının Azərbaycanda bank faizlərinin aşağı düşməsinə şərait yaradacağı haqda fikirlər ortaya çıxarıb. İqtisadçı ekpertlər də saytımıza verdikləri açıqlamada səslənən fikrin həqiqətən real ola biləcəyini söylədilər.
Kredit faizlərinin aşağı salınmasının
yollarından birinin də, Azərbaycanın beynəlxalq maaliyyə qurumları,
o cümlədən regional banklarla əməkdaşlığının genişləndirilməsi
olduğunu söyləyən Vüqar Bayramov o baxımdan Asiya İnkişaf
Bankı və digər beynəlxalq maaliyyə qurumları ilə əməkdaşlığın
genişləndirilməsinin olduqca önəmli olduğunu bildirdi: "Bu,
Azərbaycan banklarına imkan verəcək ki, daha ucuz şərtlərlə kredit
ala bilsinlər. Bu da Azərbaycanda kommersiya banklarının daha
ucuz və sərfəli kreditlər verməsi üçün şərait yaradacaq. Çünki
birmənalı şəkildə, Azərbaycan banklarının kredit faizlərini aşağı
salması üçün onlara kreditə verilən maliyyə vəsaitlərinin ucuz
olmasına ehtiyac var. Bahalı kreditlər artan faizlə kreditin
verilməsi deməkdir. Beynəlxalq banklarla əməkdaşlığın
genişləndirilməsi ona görə vacibdir ki, onlar daha yüngül şərtlərlə
kreditlər təklif edirlər. Ona görə də, düşünürəm ki, Asiya İnkişaf
Bankı ilə əməkdaşlıq nəticəsində, bank faizləri 2014-cü ildə 4%-ə
qədər aşağı düşə bilər. Çünki beynəlxalq qurumların təklif etdiyi
bank faizləri daha uyğundur. Onlarla əməkdaşlıq da Azərbaycandakı
kommersiya banklarının gələcəkdə faiz dərəcələrini aşağı salma
ehtimalını yaradır".
İqtisadçı ekspert Natiq Cəfərli isə
məsələyə belə münasibət bildirdi: "Beynəlxalq banklar Azərbaycan
bankları ilə illərdir ki, əməkdaşlıq edir və transferlərə açıqdır.
Çünki, onlarda Azərbaycan bank sistemində pulların geri
qaytarılmasında problemin olmayacağı haqqında bir əminlik var.
İllərdir bu səbəbdən, əməkdaşlıq davam edir. Hər şey açılacaq
kredit xəttinin miqdarından asılıdır. Əgər böyük məbləğdə kredit
xəttinin açılması gündəmə gələrsə, bu zaman faizlərdə müəyyən
dərəcədə aşağı çəkilmələr baş verə bilər. Amma faizlərin aşağı
çəkilməsi, aşağıda olması tək bir Asiya İnkişaf Bankının və digər
bankalardan alınan kredit faizləri ilə tənzimlənmir. Mərkəzi
Bankın özünün də müəyyən dərəcədə hərəkətə keçməsi lazımdır.
Mərkəzi Bank uçot dərəcəsini aşağı salmalıdır ki, banklar bu
bankdan kreditləri daha ucuz ala bilsinlər və bununla da daha ucuz
kredit verməyə nail olsunlar. Bu, birinci addımdır. İkinci addım
isə odur ki, bank bazarı daha çox liberallaşmalıdır. Bazara xarici
bankların birbaşa çıxışına təminat və lisenziya verilməlidir ki,
beynəlxalq banklar birbaşa Azərbaycanda fəaliyyət göstərə
bilsinlər. Bu zaman kreditlərin faiz dərəcələrinin hiss ediləcək
qədər aşağı düşməsinin şahidi olacağıq".